Gəzməyə də, ölməyə də Vətən yaxşı... - FOTOLAR

A- A A+

Muxtar respublikamız ulu öndər Heydər Əliyev siyasətinin uğurla icrası nəticəsində bütün sahələr əsrə bərabər inkişaf yolu keçib. Dahi rəhbərin uzaqgörənliklə işləyib hazırladığı siyasi konsepsiya diyarımızda elə bir sahə olmayıb ki, onun inkişafına müsbət təsir göstərməsin, çiçəklənməsinə rəvac verməsin. Müstəqilliyimizdən ötən illər ərzində əhalinin sosial-rifah halının yüksəldilməsi, yaşayış yerlərində müasir infrastrukturun yaradılması diqqətdən kənarda qalmayıb. Vətəndaşların rahatlığına hesablanmış xidmət, təhsil, səhiyyə, mədəniyyət və sair kimi sahələr günü-gündən daha da yüksəldilib, dünya standartlarına çatdırılıb. Hətta mübaliğəsiz şəkildə deyə bilərik ki, bu gün həyata keçirilən addımlar nəticəsində muxtar respublikamız həyat şəraiti və təhlükəsizlik baxımından dünyanın ən inkişaf etmiş regionları sıralamasında qabaqcıl yerlərdən birini tutur.

Muxtar respublikamızda yaradılan müasir infrastruktur və çoxşaxəli yenidənqurma işləri, eləcə də bölgənin təbii-coğrafi şəraiti, burada mövcud olan tarixi-dini abidələr diyarımızın daha bir potensialının üzə çıxmasına imkan verib. Bu, muxtar respublikanın bütün fəsillərini əhatə edən geniş və çoxşaxəli turizm potensialı ilə bağlıdır. Təbii-coğrafi zənginlik, təbiətin bu yurd yerinə bəxş etdiyi möcüzəvilik, habelə dünya miqyaslı tarixi-dini abidələr buranın dünya turizminin ecazkar dayanacaqlarından birinə çevrilməsinə imkan yaradıb. Və bu gün muxtar respublikanın bütün fəsillərini əhatə edən turizm potensialı özündə maraqlı mətləbləri ilə diqqəti cəlb edir.      

Qış turizmi...

Muxtar respublikamız artıq 2013-cü ildən etibarən qış turizminin cəlbedici dayanacaqlarından birinə çevrilib. Belə ki, qeyd edilən tarixdə Şahbuz rayonundakı Ağbulaq İstirahət Kompleksi qış turizmi üçün böyük potensiala malik muxtar diyarımızda bu turizm sahəsinin qısa müddətdə inkişafına və dünyanın qabaqcıl mərkəzlərindən birinə çevrilməsinə səbəb olub. Bu gün ümumi tutumu 76 nəfər olan 38 otaq, 3 restoran, 3 kottecin inşa olunduğu Ağbulaq İstirahət Kompleksi peyk yayımlı TV, daxili xətli telefon, minibar, kassa, vanna otağı (duş, duş kabinəsi) və sairlə təmin olunub. Bundan əlavə, mini futbol voleybol meydançası, uşaqlar üçün əyləncə parkı, market, valyuta məntəqəsi, poçt xidməti və sair qonaqlara yüksək səviyyədə istirahət imkanı yaradılıb.

Kompleksdə yerləşən Xizək mərkəzi isə buranın gözəlliyinə gözəllik qatır. Dağ xizəkçiliyi üçün yaradılan mərkəzdə uzunluğu 1590, eni isə 25-30 metr aralığında olan pist də mövcuddur. Burada həmçinin qonaqların rahatlığı üçün uzunluqları 134, 67 və 17 metr olan bandlar quraşdırılıb, 2 kafe fəaliyyət göstərir. Xizək və snoubord sürmək istəyənlər üçün yaradılan xizək məktəbi, xizək sürmək üçün bütün növ ləvazimatların mövcud olduğu mağaza mərkəzin daha da cəlbedici olmasına rəvac verir.

Beləliklə, muxtar diyarımız qış turizminin gözəl, cazibədar mərkəzlərindən birinə çevrilib. Nəticədə artıq bir neçə ildir ki, diyarımızda insanların, ölkəmizin digər bölgələrindən vətəndaşların və xarici ölkələrdən olan qonaqların axışıb gəldiyi bir məkan mövcuddur. Bu amil isə həm muxtar respublika sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə, həm də diyarımızın turizm potensialının artırılmasına imkan verir.

Yay turizmi...

Muxtar respublikamızda qış turizmi ilə yanaşı, isti yay günlərində də sakinlərin və buraya təşrif buyuran qonaqların mənalı istirahət etmələri üçün geniş imkanlar mövcuddur. Müxtəlif yay istirahət mərkəzləri ilə bərabər, çimərliklərin yaradılması, qızmar yay günlərində sərinləmək və istirahət etmək üçün üz tutulan məkanların mövcud olması – ana təbiətin tayı-bərabəri olmayan gözəl təbii coğrafi yerləri diyarımıza bəxş etməsi muxtar respublikamızı çox alternativli yay istirahət marşrutlarından birinə çevirib. Muxtar respublikamızda yay turizmi dedikdə ağla gələn ilk yer Batabat yaylağıdır. Muxtar respublika sakinlərinin, eləcə də ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən gələn qonaqların isti hava şəraitində üz tutduqları və zamanın olduqca mənalı keçdiyi Batabat yaylaq yeri, burada mövcud olan təbiətin minbir gözəlliyi insanları valeh edir. Həmçinin ərazidə yaradılmış Batabat İstirahət Mərkəzi dağlar qoynunda insanlara yeni imkanlar yaradır. İstirahət mərkəzində mövcud olan 1 restoran, uşaqlar üçün əyləncəli oyun sahələri, müxtəlif idman meydançaları, çardaqlar, kotteclər və fərdi otaqlar qonaqların və turistlərin vaxtlarını xoş və mənalı keçirmələrinə imkan verir. Burada dünya mətbəx nümunələri, o cümlədən milli mətbəximizin ləziz təamları, öz təbiiliyi ilə seçilən təndir və ocaq ləzzətləri də insanlara təqdim edilir və bütün bunlar isə onların bu yerlərdən xoş təəssüratlarla ayrılmalarına səbəb olur. Muxtar respublikamızda yay aylarında insanların mütəmadi olaraq üz tutduğu istirahət məkanlarından biri də Uzunoba gölü ətrafında yaradılan çimərlikdir. Diyarımızda insanların sağlamlığının qorunması və istirahətlərinin səmərəli keçirilməsi, eləcə də yerli turizmin inkişafı məqsədilə yaradılan çimərlik bu mənada mühüm əhəmiyyət daşıyır. Çimərlikdə yaradılan şərait, təhlükəsizlik tədbirləri və yüksək xidmət sakinlərin və muxtar respublikaya təşrif buyuran qonaqların heyranlığına səbəb olur.

Uzunoba gölünün ətrafında yaradılan çimərlik futbol meydançası istirahət məkanını daha da cazibədar hala gətirib. Ölkəmizdə çox az sayda mövcud olan çimərlik futbol meydançalarından birinin muxtar respublikada inşa edilməsi, beləliklə, diyarımızın gənclərinə daha bir idman növü ilə məşğul olmaq imkanı yaradıb. Eyni zamanda bu idman meydançasının yaradılması muxtar respublikada daha bir yarışın – çimərlik futbolu çempionatlarının keçirilməsini də mümkün hala gətirib.

Dini turizm...

Muxtar respublikanın turizm səhnəsində nadir yerlərdən birinə çevrilməsində diyarımızın dini turizm potensialının böyük rolu vardır. Bu mənada müqəddəs Əshabi-Kəhf ziyarətgahını xüsusilə qeyd etmək lazım gəlir. Bu möcüzəli və müqəddəs məkan diyarımızı dini turizmdə dünyanın azsaylı dayanacaqlarından biri halına gətirib. Tarixi eradan əvvəl III-II minilliyə söykənən Əshabi-Kəhf ziyarətgahının adı müqəddəs kitabımız “Qurani-Kərim”də də öz əksini tapıb. Minillərin sirrini, möcüzəliyini özündə ehtiva edən bu məkan hər gün yerli və əcnəbi qonaqların ziyarət etdiyi müqəddəs yerdir. İlboyu dini turizm potensialı ilə diqqət çəkən muxtar respublikamız, o cümlədən Nuh peyğəmbərin məzarüstü türbəsinə ev sahibliyi edir. Həm Əshabi-Kəhf, həm də Nuh peyğəmbərin məzarüstü türbəsinin yerləşdiyi muxtar respublikamız İslam coğrafiyasında bu mənada müqəddəs məkanlardan biri kimi qəbul edilir.

Tarixi məkanlar, qədim abidələr...

Muxtar respublikamızın turizm potensialından danışarkən tarixi məkanların, qədim abidələrin adını çəkməmək böyük qəbahət olar. Bu gün yerli və əcnəbi turistlərin ziyarət etmək, kəşf etmək üçün can atdıqları müxtəlif tarixi məkanlar – minillik qalalar, 14 il Teymurləngi həsrətdə qoyan Əlincə qalası, tarixin ən sərt hadisələrinə və iqlim şəraitlərinə sinə gərərək ayaqda qalmağı bacaran Möminə Xatın Türbəsi, Qarabağlar Türbə Kompleksi, Gülüstan Türbəsi və sair kimi tarixin ən qədim zamanlarından xəbər verən nümunələr diyarımızın turizm potensialının nə qədər böyük və çoxşaxəli olduğunu təsdiq edir.

Bundan başqa, muxtar respublikamız digər gözəllikləri, gülərüz insanları, qonaqpərvərliyi ilə diqqət çəkir, habelə müasir binalar, səliqə-sahman, uşaqlar və böyüklər üçün yaradılan istirahət məkanları diyarımızın gəzilib-görülməyə dəyər məkana, eləcə də turizm sahəsində mühüm dayanacaqlardan birinə çevrilməsinə rəvac verir. Bu gün muxtar respublikamızın malik olduğu bu böyük imkanlar isə dildən bu sözlərin süzülməsinə səbəb olur: “Gəzməyə də, ölməyə də Vətən yaxşı”...

Anar Qasımov

“Yeni həyat” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: