Hər bir ölkə, şəhər, rayon, kənd ilə ilk təəssürat yollardan başlayır. Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi sərhəd rayonumuz olan Sədərəkdə də yolların təmiri və abadlığına böyük önəm verilir. Rayon ərazisindən keçən asfalt yollara göstərilən xidmətlə yanaşı, kənddaxili yolların da təmir olunması hər zaman diqqətdə saxlanılır. Kəndlərin ara yollarının düzəldilməsi isə həm avtomobillərin, həm də sakinlərin hərəkətlərində rahatlıq yaradır. Rayonun istər mərkəzi olan Heydərabad qəsəbəsində, istərsə də Sədərək və Qaraağac kəndlərində yollar yenidən qurulub və bu abadlıq, qurucluq işləri davamlı olaraq həyata keçirilir. Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin Sədərək Rayon Yol Təmir-İstismar İdarəsinin təşkilatçılığı ilə abadlaşdırma işləri həyata keçirilir. Yanvar-fevral ayları ərzində rayonun magistral, mərkəzi və gömrük-keçid məntəqəsinə gedən yollarında qumlama işləri aparılıb. Heydərabad qəsəbəsi və Sədərək kəndində yol keçidlərində, Sədərək və Qaraağac kənd ərazilərindəki daxili yollarda çınqıllama işləri aparılıb. Çınqıllanan yollar hamarlanıb. Yollarda, ümumilikdə, 126 kubmetr çınqıllama işləri görülüb.
“Oğuz yurdu” qəzeti