Uşaqlar xalqımızın, dövlətimizin, hər bir ailənin ən qiymətli sərvətidir. Onları həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bugünün uşaqlarına əmanət ediriksə, hər birinin düzgün tərbiyə olunması da bizi ciddi düşündürməlidir. Elə məhz buna görə də uşaqlara qayğı ən yüksək səviyyədədir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əverişli mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Dahi rəhbərin uşaqlara verdiyi dəyər onun hər çıxışında öz əksini tapırdı. Ümummilli liderimiz deyirdi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.
1993-cü ildə ulu öndərin hakimiyyətə qayıdışından sonra da uşaqların sağlamlığı, təhsili, onların xoşbəxt gələcəyi üçün mühüm önəm daşıyan tədbirlər həyata keçirildi. “Uşaq hüquqları haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edildi. Bununla yanaşı, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmuş, “Uşaq hüquqları haqqında” Bəyannaməni qəbul etmişdir.
İftixarla deyə bilərik ki, dövlət uşaq siyasəti bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Cəmiyyətimizin ayrılmaz hissəsi olan uşaqların mövqeyi, onların hüquqlarının qorunması ölkəmiz üçün prioritet məsələlərdəndir. Bu gün dövlət uşaq siyasətinin başlıca prinsiplərindən biri uşaqların yüksək səviyyədə təhsil alması, sağlamlıqlarının qorunması üçün müasir standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, layiqli vətəndaş kimi böyümələridir.
Muxtar respublikamızda da uşaqlara böyük qayğı ilə yanaşılır, onların təhsili, istedadlarının üzə çıxarılması, asudə vaxtlarının düzgün təşkili diqqətdə saxlanılır. Blokada şəraitində yaşayan və buna baxmayaraq sürətlə inkişaf edən muxtar diyarımızın ümumtəhsil məktəblərinin göstəriciləri ölkə miqyasında seçilməkdə, ali məktəblərə qəbulun səviyyəsi də ilbəil yüksəlməkdədir. Belə ki, ötən tədris ilində qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 2381-i ali və orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Ali məktəblərə qəbul olanlardan 1108-i ixtisas seçimi zamanı muxtar respublikanın ali təhsil müəssisələrinə üstünlük vermişdir. Qəbul imtahanlarının nəticələrinə əsasən 275 nəfər 500-dən yuxarı bal toplamış, onlardan 4-ü Prezident təqaüdünə layiq görülmüşdür.
Muxtar respublikamızda uşaqların fiziki cəhətdən sağlam böyüməsi istiqamətində də məqsədyönlü addımlar atılır. Belə ki, üzgüçülük və şahmat mərkəzlərinin, uşaq-gənclər şahmat, uşaq-gənclər idman məktəblərinin, stadionların, futbol meydançalarının, eləcə də ümumtəhsil məktəblərində idman zallarının tikilib istifadəyə verilməsi uşaqların sağlamlığına xidmət edir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 9 iyul tarixli Sərəncamı ilə 2020-ci ildə muxtar respublikada xüsusi istedadı olan 2 məktəblinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılması və onların Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülməsi uşaqlara göstərilən yüksək qayğının nəticələridir. Bütün bunlarla yanaşı, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsilinin, reabilitasiyasının səmərəli təşkili sahəsində xeyli iş görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası daim nəzarətdə saxlanılır, müvafiq uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilir. Belə ki, 2020-2021-ci tədris ilində ümumtəhsil müəssisələrinin birinci siniflərinə 58, distant tədrisin birinci sinfinə 12, Gözdən Əlil Uşaqlar üçün xüsusi ibtidai məktəbin birinci sinfinə 3, məktəbdənkənar müəssisələrin dərnəklərinə 119, şahmat məktəblərinə 60, idman məktəblərinə 162, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə 7 və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin deketoloji bölmələrinə 102 sağlamlıq imkanları məhdud uşaq cəlb edilmişdir.
“Yalnız hərtərəfli təhsil alan, peşə öyrənən, özünü ölkəsinin gələcəyinə hazırlayan gənclər dövlətçiliyimizin və müstəqilliyimizin dayağı ola bilərlər”,-deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri təhsilin inkişafı ilə bağlı sərəncamlar imzalayıb və bu sərəncamların icrasında məhdud fiziki imkanlıların təhsilə cəlbi də mühüm əhəmiyyət kəsb edir. Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin yaradılması xüsusi önəm daşıyır. Mərkəz sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə dair həyata keçirilən tədbirlər də diqqətçəkəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilib, dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilib. Uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması və uşaq hüquqlarının pozulması hallarının qarşısının alınması məqsədilə bir sıra təhsil ocaqlarında və müəssisəsində monitorinqlər aparılıb. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar da hər zaman diqqət mərkəzində saxlanılır, onlara qayğı ilə yanaşılır. Bayram günlərində və tədbirlərdə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanı məhdud, şəhid və aztəminatlı ailələrdən olan uşaqlara hədiyyə və sovqatlar verilir, xüsusi kateqoriyadan olan uşaqlar isə məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunurlar.
Uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nda dəyişiklik edilməsi bu sahədə həyata keçirilən qayğının növbəti davamıdır. “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 26 dekabr tarixli 214 nömrəli Qərarı ilə əlavə və dəyişikliklər edilib, muxtar respublikanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bankın istifadəçiləri sırasına daxil edilib. Bankın administratoru təyin edilmiş Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqlar haqqında daxil edilən fərdi məlumatlara mütəmadi olaraq nəzarət olunur və onlar üzərində təhlillər aparılır. Biz də fürsətdən istifadə edərək bir neçə uşağın valideyini ilə həmsöhbət olduq, onlar gələcəyimiz olan uşaqlarına göstərilən qayğıdan ağızdolusu danışdılar:
Səbinə Abbasova-valideyn: Uşaqların inkişafı, onların cəmiyyətin layiqli üzvü kimi yetişməsi istiqamətində göstərilən diqqət və qayğı gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə xidmət edir. Bu baxımdan muxtar respublikada uşaqların təhsili və tərbiyəsinin təşkili, eləcə də məktəbəqədər tərbiyə müəssisələri üçün zəruri şəraitin yaradılması diqqət mərkəzində saxlanılır. Bu gün biz valideyinlər uşaqlarımızı tərbiyə müəssisələrinə əminliklə həvalə edə biliriksə, nə xoş bizlərə. Uşaq bağçalarının hər birində yaradılan hərtərəfli şəraitə görə muxtar respublika rəhbərinə minnətdarıq.
Pəri Xudaverdiyeva-valideyn: Uşaqlarımızın təhsilli olması, sağlam böyümələri, sağlamlıq imkanları məhdud uşaqların distant təhsilə cəlb olunması, onların məktəbli geyimləri ilə təmin edilməsi, uşaq hüquqlarının qorunması muxtar respublikada cəmiyyətin inteqrasiyasına təkan verib. Bu gün sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və tibbi reabilitasiyası istiqamətində həyata keçirilən tədbirlər hər birimizi sevindirir. Belə ki, bu qəbildən olan uşaqların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə müavinətlər ödənilir, müvafiq kateqoriyadan olan uşaqlar texniki reabilitasiya və digər köməkçi vasitələrlə təmin edilir, onlara protez-ortopedik xidmətlər göstərilir, velo-araba və köməkçi reabilitasiya vasitələri verilir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nda dəyişikliyin olması hər bir valideyn kimi məni də sevindirir. Çünki uşaqlara qayğı gələcəyimizə qayğı deməkdir.
Bir sözlə, uşaqlarmız belə cəmiyyətdə böyüdüyü üçün çox xoşbəxtdir. Görülən işlərin hər biri onların vətənpərvər böyümələrinə xidmət edir ki, bu da özünü 44 gün davam edən Vətən müharibəsində aydın şəkildə göstərdi. Əgər gənclərimiz cəbhədə döyüşürdülərsə, hər yaşdan olan uşaqlar balaca ürəkləri ilə onlarla həmrəy olduqlarını nümayiş etdirirdilər. Əsgərlərə yazılan məktublar uşaqların nə qədər vətənpərvər və dünyagörüşlü olduqlarını bir daha göstərdi. Bütün bunlar isə dövlətimizin onlara göstərdiyi qayğıdan soraq verir.
Nuray Əsgərova