Dünyanın siyasi xəritəsində çox kiçik, lakin geosiyasi mövqe baxımından böyük əhəmiyyət kəsb edən Naxçıvan diyarı Türk dünyasını bir-birinə bağlayan bir koridor və əlaqələri təmin edən körpü vəzifəsini icra edir. Dahi Atatürkün ifadəsilə, Naxçıvan “Türkün qapısı”dır. Bu qapının açıq olması demək Türk dünyasının beynəlxalq siyasətdə güc qazanması, Türk dünyasını formalaşdıran dövlətlərin güclü olması mənasına gəlir. Məhz bu baxımdan XX əsrin əvvəllərində “Türk qapısı”nı aradan qaldırmağa çalışan böyük güclər ki, ermənilər bu dövlətlərin geosiyasi maraqlarının icrasına çevrilsələr də, öz növbəsində dünyanın bu böyük güclərindən gələcəkdə qurulması planlaşdırılan “Ermənistan dövləti” üçün öhdəliklər tələb etdilər. Müxtəlif dövrlərdə ermənilərdən faydalanaraq qarşılıqlı əməkdaşlıq çərçivəsində formalaşan böyük güclərin siyasətləri Qafqazdakı Azərbaycan türkləri, o cümlədən, naxçıvanlılar üçün fəlakət mənbəyi olaraq ortaya çıxıb və minlərlə azərbaycanlının ermənilər tərəfindən soyqırımına məruz qalmasına səbəb olubdur. Hətta bu dövlətlər Naxçıvanı ermənilərə peşkəş etmək istəyirdilər. Lakin xalqın əzmli müqaviməti, görkəmli siyasi xadimlərin müdrik siyasəti, o cümlədən, Türkiyənin ədalətli mövqeyi sayəsində Naxçıvanın ermənilərə verilməsinin qarşısı alındı. Bu kimi məsələlərin mahiyyətinin araşdırılması və təhlil edilməsi son dərəcə elmi, siyasi əhəmiyyət kəsb edir. Qars müqaviləsinə əsasən, Naxçıvanın “Türk qapısı” kimliyini qoruyub saxlaması, onun ərazi taleyinin müəyyənləşdirilməsi və muxtariyyət statusu əldə etməsi tarixi həqiqətdir. Lakin bunu da xüsusilə qeyd etmək lazımdır ki, Qars müqaviləsinə gedən yol 1921-ci ilin əvvəlində Naxçıvanda keçirilən referendumdan başlanır. Həmin referendum Azərbaycan İnqilab Komitəsinin 1 dekabr və Ermənistan İnqilab Komitəsinin 26-28 dekabr 1920-ci il tarixli bəyannamələrinə əsasən Naxçıvanın Sovet Ermənistanına verilməsi məsələsi qarşısında Azərbaycanın görkəmli dövlət xadimi, mahir diplomat Behbud ağa Şahtaxtinskinin apardığı qətiyyətli fəaliyyət nəticəsində baş tutdu və məhz həmin referendumda Naxçıvan əhalisinin yekdil rəyi əsasında bu diyar Ermənistanın tabeliyinə verilməkdən xilas edildi, həmişəlik olaraq Azərbaycanın tərkibində qalmaq hüququ qazandı. Bu referendum özünün hərbi-siyasi əhəmiyyətinə görə Qars müqaviləsinin müddəalarına bərabər əhəmiyyətə malik siyasi hadisədir. Əgər Naxçıvanın ərazi taleyinə dair 1921-ci ilin yanvar referendumu keçirilməsəydi, bəlkə də Moskva və Qars müqavilələrinə ehtiyac qalmayacaqdı. Bu, Azərbaycan diplomatiyası tarixində Behbud ağa Şahtaxtinskinin adı ilə bağlı olan, mərkəzi hökumətlə razılaşdırılmamış nadir və uğurlu diplomatik gedişdir. Şübhəsiz ki, 1 dekabr və 26-28 dekabr 1920-ci il tarixli bəyannamələrin arxasında sırf mərkəz dayandı. Buradakı əsas məqamlara diqqət çəkək. Əvvəla, Ermənistan Sovet Sosialist Respublikasının ilkin addımı kimi 29 noyabr 1920-ci ildə İnqilab Komitəsi quruldu. Sovet Rusiyası tezliklə Ermənistanın sovetləşməsini istəyirdi. Hakimiyyət isə Daşnak hökumətinin əlində idi və uzun illərdi ki, müharibə yolu ilə Naxçıvan diyarını əldə edə bilmirdi. Lakin Ermənistan sovetləşən kimi, bəyannamələr qəbul edildi və Rusiya bununla ermənilərə göstərmək istəyirdi ki, daşnakların illərdən bəri güc yolu ilə ala bilmədiyi Naxçıvanı sadəcə bir sözlə Sovet Ermənistanına verəcək. Beləliklə, müharibə yolu ilə alına bilməyən ərazilər qələmlə hədiyyə edilərək Daşnak hökuməti gözdən düşürüləcək, əhalinin Sovet idarəsinə alışması və onun nüfuzu təmin ediləcək, ermənilərin torpaq iddiaları təmin olunacaq və digər “milli hədəf”lərin də reallaşması üçün Sovet Rusiyasına ümid gözü ilə baxılacaqdı. Göründüyü kimi, Rusiya bu yolla öz gələcək perspektivlərini müəyyənləşdirirdi. Lakin mövcud mürəkkəb şəraitdə mərkəzin bu planını pozan da məhz Behbud ağa Şahtaxtinski oldu. Bu addım Behbud ağa Şahtaxtinskinin eyni zamanda əsl milli siyasətçi və diplomat olmasının bariz nümunəsidir. Behbud ağa Şahtaxtinski Rusiya Xalq Komissarlar Sovetinin sədri V.İ.Leninə göndərdiyi məktubda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı çatdırdı, həmin mahalların milli tərkibi və coğrafiyasına dair geniş arayışlar və Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər verdi, nəticədə bu təkliflər bəyənilərək RK(b)P MK Siyasi Bürosunda müzakirə olundu və Azərbaycan SSR tərkibində Naxçıvan SSR-nin təşkil edilməsi haqqında qərar qəbul edildi. Naxçıvan məsələsi Türkiyə və Rusiya arasında keçirilən görüşlərdə də qızğın müzakirə predmeti oldu. Naxçıvanın Ermənistana qarşı strateji üstünlük təşkil etməsi, əhalisinin tamamilə türk olması Naxçıvanın Türkiyə baxımından əhəmiyyətini artıran əsas səbəblərdən idi. Türk heyəti 2 dekabr 1920-ci il tarixli Gümrü anlaşmasının qüvvədə olduğunu müdafiə edərkən, rus nümayəndələri bu anlaşmanı, dolayısı ilə Türkiyənin Naxçıvan üzərində himayə haqqı olduğunu qəbul etmirdilər. 9 mart tarixli görüşlərdə Naxçıvanın muxtar statusa sahib olması və başqa bir dövlətə verilməməsi şərti ilə himayəsinin Azərbaycana verilməsi qərarlaşdırıldı, digər məsələləri də özündə ehtiva edən Moskva müqaviləsi 16 mart 1921-ci ildə imzalandı. Beləliklə, regionun Azərbaycan türklərinin əlində qalması təmin edildi və Naxçıvan əhalisi bir daha soyqırımına uğrayacağı halda türk ordusunun buna biganə qalmayacağı rəsmi olaraq sənədləşdirildi. Naxçıvanın Azərbaycanın himayəsi altında olan muxtar ərazi statusu RSFSR ilə Türkiyə arasında imzalanmış 16 maddə və 2 əlavədən ibarət Moskva müqaviləsində təsbit edildi. Bu müqavilə eyni zamanda Rusiya ilə Türkiyə arasında mövcud olan problemləri də həll etdi. Rusiya və Türkiyə sıx ittifaqda birləşdi, müttəfiqə çevrildilər. Naxçıvanın statusunun bu müqavilədə əks olunması o dövrdə böyük siyasi əhəmiyyət kəsb edən bir fakt kimi dəyərləndirilməlidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də qeyd etdiyi kimi: “Əgər Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının, yəni Zəngəzur mahalının vaxtilə Ermənistana verilməsi olmasaydı, bəlkə də heç Naxçıvanın muxtariyyəti də lazım deyildi. Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”. Moskva müqaviləsinin maddə və şərtlərini daha da konkretləşdirmək və müəyyən mənada tamamlamaq, bununla həm də onu reallaşdırmaq, yəni Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasındakı həll olunmamış məsələləri, xüsusilə də ərazi problemlərini nizama salmaq məqsədilə yeni konfrans çağırmaq lazım gəldi. Moskva müqaviləsi ilə şərq sərhədlərini müəyyənləşdirən Türkiyə Qarsda da Cənubi Qafqaz Respublikalarının hər biri ilə ayrı-ayrılıqda müqavilələr imzalamaq istəsə də, Behbud ağa Şahtaxtinskinin “vahid müqavilə bağlanmasının Cənubi Qafqaz respublikaları və Türkiyə üçün qarşılıqlı surətdə faydalı olduğu, inqilabi zərurətin bunu tələb etdiyi” təklifindən sonra 13 oktyabr 1921- ci il tarixdə ümumi müqavilə imzalandı. 20 maddə və 3 əlavədən ibarət olan Qars müqaviləsinin bir sıra müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə uyğun idi. Ümumilikdə isə bu sənəddə qeyri-bərabər hüquqi, zorla qəbul etdirilən müqavilələr, əsas olaraq Sevr müqaviləsi rədd edilirdi. 18 gün davam edən, çox gərgin və prinsipial şəraitdə keçən Qars konfransında müqavilənin 5-ci maddəsi və 3-cü əlavəsinə əsasən, Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi statusu təsbit edildi. Bu status məsələsində razılığa gələn tərəflər – Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri müəyyən olundu. Müqaviləyə görə Naxçıvan ərazisinin Türkiyə ilə sərhədi Arazdəyən stansiyasına qədər 11 kilometr uzunluğunda müəyyən edildi, İranla sərhədi isə 176 kilometr uzunluğunda, yəni 1828-ci il Türkmənçay anlaşmasında müəyyən olunduğu kimi dəyişilmədən saxlanıldı. Qars müqaviləsində muxtariyyətin əsası qoyuldu, Naxçıvan ərazisində Naxçıvan SSR yaradıldı, lakin 16 iyun 1923-cü ildə siyasi və inzibati statusunda dəyişiklik edilən Naxçıvan SSR Naxçıvan diyarına çevrildi. 1924-cü il fevralın 9-da bölgənin inzibati və siyasi statusu bərpa edilərək Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırıldı. Qars müqaviləsinin ən mühüm tarixi əhəmiyyəti ondan ibarətdir ki, Ermənistan bu müqavilə ilə tarixboyu həsrətində olduğu Naxçıvanı qeyd-şərtsiz Azərbaycan torpağı kimi qəbul etdi. Beləliklə, illərdən bəri Naxçıvanı ələ keçirmək üçün hər tərəfi qan gölünə çevirən və “Naxçıvansız, Şərursuz Ermənistan mövcud ola bilməz” ideyasından çıxış edən erməni ekspansionizminin önünə sədd çəkildi. Naxçıvan Sovet İttifaqının dağılmasından sonra bu dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində varlığını mühafizə etdi. Ümummilli lider Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə 1992-ci ilin mart ayında Türkiyəyə səfəri zamanı Qars müqaviləsini yenidən gündəmə gətirdi, 1921- ci ildə Rusiya ilə bağlanmış və heç kim tərəfindən ləğv edilməyən Moskva və Qars müqavilələrinə əsasən “Türkiyə Naxçıvanın ərazi bütövlüyünün təminatçısıdır” fikri bir daha vurğulandı. İkinci dəfə ölkəmizə rəhbərlik etdiyi dövrdə də Naxçıvanın muxtariyyət statusu daim dahi şəxsiyyətin diqqət mərkəzində oldu. Hazırda bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün bir çox Avropa siyasətçiləri Naxçıvanın muxtariyyətini nadir beynəlxalq model, hüquqi, siyasi və tarixi baxımdan bir fenomen kimi qiymətləndirirlər. Bu təbiidir. Çünki Naxçıvanın muxtariyyəti daxili qanunvericiliklə yanaşı, həm də beynəlxalq müqavilələrlə müəyyən olunub. Bu amil dünyadakı çox az muxtar qurumların statusunda öz əksini tapıb. Digər qurumlardan fərqli olaraq Naxçıvan Muxtar Respublikasının siyasi səlahiyyətlərə malik muxtar dövlət statusunda fəaliyyət göstərməsi, bu statusun dəyişdirilməsi (geri çağırılması) prosedurunun mövcud olmaması və muxtariyyətin həm milli, həm də beynəlxalq müqavilələrlə müəyyənləşdirilməsinin konstitusion səviyyədə əksini tapması Naxçıvan muxtariyyətini fərqləndirən əsas amillərdəndir. Naxçıvan muxtariyyətinin xüsusiyyətləri Avropanın müxtəlif dövlətlərarası təşkilatları tərəfindən də yüksək qiymətləndirilərək belə bir modelin çox faydalı olduğu vurğulanıb. Heç təsadüfi deyil ki, Naxçıvanın muxtariyyət modeli 2013-cü il oktyabrın 30-da Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasının sənədlərində xüsusi olaraq qeyd edilib.
Məlum olduğu kimi, 2021-ci ildə Naxçıvanın muxtariyyət statusuna təminat verən beynəlxalq Qars müqaviləsinin imzalanmasının 100 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun fevralın 8-də imzaladığı Sərəncama əsasən, bu il Naxçıvanda Qars müqaviləsinin 100 illiyi qeyd olunacaq. Sərəncamda deyilir: “2021-ci ildə mühüm tarixi-siyasi əhəmiyyətə malik Qars müqaviləsinin imzalanmasının 100 illiyi tamam olur. 1921-ci il oktyabrın 13-də Azərbaycan, Ermənistan və Gürcüstan Sovet Sosialist respublikaları ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir”. Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunması dövlətçilik tariximizdə mühüm mərhələdir. Bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılması isə bütün dövrlər üçün aktual və vacibdir. Bu mənada “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı mühüm tarixi əhəmiyyət daşıyan dövlət sənədidir.
Bir sözlə, Naxçıvanın muxtar respublika statusu onun tarixi taleyində, ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olub. Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini verib. Ötən il 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi tarixi Qələbə və bu qələbənin nəticəsi Naxçıvan Muxtar Respublikasının önəmini bir daha ortaya çıxardı. Azərbaycanın öz tarixi ərazisi olan Naxçıvanla quru yolunun açılması ilə bağlı əldə edilmiş razılaşma bu diyarın yaxın gələcəkdə dünyanın aparıcı logistika mərkəzlərindən birinə çevriləcəyindən xəbər verir. Naxçıvan dəhlizinin açılması faktiki olaraq Azərbaycanla həm Türkiyə, həm Rusiya, həm də İran arasında iqtisadi əlaqələrin inkişafına ciddi stimul verəcək. Azərbaycan iqtisadiyyatının dayanıqlılığı nöqteyi-nəzərindən Naxçıvanla dəhlizin açılması milli iqtisadiyyatımızda investisiyaların xüsusi çəkisinin artımına səbəb olacaqdır. Bir sözlə, nəqliyyat kommunikasiya əlaqələrinin möhkəmləndirilməsi, tranzit bölgəyə çevrilməsi, bölgənin beynəlxalq siyasətdə və iqtisadiyyatda güc qazanması baxımından Naxçıvan dəhlizinin açılması böyük nailiyyətdir.
Emin Şıxəliyev
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
tarix üzrə fəlsəfə doktoru, dosent