Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi 2021-ci ilin yanvar ayında da diqqətdə saxlanılıb.
Torpaqların elektron kadastr uçotunun aparılması ilə əlaqədar olaraq Culfa rayonunun Culfa bələdiyyəsi və Ordubad rayonunun Ordubad bələdiyyəsi üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülüb, aşkar olunan uyğunsuzluqlar aradan qaldırılıb, adı çəkilən bələdiyyələr üzrə həyətyanı torpaq sahələrin miqrasiyası başa çatdırılıb.
Ümumilikdə, ötən ay 409 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 314 texniki sənəd hazırlanıb, yeni yaranmış 16 daşınmaz əmlak obyektinə ünvan verilib, 64 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeyd olunub. Eyni zamanda səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində 50 vətəndaşın müraciətinə baxılıb. 11 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına götürülüb.