Ürəyi vətən eşqi ilə döyünən qəhrəman - Söz tələbə jurnalistlərindir - FOTOLAR
Ağlı, zəkası, nitqi, təfəkkürü ilə dünyanın əşrəfi sayılan insan əməlləri, göstərdiyi qəhrəmanlığı ilə ilahi bir mərtəbəyə, müqəddəs olan zirvəyə ucalaraq ölümsüz olmağı da bacarır. Ölümsüzlük zirvəsini fəth edən qəhrəmanlar isə xəyallarından, gəncliyindən, arzularından, sevdiklərindən keçərək Vətən üçün canını verən ŞƏHİDLƏRDİR.
Əsgərli Tural Ələmdar oğlu da vətənin azadlığı, millətin səadəti, 30 illik torpaq, yurd həsrətimizin vüsala qovuşması üçün göstərdiyi igidliyi ilə şəhadətə yüksələn və ölümsüzlük qazanan Naxçıvan igidlərindən biridir. İki bacının tək qardaşı olan Tural 1993 -cü ilin aprel ayının 20-də Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qıvraq qəsəbəsində dünyaya gəlib. 1999-cu ildə Qıvraq qəsəbəsinin tam orta məktəbində I sinfə gedib. Məktəbdə oxuduğu müddətdə çalışqanlığı, məsuliyyəti, tərbiyəsi ilə müəllimlərinin dərin sevgisini qazanan, ailədə də həmişə sözəbaxan övlad olan Tural həm də yüksək fikirləri, nümunəvi davranışı, gözəl əməlləri ilə öz yaşıdlarından fərqlənib. Hələ uşaq ikən ürəyində düşmənə bəslədiyi nifrətdən doğan qisas almaq arzusu Turalı xəyalını gerçək etməyə yönəldir. O, 2007-ci ildə doğmalarından heç kimə xəbər vermədən Naxçıvanda H.Əliyev adına Hərbi Liseyə sənədlərini təqdim edir və girdiyi imtahandan müvəffəqiyyət qazanaraq liseyə qəbul olur. 2010-cu ildə Liseyi uğurla bitirən Tural elə həmin il Bakıda Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. Burada təhsil aldığı müddətdə mərdliyi, vətənpərvərliyi ilə müəllimlərinin və tələbə yoldaşlarının hörmətini qazanır. 2014-cü ildə Ali Hərbi Məktəbi bitirən Tural ixtisasını təkmilləşdirmək üçün Təlim Tədris mərkəzində zabit kursunu da uğurla başa vurur və 2015-ci ildən leytenant kimi ordu sıralarında xidmət etməyə başlayır. İlk xidmətinə Qazax rayonunda yerləşən N saylı hərbi hissənin ön cəbhəsində tağım komandiri olaraq başlayan Tural hər dəfə səngərdən düşmən postunu müşahidə etdikcə nifrəti kükrəyən selə dönür, daha da çoxalırdı. 2016 -cı ilin aprel döyüşləri başlayanda isə illərdir ürəyindəki qisas yanğısını söndürmək üçün döyüşə yollanır. Çünki o istəyirdi ki, itirilmiş torpaqlarımız tezliklə geri qaytarılsın. Beləliklə, Aprel döyüşlərində düşmənə qan udduraraq igidlik göstərən Tural baş leytenant rütbəsinə layiq görülür.
Sanki dünyaya hərbçi olaraq gəlmişdi Tural. Peşəsi ilə o qədər bütünləşmişdi ki, yorulmaq bilmədən daim vətən üçün çalışırdı. Söhbətcil bir insan deyildi, lakin nə zaman işindən söz düşsə, böyük həvəslə saatlarla bu haqda danışardı. İşinə qarşı çox məsuliyyətli idi. Xidməti dövründə döyüş hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə 4 dəfə fəxri fərmana layiq görülmüşdü. 2018 -ci ildə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə bölük komandiri kimi xidmətini ön cəbhədə, səngərdə aparmışdı.
Yaxşı hərbçi olmaqla yanaşı, həm də nümunəvi ailə başçısı, qayğıkeş ata idi Tural Əsgərli. O, çox sevdiyi Vüsalə xanımla ailə həyatı qurmuşdu. Vətəninə ön cəbhədə xidmət etdiyi üçün Sevgi və Sunay adlı qızlarını bəzən həftələrlə, aylarla görə bilmirdi. Lakin imkan tapıb evə gəldiyində övladlarının nazını çəkər, onları özü geyindirər, hətta yeməklərini öz əlləri ilə yedizdirərdi. Əsgərlərini də öz övladı kimi çox sevərdi Tural. Evdən qayıtdığı günlər mütləq əsgərləri üçün xanımının bişirdiyi ev yeməklərindən aparardı.
Baş leytenant Tural Əsgərli 2020-cı il 27 sentyabrda başlayan Vətən müharibəsində Murovdağ və Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak etdi. Müharibənin ilk günlərində 3 əsgəri ilə düşmənin 2 postunu ələ keçirdi. Oktyabrın 1-də isə sanki şəhid olacağını duyurmuş kimi ailəsində olan hər kəsə zəng edərək vidalaşdı. Anası Nüşabə xala ilə danışanda “ana, döyüş gedir, bilmək olmaz nə olacaq, əgər şəhid olsam, ağlama, bil ki, oğlun canından çox sevdiyi vətəni, bayrağı, milləti üçün canını fəda edib”- dedi. Elə həmin gün də 27 yaşlı Tural şəhadət kimi ali məqama qovuşdu və oktyabrın 3-ü Bakıda II Fəxri xiyabanda dəfn olundu. Müzəffər ordunun müzəffər Ali Baş Komandanı cənab Prezident İlham Əliyev tərəfindən baş leytenant Əsgərli Tural Ələmdar oğluna (ölümündən sonra) "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları verildi.
Vətənə layiqli əsgər olan Tural Əsgərli, şəhid qardaşım, sən çox az insana nəsib ola biləcək şərəfli bir ömür yaşadın. Tapdalanan qürurumuzu bizə qaytararkən, sən ən böyük qürurumuz oldun. Bu gün məğrur-məğrur dalğalanan bayrağımızda sənin kimi oğulların duruşu, Qarabağdakı minarələrimizdə ucalan azan səsində isə nəfəsiniz duyulur. Siz vətənin əbədi oğlu oldunuz! Bu vətən sizə əbədiyyən oğul dedi!
İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universiteti
“Jurnalistika” ixtisası üzrə II kurs tələbəsi