Muxtar respublikada “Nizami xəmsəsi” layihəsinə start verilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gənclər Fondu tərəfindən başladılan “Nizami xəmsəsi” layihəsi fevralın 20-dək davam edəcək.
Bu barədə Gənclər Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev danışıb. İcraçı direktor bildirib ki, bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb. Nizami Gəncəvi yaradıcılığına və Azərbaycan ədəbiyyatına dövlət səviyyəsində verilən ən yüksək qiymət kimi dəyərləndirilən Sərəncamın işığında Nizami yaradıcılığı yenidən tədqiqatlara cəlb olunacaq, Nizami dühası bir daha Azərbaycan və dünya oxucusunun diqqətinə çatdırılacaq.
Diqqətə çatdırılıb ki, layihə çərçivəsində gənclərin Ədəbiyyat Muzeyinə ekskursiyası, “Nizaminin söz dünyası, poetik dili və ədəbi irsi” mövzusunda açıq dərs, şairin “Sirlər Xəzinəsi” poemasının müzakirəsi, Nizami Gəncəvinin həyat və yaradıcılığına dair “Xəmsə” Milli İntellektual Oyunu, “Nizami poeziyası” adlı bədii qiraət müsabiqəsi, “Xəmsə möcüzəsi” adlı rəsm müsabiqəsi, “Nizami dünyasının işığında” adlı ədəbi-bədii gecənin keçirilməsi nəzərdə tutulur. Sonda “Nizami xəmsəsi” layihəsinin mükafatlandırma mərasimi də keçiriləcək.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, professor Əsgər Qədimov dahi şairin Azərbaycan və dünya ədəbiyyatına verdiyi samballı töhfələrdən, özünəməxsus ədəbi düşüncə və poetik ifadələri ilə əsrlərə sığmayan yaradıcılığından bəhs ediblər. Tələbə Fatma Bağırova dahi mütəfəkkirin qəzəlini bədii qiraət edib.
“Nizami xəmsəsi” layihəsi çərçivəsində Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində Eldar Quliyevin “Nizami” bədii filmi də nümayiş olunub.
Röyal Kərimov