Şəhid kapitan Şamil Babayev: “Şəhid olsam, qəlbimin üstündə daşıdığım bayrağı məzarımda başımın altına qoyarsınız” - VİDEO

A- A A+

Torpağı vətən edən, sevdirən onun uğrunda canını sipər edib, ölümün gözünə dik baxan qəhrəmanlardır. O qəhrəmanlar ki, şəhadəti ilə tarix yazır, özü isə dönüb Vətən olur. Belə Vətən oğullarından biri də Culfa rayonunun Camaldın kəndindən olan Şamil Babayevdir.

Babayev Şamil Baloğlan oğlu 1988-ci ildə ilk təhsilini Camaldın kənd tam orta məktəbində aldıqdan sonra, 2005-ci ildə hərbi xidmətə başlayır. Xidməti müddətində Şamil Babayevin Vətənə, torpağa olan sevgisi daha da artır və Vətən oğlu yolunu hərb sahəsindən salmağı düşünür. 2010-cu ildə isə Şamil Babayevin vətənə xidmət illəri başlayır. Onun ilk xidmət yeri Daxili Qoşunların Xüsusi Təyinatlı dəstəsi olur. Şamil Babayev yaxşı bilirdi ki, peşəkar zabit olmaq üçün ixtisaslı, savadlı kadr olaraq təhsil almaq lazımdır. Hərbi sirləri dərindən öyrənmək və zabit olmaq üçün 2012-ci ildə Daxili Qoşunların Ali Hərbi məktəbinə qəbul olur. 2014-cü ildə bu məktəbi bitirdikdən sonra xüsusi təyinatlı dəstənin “Atəş Təminat qrupunun” komandiri vəzifəsinə təyin edilir. Bununla da o zabit kimi Vətəninə şərəflə, ləyaqətlə xidmət etməyə başlayır. Zabit Şamil Babayev 2018-ci ildən başlayaraq xüsusi təlimlərə cəlb edilir. Türkiyədə təhsil alan gənc zabit artıq hərb sahəsinə dərindən bələd olur. 2020-ci ildə Şamil Babayev kapitan hərbi rütbəsi alır. Zabit Türkiyədə və Azərbaycanda müxtəlif fəxri fərmanlarla və “Qüsursuz Xidmətə görə” medalı ilə təltif edilir.

Qəhrəman zabit Füzuli, Hadrut və Şuşa istiqamətində olan döyüşlərdə xüsusi şücaət göstərir. Füzuli istiqamətində döyüşərkən atəş təminat qrupu və onun komandiri Şamil Babayev puskuya düşürlər. Zabitin döyüş yoldaşları qeyd edir ki, puskudan çıxmaq çox çətindir. Nəzərə alsaq ki, bütün ətraf düşmənlə əhatələnib, o halda sənin sağ qalma ehtimalın daha da azalır. Lakin peşəkar komandir heyəti ilə birlikdə döyüşərək düşməni məhv edib, puskunu dağıdıb. Komandir və onun heyəti 5 gün keçilməz yolları qət edərək, gizli meşə yolları ilə Şuşaya çatır və noyabrın 5-i Şuşa uğrunda döyüşlər başlayır. Azərbaycan ordusunun müxtəlif qruplara bölünərək şəhərə fərqli istiqamətlərdən hücum edirlər. Kapitan Babayev öz heyəti ilə Şuşaya daxil olur. Noyabrın 7-də döyüş zamanı minamyotdan açılan atəş nəticəsində kapitan Babayev bir neçə yerdən yaralanır. Yoldaşları onu döyüşdən çıxarmaq istəsələr də, komandir heyətini tək qoymaq istəmir. Beləliklə o, yaralı halda döyüşə davam edir. Lakin düşmənin açdığı minamyot atəşi nəticəsində Şamil Babayev şəhidlik zirvəsinə ucalır. Noyabr ayının 13-də zabit, sevdalısı olduğu Naxçıvana son dəfə qayıdır. Bu dəfə onu və onun kimi qəhrəmanları bütün Naxçıvan qarşılayır. Şəhidlik zirvəsinə yüksələn Şamil Babayev doğulub boya-başa çatdığı Camaldın kəndində dəfn edilir. Ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilir. Şamil Babayevin döyüş yoldaşlarından istədiyi bir arzusu var idi: “Şəhid olsam, qəlbimin üstündə daşıdığım bayrağı məzarımda başımın altına qoyarsınız”. Şəhidimizin bu arzusu yerinə yetirilir. Onun sevdalısı olduğu, uğrunda can verdiyi, üstündə daşıdığı bayrağı məzarında da onun yanındadır. Şəhidlərimizin qanı, canı bahasına dalğalanan üçrəngli bayrağımız bu gün Qarabağa, bütün Azərbaycana işıq saçır. Ruhun şad olsun, vətən oğlu! Sevdalı olduğun torpaq da, Vətən də bütövdür artıq.

Məsumə Şirəliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: