Muxtar respublikada torpaqların münbitliyinin artırılması diqqətdə saxlanılır - FOTOLAR
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu barədə Xidmətin Şahbuz rayonunda Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri ilə birgə təşkil edilmiş seminar-müşavirədə danışılıb. Torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə keçirilən seminar - müşavirədə qeyd olunub ki, torpaqların münbitliyinin azalmasının qarşısını almaq üçün ilk növbədə suvarma düzgün təşkil olunmalı, taxıl əkinində şırım üsulu ilə əkinə diqqət yetirilməli, aqro texniki tədbirlərin düzgün aparılması, üzvi və mineral gübrələrin vaxtında və normada verilməsinə xüsusi diqqət yetirilməli, növbəli əkin sistemi tətbiq olunmalıdır.
Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasının vacib şərtlərindən biri də torpağın əsas xassəsi olan münbitliyin təmin edilməsi olduğunu vurğulayan təşkilatçılar qeyd edib ki, muxtar respublika ərazisində müəyyən səbəblərdən əkin dövriyyəsindən kənarda qalmış torpaq sahələri müəyyən edilib, xəritələşdirilib və təhlil materialları hazırlanıb. Qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi gələcəkdə muxtar respublika ərazisində mövcud torpaq ehtiyatlarından səmərəli istifadə edilməsinə, uzun müddət əkin dövriyyəsindən kənarda qalmış minlərlə hektar torpağın münbitləşdirilməsinə və yenidən əkin dövriyyəsinə qatılmasına səbəb olacaqdır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri 2020-ci il 27 noyabr tarixində “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” haqqında Sərəncam imzalayıb.