Muxtar respublikada taxıl əkini sahələrinin 95 faizə yaxını şırım üsulla əkilir

A- A A+

Dünyada pandemiya hökm sürsə də, muxtar respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı, əhalinin ərzaqla təminatı yaxşılaşdırılır, daxili bazar qorunur. Emal sənayesinin genişləndirilməsi sayəsində ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı artır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri  Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Texniki Şurasının iclasında çıxış edən  nazir, Elmi Texniki Şuranın sədri Bəhruz Bayramov bildirib. Şura üzvləri ilə yanaşı aid mütəxəssislər və hamiliyə verilən tələbələrin də iştirak etdiyi tədbirdə nazir qeyd edib ki, kənd təsərrüfatı muxtar respublikamızın iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. Ərzaq təhlükəsizliyinin təmin olunmasında və aqrar sənaye müəssisələrinin xammalla təchizatında bu sahənin rolu böyükdür.

Kənd təsərrüfatına yararlı torpaqlardan düzgün istifadə edilməsi, mütərəqqi metodların tətbiqi, ailə təsərrüfatçılarına göstərilən dövlət dəstəyi mühüm əhəmiyyət kəsb edir. Taxılçılıqda şırım üsulunun tətbiqinin vacibliyini önə çəkən nazir ilk dəfə olaraq bu tədbirin Araz Elm İstehsalat Birliyində tətbiq olunduğunu deyib. Bildirib ki, hazırda muxtar respublikada taxıl əkini sahələrinin 95 faizə yaxını məhz bu üsulla əkilir və yaxşı da səmərə götürülür.

Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin elmi katibi Rəşid Novruzov pomidor və xiyar bitkilərinin istixana şəraitində yetişdirilmə  texnologiyasından, Nazirliyin Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin baş laborantı Yeganə Quliyeva keyfiyyətli toxum istehsalı və onların məhsuldarlığa təsirindən, Toxumçuluq və bitkilərin mühafizəsi idarəsinin şöbə müdiri Kərəm Rəhimov isə bitkilərin xəstəlik və ziyanvericilərinə qarşı intensiv mübarizə üsullarından danışıblar.

Nazir Bəhruz Bayramov iclasın sonunda aidiyyəti idarə və təşkilatların mütəxəssislərinə tapşırıqlarını verib, hamiliyə verilən tələbələrlə aparılan istehsalat təcrübələrinin təsirliliyinin əhəmiyyətini önə çəkib.

Məhəmməd Fərəcov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: