Naxçıvanın təbii resurslarından biri-Ağbulaq

A- A A+

Resurslara doğru gedildikcə o, sərvətə, xəzinəyə çevrilir

Qədimliyi və təbii gözəllikləri ilə hər zaman qürur duyduğumuz  Naxçıvanımız  bir-birindən səfalı, bənzərsiz, hər fəslinin  öz füsnü ilə bu yerlərə gələnlərdə, bu gözəllikləri görənlərdə unudulmaz təəssüratlar yaradır. İnsanın təsəvvürünə belə gətirmədiyi təbii, zəngin gözəlliklərlə əhatə olunan, onu yalnız  görəndən sonra doğrudan da İlahinin bir möcüzəsi olduğunu təsdiqlədiyimiz bölgələrimizdən biri də Ağbulaqdır. Enişində saf, şaqraq ağ bulaqları ilə yuxarılara doğru qalxdıqca ağ buludları birləşən, dağları kəndə arxa, torpağı insanlarına dayaq olan  bu qədim yurd  yeri  həqiqətən bir İlahi bəxşişidir.  Şəfalı buz suları, təmiz havası, bol nemətli  dağı-daşı, min bir dərdə dərman gül-çiçəkli düzləri ilə Ağbulaq bir təbiət ensiklopediyasıdır desək, yanılmarıq...

Pioner düşərgəsindən xatirələr...

Ağbulaq Xizək Mərkəzinin istifadəyə verilərkən  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Ağbulaq kəndi Sovetlər Birliyi dövründə  də havasına və təbiətinə görə mütəxəssislərin diqqətini cəlb etmiş, burada məktəblilərin yay düşərgələri təşkil olunmuşdu. Muxtar respublikanın müxtəlif məktəblərindən olan şagirdlər yay tətilini burada keçirib, kəndin təbiəti ilə tanış olurdular”  fikirləri ilə bir anlıq xəyalən 1980-90-cı illərin Ağbulağına-pioner düşərgəsinə  qayıtdım. Qardaşımla yay tətilini bir neçə dəfə həmin pioner düşərgəsində keçirmişdik. Yadımdadır, Naxçıvan şəhərindən digər rayonlardan da olan  məktəbliləri gətirən avtobus rayon mərkəzindən keçəndə biz də onlara qoşulub Ağbulağa yollanırdıq. Kəndə çatanda bütün müəllim və məktəblilər yorulub əldən düşmüş olurdu. Çünki yollar çox bərbad idi. Naxçıvandan Ağbulağa qədər bəlkə də saat yarımlıq yol idi. Kəndin dolanbac yollarını avtobus “iməkləyə-iməkləyə” qalxırdı.   Düşərgənin əsas binası kənd məktəbində yerləşirdi. Məktəb də ki, nə məktəb. Köhnə, təmirsiz... O zamanlar ayaqlı dəmir çarpayılar var idi. Bir də görürdük ki, çarpayının bir tərəfi qalxıb, digər tərəfi enib. Baxırdıq ki, çarpayının ayağı döşəmədəki çürük hissədən içəri keçib. Yeməkxana məktəb balaca bufetinin kiçik zalında yerləşirdi. O zamanlar su, kanalizasiya şəraiti olmadığına görə burada mətbəx tamamilə primitiv şəkildə qurulmuşdu. Kəndə gəzintiyə çıxırdıq. Günotaya tozun-torpağın içərisində düşərgəmizə qayıdırdıq. Dəfələrlə daşlı-çınqıllı yollarda elə yıxılırdıq ki, həkim və tibb bacısı dizlərimizdən daşları qan axa-axa təmizləyirdilər. Uşaq idik, əyləncə axtarırdıq, qaçırdıq, atılıb-düşürdük, oynayırdıq, kim idi şəraitsizliyi fikirləşən. Lakin bu günün prizmasından baxanda çox mətləblərin fərqində olur insan... Evə qayıdanda məhəllədə uşaqlarla birlikdə xatirələrimizi bölüşürdük. Məhəllədən Ukraynanın o zamanlar üçün çox məşhur olan “Artek” pioner düşərgəsinə gedən uşaqlar olurdu. Onlar xatirələrindən, gəzib-gördükləri yerlərdən söhbət açanda  biz danışmağa utanırdıq.  Bu dəfə kiçik olsaq da, fərqi çox yaxşı analiz edə bilirdik, çünki gördüklərimizlə yoldaşlarımızın nağıl etdikləri arasındakı fərq müqayisə edilməyəcək dərəcədə  idi. Biz də çox arzulayırdıq “Artek”ə getməyi. Lakin qismət... Hər yay arzularımız xəyal olub gerçəkdən çox uzaqlarda bizimlə baş-başa qalanda yenə də Ağbulağa üz tutur,  olanımıza qane olmağa çalışırdıq.

“Artek”dən Ağbulağa... Xəyaldan gerçəyə...

7 il əvvəl işimlə bağlı Ağbulağa  tez-tez getməli olurdum. Bu o zaman idi ki, blokada Naxçıvanının hər bir ucqar kəndi kimi, Ağbulaq da öz miskin donunu təzələyirdi. Burada Sovetlər Birliyindən qalma köhnə, yararsız məktəb binası yenisi ilə əvəz olunurdu. O məktəb ki, bizim düşərgə vaxtından 20-30 il də keçirdi və bu bina daha da  yararsız vəziyyətə düşmüşdü. Kənd və xidmət mərkəzləri tikilirdi ki, bu, insanlar tərəfindən  möcüzə kimi qarşılanırdı. Çünki o vaxt kənd mərkəzləri yeni bir infrastruktur kimi Naxçıvanda qurulurdu. Burada xidmət təşkilatlarının birgə fəaliyyət göstərəcəkləri insanlara nağıl kimi maraqlı gəlirdi. Onlar illərlə kəndin bərbad yolları ilə rayon mıərkəzinə həkimə, evlərinə ərzaq  almağa, hansısa bir sənəd ardınca gedərkən bir gün bütün bunların dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən kəndlərinə-düz evlərinə qədər gələcəyini xəyal belə etmirdilər.  O bərbad yollar kəndin coğrafi  mövqeyi çətin olduğu üçün  qarış-qarış yeniləşdirilirdi. Nədənsə bu kəndə hər dəfə getdiyimdə həmin o pioner düşərgəmiz gözlərim önündə canlanır, məhəllə uşaqlarının “Artek” təəssüratları qulaqlarımda təzələnirdi. Bu kənd sanki o zaman həmin sözləri dinləyən uşaqların və mənim xəyal yerimiz idi. Lakin mənim o uşaqlardan bir fərqim bu idi ki, burada aparılan quruculuq işlərini, muxtar respublika rəhbərinin dəfələrlə kəndə gəlməsini, burada qurulanların planı, tikilişi ilə maraqlanmasını, inşaatçılara yeni fikirlər, göstərişlər verməsini anbaan izləmək qismətimdə vardı. Beləliklə kənd  gözlərim önündə yeniləşdikcə  illər öncənin Ağbulağı xatirələrə çevrilir, Naxçıvanın dünəni ilə bu günü fonunda bir bölgənin müqayisəsini yaradırdı.  Bu  həm də o zaman idi ki, illərlə əl dəyməyən təbii resursumuza doğru artıq addım atılmışdı. Burada istirahət mərkəzinin tikintisi mənim xəyalımda da, gözlərimdə də “Artek”i Ağbulağa gətirirdi. Uşaqlıq düşüncələrimizə möcüzələr diyarı kimi köklənmiş “Artek”i...

Ağbulaq dünən və bu gün

Ağbulaq  Şahbuzun xüsusi gözəlliyə malik bölgəsidir.  Dağların köksünə bərqərar olan bu ərazi ətrafdakı kəndləri öz ovcuna almaq qüdrətindən yaradılıb. Ağbulaqdan Aşağı Qışlaq kəndinə baxarkən  bu kənd sanki Ağbulağın “ovcunun” içində dururmuş kimi təsir bağışlayır adama. Kolanıdan Ağbulağa baxanda isə özünü dağların zirvəsinə sığdıran bir məkanı seyr edirsən. Təbiətin misilsiz gözəlliklərindən yetərincə pay alan Ağbulaq  saymaqla bitməyən əsrarəngizliyə malikdir. Biçənək aşırımını keçib kəndə üz tutarkən maşın  dolanbac yollarla sanki yerin yeddi qatından zirvələrə doğru yolçuluğa çıxır. Adama elə gəlir ki, torpaqla səmanın “əllərinin” bir-birinə  dəydiyi anda kəndə çatmış olursan. Bax belə bir gözəlliklər məkanıdır Ağbulaq. Bu gözəlliyi fonunda dünəninin  miskinliyi heç Ağbulağa yaraşan deyildi. Təbii gözəlliklərlə insan əllərinin yaratdıqları harmoniya təşkil etmirsə, təbiət öz gözəlliyini göstərməkdə aciz qalır. Mən bu fikrə kəndlərimizinin dünəni ilə bu gününü müqayisə edərək gəlmişəm. Elə bütün bunlara görə də  2013-cü ildə burada kompleks quruculuq işlərindən sonra obyektlərin açılış mərasimində iştirak edənlərdən biri kimi böyük qürur hissi keçirirdim. Yəni bu kənd o kənd idimi? Bu yollar o yollar idimi? O məktəb, o mağaza dünənkilərlə müqayisə edilə bilərdimi? Hələ üstəlik, buradakı istirahət mərkəzi xəyal ediləcək bir obyekt idimi? İnsanlar da həmin insanlar deyildilər. Onların üzləri gülürdü. Miskin kəndlərinin simasındakı yeniliklərdən yaranan  sevinc hissi sakinlərin üzlərində günəş şəfəqləri kimi bərq vururdu. Çünki onlar çox yaxşı anlayıdılar ki,  pis günlər arxada qaldı. Yağış yağarkən övladları sinifdə oturduqları yerdəcə islanmayacaqlar, ərzaq dalınca kilometrlərlə məsafə qət etməyəcəklər,  müayinə olunmaq üçün yol xərci verməyəcəklər, hansısa bir arayış üçün rayon mərkəzinə enməyəcəklər. Üstəlik kəndin zəhmət adamları onu da yaxşı bilirdilər ki, yeni istirahət mərkəzi onların  təsərrüfatlarında istehsal etdiklərini realizə etmək üçün əlverişli vasitə olacaq və onlar Naxçıvan şəhərindəki bazarlara üz tutmaqla yox, qapılarının ağzındaca gəlir əldə edə biləcəklər.

Ağbulaq istirahət mərkəzində bir gün

Bu istirahət mərkəzi heç də qapılarını tək turistlərə, qonaqlara açmadı. Buranın ilk sakinləri  Ali Məclis Sədrinin tapşırığı ilə təhsildə və fəaliyyətində fərqlənən naxçıvanlı şagirdlər, gənclər, tələbələr oldular. Bu, indi də bir  ənənə olaraq davam etdirilir. Elə  istirahət mərkəzində bir gün ərzində müşahidə etdiklərim qarşısında o qədər munis hisslər yaşamışdım ki... 2015-ci il idi. Ağbulaq istirahət mərkəzi məktəblilərə bir həftəlik yenə də qapılarını açmışdı. Övladım da onlar arasında idi. Onu görmək üçün mərkəzə  getmişdim. Yayın  cırhacır istisindən xəbərsiz olan kəndin qoynunda yerləşən mərkəz yeniyetmə və gənclərin səs-küyü ilə maraqlı istirahətə və əyləncəyə çağırış edirdi sanki. Burada əyləşdiyim yerdən vaxtilə pioner düşərgəsinin yerləşdiyi, indi isə ondan əsla iz belə  qalmayan yer açıqca görünürdü. Bəli, izi qalmasa da, hər dəfə o tərəfə baxdığımda elə bil o məktəbi, o həyəti görürdüm. Gördükcə də müqayisə edir, yenə də məhəllə uşaqlarının “Artek” təəssüratlarını xatırlayırdım. Buradakı gördüklərim  məhəllə uşaqlarının “Artek”də görüb sadaladıqlarından  qat-qat artıq idi. Biz “Artek”ə gedən, orada istirahət  edən gənclərdən olmasaq da,  Ağbulaq istirahət mərkəzi ilə “Artek”i bizə bəxş etmişdi dövlətimiz.  Məni ən çox qürurlandıran isə  o uşaqlıqla bu uşaqlığın, o gəncliklə bu gəncliyin müqayisəsi fonunda övladlarımızın bizim məhrum olduqlarımızı evlərinin içindəcə əldə etmələri olmuşdu. Buna nə qədər qürurlanmışdımsa, bu istirahət mərkəzini yaradanlara o qədər minnətdarlıq hissi  duymuşdum.

Ağbulaq-Naxçıvanın dörd fəsil turizm ilki

Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmləndirilməsi üçün, Azərbaycanın imici,  dünyaya inteqrasiyası üçün çox mühüm vasitədir”,- deyən ölkə Prezidenti cənab İlham Əliyevin  vacib və lazımi tövsiyələrinə blokada Naxçıvanında turizmlə bağlı görülən işlər böyük töhfədir. Bəli, Naxçıvan Ağbulaq turizmi ilə dünyaya inteqrasiya edəcəkdir. Bu artıq xəyal yox, gerçəklikdir.  

İki gün öncə Ağbulaq Xizək Mərkəzinin istifadəyə verilməsi ilə xəyalən “Artek”ə getməyim bu yazını yazmağıma vəsilə oldu. Yenə o xatirələr, yenə  o müqayisələr... Lakin bu dəfə müqayisələr xatirələri üstələdi. O mənada ki, artıq Ağbulaq ikinci bir turizm növünə-dağ-xizək turizminə qucaq açırdı.  Əgər yay turizmini sevənlər Ağbulağın gözəlliyini  kəşf edib evlərinə qayıdırdılarsa, xizək mərkəzi yay turizmi üçün buranı seçənlərin qış istirahəti üçün məhz buraya  qayıtmaları deməkdir. Beləliklə Naxçıvanda ilk mövsümsüz turizm məkanı yaranır. Maraqlıdır, dörd fəsilin  turizm məkanı  olan Ağbulaq sən demə vaxtilə toxunmadıqca yatan, yazda, baharda da qış yuxusundan doymayan bir  resurs olaraq qalırdı. Necə ki, müstəqilliyimiz ilə yaşıd olan Naxçıvan blokadasının ilk acınacaqlı illərində  qaranlıq, ərzaq və əkinəyayalı torpaq qıtlığı  təbii resurslarımıza doğru gedildikcə insanların yollarını işıqlandırdı, enerji və ərzaq təhlükəsizliyinə,  əkinəyararlı  torpaqlara sahibləndirdi, Ağbulaqdakı təbii resurslara illər öncədən gedilincə də bu gün dünyanın ən məşhur turizm bölgələri ilə bir sırada dayanan turistik məkan yaradıldı. Bu məkan bir sərvət,  xəzinədir. Ölkəmizdə zamanla  mənfəət gətirəcək bir xəzinə. Ali Məclis Sədrinin  mərkəzin açılış mərasimində vurğuladığı kimi: ”İki il ərzində qurulan dağ-xizək mərkəzi bu gün muxtar respublikanın sərvətinə çevrilib. Bir sözlə, Ağbulaq Kənd Turizm-İstirahət Mərkəzinin yaradılması tək bir kəndin, muxtar respublikanın deyil, ölkəmizin inkişafına xidmət edəcəkdir”.

Mətanət Məmmədova

Əməkdar jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: