Bu dünyada hər kəsin öz cığırı, öz yolu olur. Enişli, yoxuşlu döngələrdən, dolanbaclardan ötən, bəzən daşlı-kəsəkli, bəzən də hamar səthlərdən keçən ömür yolu, tale yolu... Bu yolun dəyəri, qiyməti silinməz izlərlə, ömrə vurulan naxışlarla ölçülür. Taleyini əqidə saflığı, məfkurə paklığı yolunda yürüdən insanların tale kitabları rəngarəng naxışlarla bəzənir. İllah da haqq nurunda yolçuluq edənlər ulu sözün ovsununa sehirlənib uca sözə tanrı kimi tapınırlar. Ömrü boyu sözlə nəfəs alıb sözlə qızınanlar.
Məncə, belə bir ömür yaşamaq hər kəsə nəsib olmayan tanrı bəxşişi, tanrı qismətidir. Haqqında danışdığım, özü ilə tanışlıqdan öncə sözünü, imzasını tanıdığım, söz adlı sənətin əsl yolçusu da belə xoşbəxt insanlardandır.
Bəlkə bu da tale işi, ilahi qisməti idi ki, əvvəllər yaradıcılığını həm mətbuat, həm də radio dalğalarından həvəslə izlədiyim, dilinin sadəliyi, üslubunun səlistliyi, təbii və axıcılığı, həmçinin süjetqurma məharətinə heyran olduğum Azərbaycanın Əməkdar jurnalisti Aydın Tarverdiyevlə bir kollektivdə həmkar olub işləyəsi oldum.
Aydın müəllim qələmin ovxarını iti saxlamağı bacaran, hissi-duyğunu saflıqla ehtiva edən, pafosdan uzaq dolğun və sərrast qələm sahibidir desəm, yanılmaram.
Əlbəttə, sadaladığım meyarlar onun peşəkarlığı, jurnalist sənətinin sirlərinə, texnikasına dərindən bələd olması ilə yanaşı mənəvi zənginliyindən, insani keyfiyyətlərindən irəli gəlir.
İllərin çöhrəsinə saldığı əyri-üyrü şırımlar onu bir az da dəyişib, kövrəkləşdirib. Gəncliyini hardasa işlədiyi otaqda, yazdığı yazılarda axtarır sanki. Birdən yadına düşür ki, gənclikdən qocalığa gedən yolun tən ortasındadır. Gözləri yaşarır, yazmaqdan barmağında düyün bağlamış qələmin yerini ovuşdurur. Səsi titrəyir, ağacdan indicə qopacaq payız yarpağı kimi... Göylərə nəzər salır. Birdən qeyri-ixtiyari xəyal burulğanında çabalayır, geri dönməyəcək gəncliyinin, itirdiyi dostlarının, sirdaşlarının xiffətini çəkir. Sonra aram-aram sözə başlayır. Ömrünün 20 ilini Naxçıvan Dövlət Radiosuna, 26 ilini “Şərq Qapısı” qəzetinin inkişafına həsr edən 72 yaşlı qoca jurnalistimiz... “Uzun illər qəzetdə işləyən, imzası ilə tanınan bir adamın birdən-birə radioda işləməsi çox çətin idi. O vaxt rəhmətlik şair, Əməkdar incəsənət xadimi, gözəl insan Elman Həbib məni radioya dəvət etdi. Doğrusu çətinliklərim az olmadı. Radio dili tam başqadır. Qəzet dili isə bir başqa. Bir müddət radioya alışa bilmirdim. Sanki qələmim kəsərdən düşmüşdü. O vaxt dadıma radioda işləyən Əməkdar jurnalist Məlahət Allahverdiyeva çatdı. Dedi ki, “Aydın, sən qəzet dilindən çıxa bilmirsən, bir az səy göstər.” Mənə köməkliyini də əsirgəmədi. Rəhmətlik Tofiq Rüstəmov var idi. Bildirdi ki, reportaj hazırlayım. Həm də məndə yaxşı alınır. Beləcə, təcrübəli jurnalistlərin dəstəyi ilə işə alışdım. “Yurd yerləri”, “Gerçəklik”, “Kənd həyatı” adlı verilişlər hazırladım. Çalışdım ki, verilişlər bir-birini təkrarlamasın. “Yurd yerləri” verilişində tarixi mənbələrə, arxiv materiallarına istinad edirdim. Burada adət-ənənələrimizi, ulu babalarımızın müdrik kəlamlarını, yaşayış şəraitini radio dili ilə dinləyicilərə çatdırırdım. Qərbi Azərbaycandan- tarixi ata-baba yurdlarından deportasiya edilmiş insanları studiyaya dəvət edir, başlarına gətirilən müsibətlər ilə dinləyiciləri xəbərdar edirdim. Təsəllim o olurdu ki, zəfəri qazanmağımızın ilkini birliyimiz, orduya inam hissimiz tutur. İnşallah, onların köməkliyi ilə torpaqlarımız geri alınar, yurdunuza dönərsiniz deyirdim. Belə verilişləri ürək ağrısı ilə hazırlayırdım. Jurnalistika mənim həyatım olub. Doğma qəzetimiz “Şərq qapısı”nı da unutmamışam. Radioda efirə verdiyim materialı qəzet variantında oxuculara çatdırmışam.
Mən bu gün qürur hissi keçirirəm ki, davamçılarım sənətin incəliklərini dərindən öyrənir, maraqlı, yaddaqalan verilişlərlə günün nəbzini tuturlar. Təqaüdə çıxanda rahat çıxdım. Çünki gələcəyin jurnalistlərinin yetişməsində mənim də payım olub. Zənnimdə yanılmamışam da. Bağban əkdiyi bağla öyündüyü kimi, mən də yetirmələrimlə öyünürəm. Onlara bir məsləhətim var- çətinlikdən qorxmasınlar. Qələm işləyə-işləyə, söz deyilə-deyilə cilalanır. Qələmlərini itiləsinlər. Amma dilimizin incəliyini, zənginliyini qorumağı unutmasınlar. Bu gün gənclər- yaradıcı insanlar üçün bütün sahələrdə gözəl iş şəraiti yaradılıb. Naxçıvan Muxtar Respublika Ali Məclis Sədrinin diqqət və qayğısı ilə Teleradionun maddi-texniki bazası möhkəmləndirilib, yeni avadanlıqlar quraşdırılıb. İstedadlı gənclər dövlət idarəetmə orqanlarında rəhbər vəzifələrə irəli çəkilirlər. Bir sözlə, jurnalistlər üçün gözəl şərait yaradılıb.
Aydın müəllimin ömür marafonunu zirvəsi əlçim-əlçim buludlarla örtülü olan dağa bənzətmək olar. Dağlar kimi əzəmətli, vüqarlıdı.
Bax, beləcə, bu yazı ilə ömrünü çətin və şərəfli bir peşəyə- yaşadığı, fəaliyyət göstərdiyi zamanın salnaməçisinə həsr edən Aydın müəllimi tanıyanların yadına salmaq, tanımayanlara tanıtmaq istədim. Salnaməçi kəlməsini bilərəkdən işlətdim. Çünki hər dövrün salnaməsi onun mətbu nümunələrində əksini tapır. Onu yaradanlar isə qələm sahibləridir.
Azərbaycan, o cümlədən Naxçıvanda mətbuatın inkişafına özünəməxsus töhfə verən, xidmət göstərən qocaman jurnalist indi ömrünün müdriklik çağını yaşayır. Sevdiyi peşəsindən ayrılsa belə, ürəyi bizlərlə olan həmkarımıza cansağlığı, mənalı günlərlə müşayiət olunan uzun ömür, ailə xoşbəxtliyi arzulayıram.
Adilə Səfərova
Naxçıvan Televiziyasının baş redaktoru
"İki sahil" qəzeti