Onun bir arzusu var idi - Vətənin azadlığı - VİDEO
Şəhid Rəhman Əjdərov 5 may 1997-ci ildə Babək rayonunun Kalbaoruc Dizə kəndində anadan olub. Qaraqala kənd məktəbinin 8-ci sinfini bitirib. Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseydə oxuyan gənc və savadlı kursant zabit olmaq, vətənimizin azadlığı uğrunda döyüşlərə qatılmaq üçün 2014-cü ildə Azərbaycan Ali Hərbi Məktəbində Mühəndis istehkam ixtisası üzrə təhsil alıb. 2018-ci ildə leytenant rütbəsi ilə məzun olub Beyləqan rayonunda yerləşən hərbi hissədə İstehkam Tağımının komandiri vəzifəsinə təyinat alan gənc zabit komandirlərinin etimad və rəğbətini qazanır. Hərbi bilik və döyüş bacarıqlarını aşıladığı şəxsi heyəti hər zaman onun kimi olmaq istəyir. Xidmətinin ikinci ayında İstehkam bölük komandiri vəzifəsinə təyin olunan Rəhman cəmi 3 il zabit kimi vətənə xidmət edir.
Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə İstehkam Bölük komandiri kimi əsgər və gizirlərinin önündə olan Rəhman Əjdərov müharibədə ən çətin iş olan istehkamçı kimi Füzuli, Zəngilan, Hadrut, Xocavənd, Şuşa və Laçın dəhlizində gedən döyüşlərdə ərazilərin mühəndis maneələrindən, minalardan təmizlənməsi və ordunun hərəkəti üçün zəmin yaradılmasında yüksək bacarıq nümayiş etdirir. O, Laçına qədər döyüş yolu keçir. 2020-ci il noyabrın 1-i Laçın dəhlizi uğrunda gedən döyüşlərdə şəhidlik məqamına ucalır. 7 gün sonra isə ordumuzun böyük qələbəsi ilə vətən müharibəsi sona çatır.
Kalbaoruc Dizə kənd qəbiristanlığında dəfn olunan və ölümündən sonra “Vətən uğrunda”, “Azərbaycan bayrağı ordeni”, “Xocavəndin işğaldan azad olunmasına görə”, “Laçının işğaldan azad olunmasına görə” medallarına layiq görülən Rəhmanın bu həyatdakı çox arzuları yarım qaldı. Bircə arzusu həyata keçdi - Vətənin azadlığı... Onun bu şərəfli yolunu isə kəşfiyyatçı qardaşı Nihat davam etdirir. Qardaşının uğrunda canından keçdiyi və artıq azad olan torpaqlarımızı göz bəbəyi kimi qorumaq üçün...
Türkanə Əmoyeva