Ömür yolu ilə vətənpərvərlik aşılayan şəhidim - FOTOLAR

A- A A+

Şəhidlərin hər biri haqqında yazılar işləyəndə bu misralar keçir ürəyimdən:

Gedirsən, tez qayıt gəl,

Gözü yolda qalanın var…

Doğrusu, bu sətirlərin kimə məxsus olduğunu yaxşı xatırlaya bilmirəm. Amma beynimə hopmuş, ürəyimə işləmiş sətirlərin hər bir sözündəki harayı duyuram. Elə ona görə də bütün şəhid övladlarımıza şamil etmək istəyirəm. Axı, Vətən üçün canından keçən hər bir şəhidimizin arxasınca dikilmişdir–ata-ana, bacı-qardaş, ailə-uşaq, sevgili gözləri. Bu gözləri intizarda qoymaq, ağlar qoymaq, yerə-göyə sığan dərd deyil. Elə bu səbəbdən də qapıdan çıxan hər kəsə söyləyirəm. “Gedirsən, tez qayıt gəl, gözü yolda qalanın var”. Necə ki, bütün şəhidlərimizə və eləcə də Sahib Məmmədova deyilmişdi.

Məmmədov Sahib Yaşar oğlu 1989-cu il 13 noyabrda Culfa rayon Yaycı kəndində anadan olmuşdur. 1996-cı ildə Culfa rayon Yaycı kənd tam orta məktəbinin birinci sinifinə daxil olmuş və 2007-ci ildə həmin məktəbi bitirmişdir. Müddətli həqiqi hərbi xidmətə getmiş, qayıtdıqdan sonra 2010-cu ildə ailə həyatı qurmuşdur. Həmin ildən də müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq işə başlamış, baş çavuş rütbəsinə qədər yüksəlmişdir. 2020-ci ildə o, 10 il xidmətdə qüsursuz işlədiyi üçün medalla təltif olunmuşdur.

Şəhidimizin anası Çiçək Məmmədova: “Azərbaycan torpağı uğrunda həlak olan şəhidlərimiz hər bir evin, ailənin şəhididir. Onlar bizim dünənimiz, bu günümüz, gələcəyimiz və qürurumuzdur. Vətən uğrunda canı və qanını qoyan hər bir igidimizin doğum məkanları ayrı olsa da, qanları Qarabağ torpağına qarışmışdır. O torpağa ki, orada şəhid qoxusu ilə otlar göyərir, çiçəklər, güllər açır. Mən fəxr edirəm ki, torpaq uğrunda canından keçən qəhrəman şəhidlərimizin sırasına oğlumun da adı yazıldı. Sahib evinə və ailəsinə çox bağlı idi. Hamının qayğısına qalardı. Onun bir arzusu vardı: Vətənin bütövlüyünü təmin etmək. Həmişə deyərdi: “Ana əgər müharibə olsa, mən Vətənimi qorumağa gedəcəyəm, ailəmdən muğayat olarsan”. Necə deyirdi, elə də etdi. O, Vətənini darda qoymadı. Vətən uğrunda gedən döyüşlərdə şəhid oldu. Şəhid anasının bu sözləri qəlbimizə hakim kəsilir. Bir anlıq düşünürəm, dərd heykəli qoyulsa idi, anaların yol çəkən gözlərinə heykəl qoyardım.”

Qara dərdim,

Ağ sərdim,

qara dərdim.

Dağlarda qarmı qalar,

Söyləsəm qara dərdim?

Əbədiyyəti qanları, şəhidlikləri ilə qazanan oğullarımızdan olan Sahib üç qız atası idi. Övladlarından ən böyüyü Ayla hələ 9 yaşındadır. Gözündə həsrəti, qəlbində qüruru olan bu balaca qız atasının necə bir qəhrəman olduğunu bilir. Ata yolu gözləyən bacısı 7 yaşlı Məryəmi də öz dili ilə başa salır. Ancaq şəhidimizin 2 yaşlı balaca qızı Rübabə hələ də atasının yoxluğundan xəbərsizdir. Ona kim oyuncaq alsa, atasının aldığını deyir.

Ağlamamaq üçün nə mümkündürsə edən şəhidimizin həyat yoldaşı, yaşı sel olub axmamaq üçün cəza verir gözlərinə. Axı, Sahib demişdi ki, sən zəif deyil, mərd və güclü xanımsan… Və o günlərin ağırlığını yenidən yaşayaraq danışır şəhidimizin ömür-gün yoldaşı Gülnar xanım: “Qarabağa döyüşə gedən günün səhəri idi, evdən çıxanda bizimlə sağollaşdı, halallaşdı. Dedim, qayıdacaqsan? Gülümsədi: “Niyə qayıtmıram ki, ölməyə yox, düşməni öldürməyə, torpaqlarımızı azad etməyə gedirəm. Amma qayıtmaya da bilərəm. Sən hərbçi yoldaşısan, bu müharibədir, hər an hər şey ola bilər, hazır ol! Sənin kimi mərd, güclü həyat yoldaşı qoyub gedirəm, gözüm arxada qalmır.”

O günü, o anı əbədi göz yaddaşında saxlamaq üçün elə hey bir nöqtəyə baxır, fikirləşir, göz yaşları axıb gedir. Günlərdir dərdin ağırlığından, ağlamaqdan güc-qüvvəti tükənsə də, özünü ələ alan Gülnar ömür yoldaşından, övladlarının atasından, sevdiyindən ürəyi yana-yana danışır: “Övladlarımızı sənə tapşırıram, onları göz bəbəyin kimi qoru. Sən həmişə mənə dost, yoldaş olmusan. Vətən bizə, övladlarım sənə əmanət, dedi və beləcə, qapıdan çıxıb getdi… Sahib gedən gündən bəri həyəcan və narahatlıqdan bir yerdə dura bilmirdim. Acığı tutsa da, tutsun, zəng edəcəyəm, dedim öz-özümə. Səsini eşitmək, sağ-salamat olduğunu bilmək istəyirdim. Telefonu açan kimi xəttin o başından gələn top-tüfəng səsini eşidəndə içim titrədi. Çox danışa bilmədik, amma salamat olması sakitləşdirdi məni. Hər telefon zəngindən qorxar olmuşdum. Amma nə etmək olar. Necə deyərlər, olacağa çarə yoxdur. Sahib sağ-salamat getsə də, evimizə şəhid olaraq döndü. Mən onun şəhadəti ilə qürur duyuram. Fəxr edirəm ki, şəhid yoldaşıyam. O, bizim üçün ölməyibdir. Ömrümüzün sonuna qədər də bizimlə olacaq, nə o, nə də biz ondan ayrılmayacağıq. Çünki sevgimiz əbədidir.”

Yazının qəhrəmanı Sahib haqqında hər şeyi bilmək istəyirdim. Qəhrəmanımızın ailəsi danışır, mən dinləyirdim: bu acı, amma qürurlu xatirələri... Gözümün önündə isə ana var Çiçək adında. Övlad dağı ciyərini yandırıb, gözünün nurunu alıb. Önümdə boynubükük gəlin var, yoldaşının sevgisindən, vəfasından, ona verdiyi dəyərdən danışdıqca köz-köz olur bağrının başı. Qarşımda üç fidan var, atalarının həsrətini çəkməkdən, yolunu gözləməkdən gözləri saralıb, solub. Hər nə etsək də, Çiçək anaya da, sevdasını itirən o gözəl gəlinə də, üç azyaşlı balaya da məlhəm olmayacaq. Ancaq bu üç qız övladı ömür boyu alnıaçıq, atalarına layiq yaşayacaq, ən önəmlisi onun izi ilə gedəcəklər. Şəhid övladı olmanın qürurunu hiss edəcəklər. Eyni zamanda, qalib və sağlam bir ölkənin vətəndaşı olacaqlar. Çünki işğaldan azad edilmiş ölkənin torpaqlarında yaşayıb tikib-quracaq, təhsil alacaqlar. Fəxrimiz olan atalarının və minlərlə şəhidimizin əziz ruhunu hörmətlə anacaqlar.

 Alim Ağayev

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: