Naxçıvanda təsərrüfatçılar tütün sahələrini genişləndirir - VİDEO
Tütün iqtisadi baxımdan sərfəli, qiymətli texniki bitkidir. Odur ki, muxtar respublikamızda gəlirli sahə olan tütünçülüyün inkişafı, emal sahələrinin yaradılması və xammala olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. Bu il əkinlər daha da artırılıb.
Muxtar respublikamızın torpaq-iqlim şəraiti tütünçülüyün genişləndirilməsinə və bol məhsul götürülməsinə imkan verir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” muxtar respublikamızda da tütünçülüyün inkişafına geniş imkanlar açıb. Elə həmin ildən başlayaraq tütün əkini sahələrinin genişləndirilməsinə, bu vacib sahənin maddi-texniki bazasının gücləndirilməsinə diqqət artırılıb. Kəngərli rayonunda Cahan Tabak Beynəlxalq MMC Tütünyetişdirmə Mərkəzi yaradılıb. 25 daimi, 150 nəfərdən artıq isə mövsümi işçinin çalışdığı mərkəzin maddi-texniki bazası xeyli güclüdür. Odur ki, tütün əkini sahələri ilbəil genişləndirilir, intensiv becərmələrə üstünlük verilməklə məhsuldarlıq artırılır. Ötən il muxtar respublikamızda 45 hektar sahədə tütün yetişdirilib, 60 ton keyfiyyətli məhsul götürülüb. Bu məhsulun 40 tonu 1-ci, 15 tonu 2-ci, 5 tonu isə 3-cü növ olub. Bu isə əvvəlki illərlə müqayisədə yüksək göstəricidir.
Yaxşı gəlir əldə edən təsərrüfatçılar bu il əkin sahələrini 62 hektara çatdıracaqlar. Bunun üçün mərkəzin istixanalarında keyfiyyətli əkin materialı yetişdirilməsinə başlanılıb. Hazırda istixanalara virciniya, İzmir-oriental və pirləp tütün sortlarının toxumları əkilir. Digərləri ilə müqayisədə pirləp yeni tütün növü daha məhsuldardır. 2250 kvadratmetr ümumi sahəsi olan istixanalarda mərhələli şəkildə tütün toxumları əkilir. Təsərrüfatçılar istixana şəraitində şitil yetişdirilməsində zəngin təcrübəyə malikdirlər. Əkindən əvvəl torpağın münbitləşdirilməsi üçün üzvi gübrədən istifadə edilir. Torpağın əkinə hazırlanması, münbitləşməsi təcrübəli mütəxəssislərin nəzarəti ilə həyata keçirilir. Bitkilərin suvarılması çiləmə üsulu ilə mexaniki yolla aparılır. Bu məqsədlə Çalxanqala kəndindən bulaq suyu çəkilib, 60 tonluq çən qoyulub.
Mərkəzdə tütün toxumunun əkini 2 formada həyata keçirilir. Torpaq əkini ilə yanaşı, hovuz sisteminə də üstünlük verilir. Suda əkilib ərsəyə gətirilən şitillər daha keyfiyyətli və məhsuldar olur, ucuz başa gəlir. Burada quraşdırılan toxumvuran aqreqatın köməyi ilə hovuz sistemində əkiləcək material xüsusi qayda ilə hazırlanır.
Həmin gün mərkəzdə tütün əkib becərən ailə təsərrüfatçıları ilə müqavilə də bağlanıb. Daha yaxşı təcrübə qazanan, məhsuldarlığını ilbəil artıran təsərrüfatçılar üçün müqavilənin müddəti 3 il nəzərdə tutulub. Bunun isə mülkiyyətçilər üçün üstünlükləri çoxdur.
Qeyd edək ki, şitillərin sahələrə köçürülməsi, əkin yerlərinin şumlanması, münbitləşdirilməsi və sonrakı becərmə tədbirləri də mütəxəssislərin nəzarəti altında həyata keçirilir. Kəngərli və Şərur rayonlarının ailə təsərrüfatçıları bu sahədə daha yaxşı təcrübəyə malikdirlər.
Mütəxəssislər bildirirlər ki, tütün bitkisinə aqrotexniki qaydalar əsasında qulluq göstərildikdə məhsuldarlıq artır, daha çox iqtisadi səmərə əldə edilir. Hazırda əsas diqqət tütün əkini üçün keyfiyyətli şitil yetişdirilməsinə yönəldilib. Bir tərəfdə toxum əkilir, digər tərəfdə toxum əkilən sahələr mexaniki yolla suvarılır. Məqsəd cari ilin bol məhsulu üçün əsaslı zəmin yaratmalıdır. Yüksək məhsul əldə olunması isə ailə təsərrüfatçılarının qazancının artması, büdcələrinin zənginləşməsi deməkdir.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Məhəmməd Fərəcov