Naxçıvanda 50 yaşdan yuxarı şəxslərin “COVID-19”a qarşı vaksinasiyasına başlanılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda COVID-19 xəstəliyinə qarşı vaksinasiya davam etdirilir. Bu gündən başlayaraq tibb işçiləri üçün ikinci doza, 50 yaşdan yuxarı şəxslərə isə birinci doza peyvəndin vurulmasına başlanılıb.
Muxtar respublikanın səhiyyə işçiləri arasında COVID-19 xəstəliyinə qarşı vaksinasiyanın ilk mərhələsi fevralın 18-də artıq başa çatıb. Rayon mərkəzi xəstəxanalarının, gigiyena və epidemiologiya şöbələrinin, kənd sahə xəstəxanalarının, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin tibbi personalları da daxil olmaqla 3 min 500 tibb işçisi “Sinovac” vaksini ilə peyvəndlənib.
Bu gündən isə səhiyyə işçilərinə ikinci doza vaksinin vurulmasına start verilib. Naxçıvan Muxtar Respublika Xəstəxanasında bu məqsədlə xüsusi otaqlar ayrılıb. Tibb işçiləri əvvəlcə müayinədən keçirilib və “Sinovac” vaksini ilə peyvəndlənib.
Ötən gündən Naxçıvan şəhərində risk qrupuna daxil olan 50 yaşdan yuxarı şəxslərin vaksinasiyasına isə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında start verilib. Sahə tibb bacıları tərəfindən ərazilər üzrə siyahılar hazırlanaraq poliklinikaya təqdim olunub. Vaksin vurdurmaq istəyənlər əvvəlcə müayinədən keçirilib və “Sinovac” vaksini ilə peyvəndlənib. Bütövlükdə ötən gün 59 nəfər tibbi vaksinasiya edilib. Təhlükəsizliyinə və effektivliyinə görə seçilən bu vaksinasiyada heç bir narahatlıq müşahidə olunmayıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na müvafiq olaraq muxtar respublikanın səhiyyə müəssisələrində ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə Naxçıvan Muxar Respublikası Səhiyyə Nazirliyində xüsusi komissiya fəaliyyət göstərir. Komissiya nəzarəti ilə xüsusi işçi qrupu tərəfindən vaksinasiya davam etdirilir. Peyvənd ilkin mərhələdə risk qrupuna daxil olan şəxslərə vurulur.
Novruz Məmmədov