Naxçıvanlı rəssamlardan təqdirəlayiq addım: Vətən müharibəsi qəhrəmanlarının portretlərini çəkib ailələrinə hədiyyə etdilər - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda “Qəhrəmanlar unudulmur” adlı portret sərgisi təşkil olunub.
Tədbirdə Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində böyük qəhrəmanlıq nümunəsi kimi yadda qalıb. İgid oğullarımızın şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Naxçıvan rəssamları da xalqımıza fəxr hissi yaşadan bu unudulmaz tarixə öz yaradıcılıqları ilə münasibət bildirib, qəhrəmanlarımızın, vətənimizin müdafiəsi uğrunda canından keçən igidlərimizin portretlərini tablolarda canlandırıblar.
Şəhid valideynləri adından danışan Məhəmməd Nəcəfov təşkil olunan sərgiyə və şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Sonra “Qəhrəmanlar unudulmur” adlı videoçarx nümayiş olunub.
Sərgidə nümayiş etdirilən rəsmlər qəhrəmanlarımızın döyüş yolunu əks etdirən fəxarət tablolarıdır. 25 rəssamın kətan üzərinə köçürdüyü 69 rəsm əsəri şəhid yaxınlarına hədiyyə edilib.
Sadiq Məmmədov