Xocalı faciəsi xalqımızın mübarizlik nümunəsidir

A- A A+

Azərbaycan xalqının tarixində soyqırımı kimi siyasi və hüquqi qiymətini almış hadisələr, tarixi kökü etibarilə bir zamanlar Osmanlı imperiyasının torpaqlarının bölüşdürülməsi-Şərq məsələsinin həyata keçirilməsi üçün uydurulmuş, əslində mövcud olmayan “erməni məsələsi” ilə bağlıdır. Şərq məsələsinin həyata keçirilməsindən bəhrələnmək istəyən erməni millətçiləri XVIII əsrin sonlarından başlayaraq Türkiyə, XIX əsrdən isə Azərbaycanın torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq xülyasına düşüb və bundan sonra məqsədlərinə çatmaq üçün müxtəlif yerlərdə milli zəmində qırğınlar törədiblər. Hələ ötən əsrin əvvəllərində Mart soyqırımları, 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlının deportasiyası, 1988-ci ildə isə 250 min həmyerlimizin öz tarixi torpaqlarından qovulması bu mənfur siyasətin əsasını təşkil edirdi. Erməni şovinistlərinin məkrli planları 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələrlə daha açıq xarakter aldı və yüzlərlə kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

XX əsrin əvvəli Azərbaycan xalqı üçün qanlı olduğu qədər sonu da eyni ssenari üzrə qurulmuş hadisələrin təkrarı ilə yaddaşlarda qaldı. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıbdır. Xalqımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunubdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib, kəndlər, şəhərlər dağılıb, on minlərlə günahsız insan öldürülüb, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından didərgin düşübdür.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi məhz Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşübdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsi ilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Dünya tarixinin ən qanlı soyqırımlarından biri kimi, Xocalı faciəsi xalqımıza qarşı iki əsrdən çox müddət ərzində erməni millətçiləri tərəfindən davamlı olaraq həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasətinin növbəti mərhələsi, davamı idi. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının silahlı qüvvələri öz havadarları və bir qrup muzdur dəstələri ilə birlikdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinə hücum edərək heç bir günahı olmayan mülki əhalinin şəhəri tərk edə bilməmiş hissəsini qəddarlıqla qətlə yetiriblər.

Bu soyqırım zamanı 613 nəfər öldürüldü, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150 nəfərinin taleyi indi də məlum deyil.

Bu vandalizm aktı zamanı ermənilər törətdikləri çox saylı qətllərlə kifayətlənməyib, sağ qalmış insanlar üzrərində də tamamilə təhqiredici hərəkətlər həyata keçiriblər. Bununla yanaşı, hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş kimyəvi silahlardan istifadə edilibdir. Bütün bunlar Ermənistanın Cenevrə konversiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd şəkildə dinc sakinlərə qarşı soyqırım həyata keçirildiyini bir daha təsdiqləyir.

Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Ümummilli lider ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi, orada mədəni abidələrin məhv edilməsi faktlarının və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıbdır. Ulu öndər Heydər Əliyev hər il faciənin ildönümündə keçirilən tədbirlərdə iştirak edib, Xocalı soyqırımını kədər hissi ilə xatırlayıbdır. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edən ulu öndər hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymət verilməsinin zəruriliyini vurğulayıb, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün çox səy göstəribdir. Faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandıran Heydər Əliyev eyni zamanda Azərbaycanın əsrlər boyu keçdiyi mübarizə, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirərək deyibdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Son 29 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilib, bununla bağlı bir çox internet saytı yaradılıbdır.

Xocalı  faciəsi nə qədər acı olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi və bu gün tariximizə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı. Gələcək nəsillərin, yeniyetmə və gənclərin daha da vətənpərvər ruhda böyüməsinə təkan verdi.

Tariximizin qanlı səhifəsi olan Xocalı soyqırımı xalqımızın mübarizə əzmini daha da möhkəmləndirdi, gənc nəslin vətənpərvərlik tərbiyəsini formalaşdırdı. İndi məlum olur ki, faciəni törətməklə erməni daşnakları azərbaycanlıları qorxutmaq, bizi itirilmiş torpaqlarımızın itkisi ilə barışmağa, qorxulu erməni mifi yaratmağa hesablanıbdır. Lakin əminliklə demək olar ki, həmin  dövrdə qaçqın düşən, yaxınları faciənin qurbanı olan gənclər sonralar həmin ərazilərin düşmən tapdağından azad edilməsində qəhrəmanlıq göstərdilər.

Bu gün bütün bu tarixi faktların gələcək nəsillərə çatdırılması, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli dövlətçilik tariximizin bu təbəqə tərəfindən mənimsənilməsi diqqət mərkəzində saxlanılır. Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatı tərəfindən bu məqsədlə, ölkə tarixində xüsusi əhəmiyyətə malik hadisələr müxtəlif tədbirlər çərçivəsində yeniyetmə və gənclərə çatdırılıb, onlarla bu barədə maarifləndirici söhbətlər aparılıb. Ötən ildə də qurum tərəfindən “26 fevral- Xocalı Soyqırımı”nın 28-ci ildönümü ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında vətənpərvərlik mövzusunda tədbirlər keçirilib, filmlər nümayiş etdirilib.

Qeyd edək ki, Vətənin ərazi bütövlüyü uğrunda silaha sarılan qəhrəman oğul və qızlarımıza həsr olunan tədbirlərin keçirilməsinin gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük təsiri var. Azərbaycanımızın saysız-hesabsız qəhrəmanları var ki, onların döyüş yolu, şəhidlik məqamı gənclər üçün əsl vətənpərvərlik tərbiyəsidir. Ermənilərin dədə-baba torpağımız olan Dağlıq Qarabağa hücumu nəticəsində, o cümlədən muxtar respublikamızda Sədərək döyüşlərində yüzlərlə vətən övladı torpağımızın müdafiəsinə qalxıb, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəlib.

Xalqımızın hər bir nümayəndəsi vətənpərvər olmağı bacarmalı, tarixin bu həlledici dönəmində ölkəmizin milli maraqlarını müdafiə etməlidir. İstənilən halda bir dövlətin gələcəyi onun vətəndaşının öz ölkəsinə olan sədaqət borcunu layiqincə yerinə yetirməsindən asılıdır. Son illərdə ölkə və muxtar respublika səviyyəsində gənclərin fəaliyyətlərinin müsbət yöndə stimullaşdırılması üçün hazırlanmış müxtəlif dövlət proqramlarının uğurla icrası cəmiyyətdə milli-mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafına təkan verir.

Bu gün artıq Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Belə ki, sentyabrın 27-də işğalçı ölkənin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi Azərbaycanın düşmən üzərində həlledici qələbəsi ilə nəticələndi və 2020-ci il noyabrın 10-u Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan son 2 əsrlik tarixində ilk dəfə müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi  əhəmiyyətə malik olub, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımız işğaldan azad edilibdir.

Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə dəf edib, Vətən müharibəsi bizim böyük zəfərimizlə başa çatıbdır. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Müasir tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Bu müharibədən qalib çıxan xalqımız öz haqqı uğrunda əvvəldən-axıra kimi ləyaqətlə, inamla mübarizə apardı. Bu qələbə respublikamızın nəinki Cənubi Qafqazda, həmçinin bütün dünyada mövqelərini daha da möhkəmləndirdi, nüfuzunu yüksəltdi. Ali Baş Komandanın yürütdüyü siyasətin nəticəsi olaraq tarixinin ən güclü dövrünü yaşayan Azərbaycan öz maraqlarını qətiyyətlə təmin edərək regionun lider dövlətinə çevrilib. Vətən müharibəsində Azərbaycanın parlaq hərbi qələbəsi nəinki ölkəmizin tarixinin, bütövlükdə dünyanın ən mühüm hadisələrindən biri oldu. 
Bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.

Vətən müharibəsində də öz canları, qanları bahasına döyüşən əsgər və zabitlərimiz məhz, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş oğul və qızlarımızın qanını yerdə qoymadı. Vətən qarşısında onların xidməti danılmazdır. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq. Artıq şəhidlərimizin ruhu şaddır. Çünki bütün Qarabağın üzərində günəş öz şəfəqlərini saçır, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və həmin torpaqlarda artıq üçrəngli bayrağımız dalğalanır.  Bu gün hər bir Azərbaycan gənci də bu müstəqilliyi qorumaq, onu daha da inkişaf etdirmək istiqamətində çalışmalıdır. Fəxrlə demək olar ki, Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizdə bu missiyanı şərəflə daşıyacaq, Vətəninə, elinə qırılmaz tellərlə bağlı olan gənclik yetişibdir.

Mirməcid Seyidov

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini, Azərbaycan Vətən Müharibəsi və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: