Naxçıvanda Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTOLAR

A- A A+

26 fevral Xocalı soyqırımının 29-cu ildönümüdür.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün saat 17:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan şəhərində və muxtar respublikanın digər rayonlarında Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və sərnişinlərin hərəkəti dayandırılıb, hüzn əlaməti olaraq   dövlət bayraqları endirilib.  

Bu gün Xocalını andıq, ötən 28 ildə olduğu kimi... Bu gün Xocalını andıq, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 7 min dinc sakininin Ermənistan silahlı qüvvələrinin, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hücumuna məruz qalan Xocalını. 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla, 613 dinc sakini ölümə tərk edilmiş Xocalını.. 1275 nəfəri əsir aparılmış, 150-sinin isə taleyindən hələ də nigaran qalan Xocalını. Bu xalq 28 il boyunca bu rəqəmləri təkrar-təkrar oxudu, əzbərlədi. O rəqəmlərdə dəfn edilmiş talelərin yoxluğundan güc aldı, yenidən küllərindən alovlandı. Təkcə azərbaycanlılara qarşı deyil, bütün insanlığa, bəşəriyyətə qarşı işlənilmiş, dünyada təkrarı olmayan bir soyqırımın qisasını o rəqəmləri təkrarlamaqla böyüyən uşaqlar, yeniyetmələr, şəhid edilmiş körpələrin həmyaşıdları aldı. Birinin yoxluğundan mini boy aldı, hər birinin də qəlbində Xocalı harayı, Xocalı yarası... Zaman göstərdi ki, bu xalq heç nəyi unutmur, heç nəyi yaddan çıxarmır. Bir gün mütləq haqq-ədalət yerini tapır. Biz 44 günlük Vətən müharibəsində məhv edilmiş erməni ordusunun içində dəfələrlə Xocalı qatillərinin ölüm xəbərini paylaşdıq.

Azərbaycan 28 il idi ki, Xocalı yarasına məlhəm axtarırdı, Xocalı harayı dünyanın kar qulağında eşidilməz olmuşdu... Ancaq Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusu haqq-ədaləti bərpa edib şanlı qələbə çaldı. Bu təkcə təlxək Paşinyan hakimiyyəti üzərindəki qələbə deyildi. Bu cinayətkar Koçaryan-Sarkisyan hakimiyyətinin, 200 ildir ayaq tutub yeriyən “Böyük Ermənistan” xülyasının, bu yalana dəstək verən “böyük qardaşlarının”, onların havadarlarından güc alan erməni lobbiçiliyinin dünyanı dolduran yalanlarının, öz torpaqlarımızda bizə qarşı qurulmuş keçilməz sanılan istehkamların, “pay verilmiş” silahlarla silahlanan “yenilməz” ordu üzərindəki şanlı zəfərdir. İndi o Şanlı Zəfər Qarabağa qayıdışla taclanır. 30 illik həsrət sona çatır, insanlar ocaqlarının başına tələsirlər...

Bu gün qürurla deyirik: Xocalı, intiqamın alındı! Bu gün səni uzağlığı ilə anırıq. 28 ildən  sonra bu gün o günahsız körpələrin gözlərinə baxa bilirik... Bugünkü Ermənistan əslində Azərbaycanın intiqam hissinin yekunudur. Ordusu darmadağın edilən, 10 min fərari olan əsgərinin axtarışına çıxan, iqtisadiyyatı çökmüş, siyasi arenadakı biabırçı məğlubiyyəti yaşayan, xaosun, vətəndaş müharibəsinin, dövət çevrilişinin gündəm olduğu bir Ermənistan... Bu Xocalının, bütövlükdə Qarabağda şəhid olan hər kəsin intiqamıdır... İndi  dövlətçiliyini itirmək təhlükəsizliyi ilə üz-üzə qalan (bunu indi özləri də etiraf edirlər) Ermənistanın iki əsrdir dünyaya sırıdığı “qondarma” ideologiyası da layiq olduğu yerə getdi. Bu onların zaman-zaman xalqımıza yaşatdıqlarına ən layiqli cavabdır...

Bu gün Xocalını andıq, qisası alınmış Xocalını...

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: