Naxçıvan dünən və bu gün

A- A A+

Qış yaxınlaşır. Naxçıvanda havalar soyuyur. Muxtar respublikanın çoxminli əhalisini ən çox narahat edən mənzillərdə normal şəraitin yaradılmamasıdır. Keçən qışda blokadada yaşayan adamlar zillət çəkiblər. Yanacaq, elektrik enerjisi, qaz olmadığından ağaclar kəsilib qırılırdı. Bəs bu il necə olacaq? Bu və ya digər suallara Naxçıvan Muxtar Respublikası Dövlət Kommunikasiya Komitəsinin sədri Yasin Rüstəmov cavab verir:

– Naxçıvanın kəskin kontinental iqlimi, qışın sərt və soyuq keçməsi indidən adamları düşündürür. Son illər təbii qazdan məhrum olmuş muxtar respublika əhalisinə bu barədə nə deyə bilərdiniz?

– Onu deyim ki, keçən il Təbriz-Xoy-Culfa qaz xətti çəkilirdi. Bu xətt Xoy şəhərinə kimi çəkildi. Sonra kəmərin tikintisi Xoy-Culfa istiqamətində davam etmədi. Səbəbi də bu oldu ki, məsələ dövlət səviyyəsində həll olunmamışdır. İkinci layihəyə görə, Təbriz-Mərənd-Culfa istiqamətində qaz xətti çəkilməlidir. Yenə də deyim ki, bu günədək hələ işə başlanmayıb. Buna görə də konkret demək istəyirəm: bu il Naxçıvan İrandan təbii qaz almayacaq. Qonşu dövlətdə bu məsələyə baxan milli qaz şirkətinin rəhbərləri ilə danışıqlar göstərdi ki, qaz xəttinin çəkilişi dövlət səviyyəsində olan məsələdir. Lakin buna baxmayaraq, Horadiz stansiyasından maye-qaz daşınması davam edir. Hazırda 3 avtomaşın qaz daşıyır. İkisi də əlavə olunacaq. Beş maşın ilə ayda 15-20 ton maye qaz gətirmək olar. Lakin vaxt gedir. Hər avtomaşının bir reys qaz daşıması üçün azı 10 gün vaxt sərf olunur. Ona görə də avtomaşınlar maye qaz üçün Horadiz stansiyasına gedirlər. Orada qaz olmayanda isə Bakıya getməli olurlar... Bildirmək istəyirəm ki, muxtar respublika əhalisinin və bağlı müəssisələrin gündəlik qaz tələbatı 20 tondur. İndiyə kimi biz bunu təmin edə bilməmişik. Bu ilin 9 ayında muxtar respublikaya 105 ton maye qaz gətirilib. Bu isə tələbatdan azdır. Gətirilən qaz əsasən bölgü əsasında bağlı müəssisə və təşkilatlara, eləcə də xeyir-şər tədbirlərinə ayrılır. Əgər əlavə avtomaşınlar verilərsə, bu ilin qış mövsümündə əhalini ötüşdürmək olar.

– Bilirsiniz ki, keçən il elektrik enerjisi sarıdan da camaat müsibət çəkdi. Bəs bu il elektrik enerjisinin vəziyyəti necədir?

– İndi muxtar respublika elektrik enerjisini Türkiyə və İrandan alır. Araz çayı üzərindəki su elektrik stansiyası da enerji verir. Həm də Babək rayonu ərazisində istifadəyə verilən istilik stansiyası ehtiyatda saxlanılır. Türkiyə Respublikasından Babək rayonunun 220 kilovoltluq yarımstansiyasına gərginlik 154 kilovoltluq xətt vasitəsilə ötürülür. Buna görə də həmin yarımstansiyanın transformatoruna daxil olan gərginlik buradan xaric olunan gərginlikdən çox olduğundan mərkəzi stansiyalara verilən gərginlik tələb olunandan xeyli aşağı olur. Bu isə işlədicilərin normal fəaliyyətinə imkan vermirdi. Böyük çətinliklər hesabına Türkiyədən verilən gərginliyə uyğun 150 meqavat gücündə transformator quraşdırıldı. Bu da mövcud çatışmazlığı aradan qaldırdı. İrandan verilən Qızılvəngdəki 132 kilovoltluq yarımstansiya və Culfa rayonu üçün 10 kilovoltluq xətlər normal vəziyyətdədir. Keçən il muxtar respublikada başqa enerji növləri  olmadığından istilik sistemi də işləmədi. Bütün güc elektrik şəbəkəsinin üzərinə düşürdü. Buna görə də transformatorlar, kabellər, digər avadanlıqlar sıradan çıxmışdı. Naxçıvanın blokadada olmasına baxmayaraq, elektrik şəbəkəsi rəhbərliyinin gərgin əməyi nəticəsində Bakıdan lazımi avadanlıqlar, material gətirildi. Bu günədək 10 ədəd transformator yenisi ilə əvəz olundu. Naxçıvan şəhərinin ayrı-ayrı məhəllələrinin transformator gücləri artırılmış, kabellər, digər avadanlıqlar təzəsi ilə əvəz olunmuşdur. Hazırlıq və təmir işləri indi də davam edir.

– Naxçıvana gələn dəmiryolunun açılması haqqında söz-söhbətlər eşidilir. Bu barədə sizdə nə kimi məlumat var?

– Dəmiryolunun açılması haqqında heç bir məlumat yoxdur. Avtomobil yollarının da blokadası davam edir. Yeganə yol İran ərazisindən keçən yoldur...

– Hava nəqliyyatında yenə də gərginlik davam edir. Aeroportda vəziyyət dözülməzdir. Orada bir qayda-qanun yaradılacaqmı?

– Bir naxçıvanlı kimi məni ən çox narahat edən aeroportdakı vəziyyətdir. Acınacaqlıdır ki, bu aeroportda başlıca məsələ – aviasiyanın tələbləri yerinə yetirilmir. Hərc-mərclik, özbaşınalıq hökm sürür. Bu mühüm sahəyə nəzarət yoxdur. Sərnişinlərə xidmətdən danışmaq olmaz. Azərbaycan Hava Yolları Şirkəti rəhbərliyi aeroportda nizam-intizam yaratmasa, qayğını artırmasa, Allah eləməsin, çox böyük fəlakətlər baş verə bilər. Bunu tam məsuliyyəti ilə deyirəm. Sərnişinlər tərəfindən təyyarəyə minik salonuna həddindən artıq yük doldurulur. Orada yük əlindən tərpənmək olmur. Qanuna görə, hər sərnişin 20 kiloqramdan artıq yük götürməməlidir. Bu çox ciddi məsələdir. Azərbaycandan, digər ölkələrdən gələn turistlər də İrana, Türkiyəyə gedərkən Naxçıvandan keçirlər. Onlar da həddindən artıq yük gətirirlər. Bu məsələyə Milli Məclis səviyyəsində baxılsa daha yaxşı olar. Onu da deyim ki, Bakı-Naxçıvan arasında reyslər vaxtında uçmur. Uçuş qrafikinə əməl olunmur...

– Rabitə məsələsi yenə də adamları narahat edir?...

– Rabitənin vəziyyəti son dərəcə ağırdır. İran ərazisindən keçən cəmi 6 kanaldan istifadə olunur. Bu isə tələbatı qətiyyən ödəmir.  Lakin muxtar respublikanın tələbatına görə, 60 kanallı rabitə olarsa, vəziyyətdən çıxmaq olar. Azərbaycan Rabitə Nazirliyi bu mühüm məsələyə ögey münasibət bəsləyir. Blokadada olan muxtar respublika üçün belə münasibət yaramaz. Yeri gəlmişkən deyim ki, muxtar respublikaya Türkiyədən 19 min 600 ton mazut gətirilib, lakin qış mövsümünü keçirmək üçün bizə 30-35 min ton mazut lazımdır...

 “Şərq qapısı” qəzeti

30 oktyabr 1993-cü il və bu gün

Yaz, qəzetçi, blokada Naxçıvanının müasir simasından yaz

“Şərq qapısı” qəzetinin ötən əsrin 90-cı illərdəki arxivi blokadanın məşəqqətli keçən ilk illərinə güzgü tutan ən yaxşı salnamədir. Yüz yaşlı mətbu orqanın saralmış səhifələrində hansı mövzular yoxdur ki? Qarşımıza çıxan hər bir məqalə Azərbaycanın fədakar Naxçıvanından “danışır”. Ürəkağrısı ilə qələmə alınan yazılar düşmən qarşısındakı əzmkar müqavimətdən, işıqsız, qazsız günlərdən, soyuq qış günlərində kökünə balta çalınan meşələrdən, gələcəyi təhlükədə olan gənclikdən, tənəzzülə uğramış iqtisadiyyatdan, kənd təsərrüfatından, məhv olmuş nəqliyyat-kommunikasiya əlaqələrindən söz açır. Bu yazıların böyük əksəriyyətinə Əməkdar jurnalist Mətanət Məmmədovanın müəllifi olduğu “Naxçıvan blokadası” ikicildlik kitabında da rast gəlmək olar. Çətindir, doğulub boya-başa çatdığın yurdun ağır günlərini qəzet səhifələrinə köçürmək, tarixləşdirmək. Eynilə, o vaxt ağır blokada şəraitinin hər anını yaşamaq qədər çətin.

Bizim jurnalist taleyimizə isə blokada ilə illərdir mübarizə aparıb bu savaşdan qalib çıxan, blokadanın inkişaf və tərəqqi üçün maneə olmadığını sübut edən Naxçıvan barədə danışmaq, material hazırlamaq, yazmaq nəsib olub. Bunu bizə zaman, dövr diktə edir. Zaman deyir ki, yaz qəzetçi, hər kəndində, şəhərində, qəsəbəsində yenilik duyulan, müasirlik sezilən Naxçıvandan yaz. İllər öncə uçuq-sökük, uyğunlaşdırılmış binalara sığınan məktəblərdən, mədəniyyət və səhiyyə ocaqlarından, kələ-kötür yollardan yox, nəinki aran yerlərində, ən ucqar dağ və düşmənlə qabaq-qənşər dayanan kəndlərində belə saray kimi, imarət kimi ucalan sosial obyektlərdən, kəndlinin qapısının ağzınadək uzanan şüşə kimi asfalt yoldan yaz, qəzetçi. Yaz ki, Buzqovda, Gərməçataqda, Nəhəcirdə, Payızda inşa olunan məktəblərdə şagirdlər “ağıllı lövhə”lərin imkanlarından istifadə etməklə interaktiv dərslər keçir, onlayn yarışlarda iştirak edirlər. Blokada Naxçıvanında səhiyyə xidməti  dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən kəndlərdə belə əlçatandır. Yaz ki, daha insanlar “sabah şəhərə necə və ən əsası hansı səviyyədə olan yollarla gedəcəyəm” qayğısı çəkmir. 

Yaz, qəzetçi, yaz ki, bir zamanlar süfrəmizin artığı ilə bəslənən mənfur düşmən daha başını qaldırıb Naxçıvanın sərhəd kəndlərinə baxa bilmir. Blokadanın ilk illərində ölkəmizdəki xaosdan, pərakəndəlikdən istifadə edib bu yurdu işğal etmək istəyənlərin arzusu ürəyində qalıb. Azərbaycanın fədakar, düşmənə heç vaxt baş əyməyən Naxçıvanında indi güclü ordu formalaşdırılıb. Muxtar diyarın bütün sərhədlərini etibarlı müdafiə edən, ən müasir atıcı silahlardan istifadə edən, qəlbində Naxçıvan boyda Vətən sevgisi gəzdirən oğullardan yaz. “Günnüt əməliyyatı”nı həyata keçirib tarixi torpaqlarımızı özümüzə qaytaran ordudan, 44 günlük Vətən müharibəsində şəhid, qazi olub ərazi bütövlüyümüzü bərpa edən, bizi Qarabağa qovuşduran müstəqillik illərinin gənclərindən yaz.

Yaz, qəzetçi, yaz ki, blokada Naxçıvanında gəncliyə gələcək gözü ilə baxıldı. Gəncliyə qurmaq, yaratmaq, öz potensialından istifadə etmək imkanı yaradıldı. Daha bu gənclərin gələcəyi də təhlükədə deyil. Çünki müstəqillik illərində qədim diyarda 200-dən çox təhsil müəssisəsi tikilib və ya yenidən qurulub. Ali və orta ixtisas məktəblərində müasir təhsil infrastrukturu yaradılıb. Bu gənclər hərtərəfli hazırlanıb, vətənpərvər, elinə-obasına, milli dəyərlərə bağlı ruhda tərbiyə alıblar. İndi onlar iş, sənət, peşə, mükəmməl karyera sahibidirlər. Müstəqillik illərinin gəncləri həm də bütün sahələrdə Naxçıvanı, Azərbaycanı dünya arenasında təmsil edən milli kadrlara çevriliblər.

Yaz, qəzetçi, yaz ki, blokada Naxçıvanında hər il on minlərlə hektar sahədə əkin aparılır. Bir zamanlar ağzıgünə yatan, sahibsiz qalan, ilan mələyən düzlər,  qeyri-münbit sahələr bu gün əkin dövriyyəsinə daxil edilib. Bir vaxtlar çörək üçün səhər-axşam növbə çəkənlər bu gün tonlarla taxıl istehsal edir, tələbatdan artığını da dövlətə satırlar. Zamanla insanlarda sabaha inam hissi formalaşdı, torpağa bağlılıq yarandı, “zəhmət  bataqlıqda gül də bitirər” tezisi öz təsdiqini tapdı. Dövlət torpağı kəndli üçün ən yaxşı iş yerinə çevirdi. Torpağın münbitliyini artırdı, meliorativ tədbirlər gördü, taxıl istehsalı ilə məşğul olanlara güzəştli şərtlərlə texnika və texnoloji avadanlıq, gübrə, əlavə subsidiyalar verdi. Ailə təsərrüfatı yaratmaq istəyənlərin, sahibkarların “qolundan tutdu”, maliyyə dəstəyi ayırdı. Təsərrüfat başçısı, sahibkar bir də gördü ki, təkcə məhsul istehsal etmir, bir neçə qohum-qardaşını, dost-tanışını da iş-güc, çörək sahibi edib. Üstəgəl, dövlət kənd təsərrüfatı sahəsindəki əməyini fəxri ad, orden və medalla mükafatlandırıb.

Yaz, qəzetçi, yaz ki, blokada Naxçıvanında resurslardan səmərəli istifadə olunduğuna görə, bir vaxtlar zülmət qaranlığa qərq olan muxtar diyar indi enerji təhlükəsizliyi tam təmin olunub. Təkcə 2020-ci ildə Babək rayonunda yerləşən 87 meqavat gücə malik Modul Elektrik Stansiyasında 226, Araz Su Elektrik Stansiyasında 64.9, Heydər Əliyev Su Anbarı üzərindəki Vayxır Su Elektrik Stansiyasında 7, Xal-xal Günəş Elektrik Stansiyasında isə 33.5 milyon kilovatsaat elektrik enerjisi istehsal olunaraq muxtar respublikanın enerji şəbəkəsinə ötürülüb. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə Naxçıvanı enerji ixracatçısına çevirib.

Yaz, qəzetçi, yaz ki, blokada Naxçıvanı illərdir 100 faiz qazlaşdırılıb. Naxçıvana təbii qazın nəqlinin bərpası iqtisadiyyatın, sənayenin, emal sahələrinin inkişafı, nəhəng layihələrin həyata keçirilməsi demək idi. Naxçıvanın təbii qazla tam təmin olunması müstəqillik illərinin böyük uğuru, blokada şəraitində nail olunan intibahın nəticəsidir. İndi hər bir naxçıvanlı öz isti ocağında firavan günlərini yaşayır, mövsümü qayğısız keçirir. Son olaraq Naxçıvanın mavi yanacaqla təmin olunması blokadanın ilk illərində kütləvi məhv edilən yaşıllıqları baltanın sərt üzündən xilas etdi.

Yaz, qəzetçi, yaz ki, Ermənistanın işğalçılıq siyasətindən sonra nəqliyyatın qan damarı hesab olunan dəmiryolu əlaqəsi kəsildi və Naxçıvan məqsədli şəkildə blokadaya salındı. Ümid hava nəqliyyatına qalmışdı. O vaxt sərnişinlərdə belə bir fikir formalaşmışdı: Naxçıvandan Bakıya bilet almaq hələ uçmaq demək deyil. Bileti qeydiyyatdan keçirmək də uçmaq deyil. Təyyarəyə oturmaq da uçmaq deyil.

Blokada Naxçıvanında Hava Limanına muxtar respublikanın hava qapısı, qədim diyarı anamız Azərbaycana birləşdirən yeganə xətt kimi baxıldı. Hava Limanı Naxçıvana hava, su kimi gərəkli idi. Buna görə də mərhələ-mərhələ Hava Limanında infrastruktur yeniləndi, yöndəmsiz tikililər ləğv olundu, geniş quruculuq işləri aparıldı, yeni uçuş-enmə zolaqları, Şərq və Qərb terminalları yaradıldı. Artıq müasir sərnişindaşıma xidmətinin göstərildiyi Hava Limanında beynəlxalq uçuşlar da yerinə yetirilir.

Yaz, qəzetçi, yaz ki, blokada Naxçıvanında informasiya təhlükəsizliyi tam təmin olunub. Ölkədə və dünyada cərəyan edən istənilən məlumat muxtar respublika sakinləri üçün əlçatandır. Texnologiyanın ən son yeniliklərindən istifadə edilir, ucqar dağ kəndlərində belə sürətli internet, dayanıqlı rabitə sistemi mövcuddur.

Yaz, qəzetçi, yaz ki, Naxçıvan Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü ilə açılacaq dəhliz vasitəsilə anamız Azərbaycana qovuşmağa, logistik mərkəzə çevrilməyə, türk dünyasına inteqrasiya etməyə, ölkənin iqtisadi inkişafında daha yaxından iştirak etməyə hazırlaşır.

Yaz, qəzetçi, yaz ki, bütün bu uğurların təməlində ulu öndər Heydər Əliyev siyasi xəttinə dərin sədaqət dayanır. Ali Məclisin Sədri cənab Vasif Talıbov dahi şəxsiyyətin müəyyən etdiyi sabitlik, inkişaf və tərəqqi yolu ilə gedərək  böyük bir əsər yaradıb. Yuxusuz gecələrin, böyük zəhmətin, əməyin bəhrəsi kimi yaranan əsərin adı MÜASİR NAXÇIVANdır.

Muxtar Rzazadə

“Şərqin səhəri”çqəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: