Qədim tarixə malik yurd yerimiz - Məzrə

A- A A+

Naxçıvan özü qədim tarixə malik olduğu kimi, onun bölgələri də qədimdir. İlk insan məskəni olan mağaralar, möhtəşəm qalalar, qədim yaşayış yerləri bu dediklərimizə əyani sübutdur.

Şahbuz rayonunun Mahmudoba kəndindən şimal-şərqdə yerləşən, 5200 kvadratmetr ərazini əhatə edən Məzrə yaşayış yeri də qədim tarixə malikdir. Bura tədqiqatçılar tərəfindən 1986-cı ildə qeydə alınıb. Ərazidə uçub-tökülmüş tikinti qalıqları, dəyirman yeri bu gün də qalmaqdadır. Tikililərin əksəriyyəti dağıldığından formasını tamamilə itirib. Qədim yaşayış yerində Azərbaycan-Fransa müştərək arxeoloji ekspedisiyası tərəfindən aparılan kəşfiyyat xarakterli araşdırmalar zamanı tunc dövrünə aid keramika nümunələrinin eyni zamanda kurqanların və XIV-XVIII-ci əsrlərə aid sənduqə tipli qəbir abidələrinin aşkarlanması insanların qədim dövrlərdən bu ərazilərdə yaşadığını bir daha təsdiq edir.

Azərbaycanda bəşər tarixinin müxtəlif mərhələlərində yaşayış məskənlərinin müxtəlif tip və formaları mövcud olub. Ərazilər landşaft-relyef quruluşuna görə əsasən dağlıq, dağətəyi və düzənlik sahələrdən ibarətdir. Dağlıq ərazilərin təbii-iqlim şəraitinə, flora və faunasının zənginliyinə görə ölkənin ən qədim sakinləri məhz burada məskunlaşıblar. İctimai inkişafın sonrakı mərhələlərində isə əkinçi və maldar qəbilələrin formalaşması nəticəsində Azərbaycanın düzən və dağətəyi ərazilərində yeni-yeni qəbilə məskənləri yaranıb və inkişaf edib. Əkinçiliklə məşğul olan tayfalar süni suvarma qaydalarına yiyələndiyindən çay ətrafında, maldarlıqla məşğul olanlar isə otlaqlarla zəngin olan ərazilərdə məskən salıb. Məzrə kəndi ərazisində aparılan tədqiqatlar zamanı dağətəyi və düzən bölgələrində aşkar olunan yaşayış yerlərinin izləri, kurqanlar və tarixin müxtəlif dövrlərini əhatə edən keramika nümunələri burada yaşayışın qədim tarixə söykəndiyindən xəbər verir. Qədim yaşayış yerində aşkar edilən qoç heykəlləri və onların üzərinə işlənmiş süjetli təsvirlər də xüsusilə diqqəti cəlb edir.

“Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: