Torpaq, uğrunda ölən varsa, Vətəndir!

A- A A+

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimov düşmənlə təkbaşına vuruşmağa gedərkən valideynlərinə belə bir vəsiyyət yazıb: “Canım atam və anam, məndən ötrü darıxmayın, İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar gününə ürəyim dözmür. Allaha xatir bunu etməliyəm, ən azından ürəyim sərinlik tapar. İnşallah, şəhid olana kimi bu erməni şərəfsizlərinin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın, əksinə sevinin ki, o mərtəbəyə yüksəldim...” Bu kəlmələr yalnız Mübarizin deyil, hər bir Azərbacan övladının dilində əzbər olan, ürəyindən xəbər verən düşüncələrdir. Bəli, mənim xalqımın hər bir vətəndaşı özünü bu ruhda tərbiyə edir, Mübarizi, Fəridi, Poladı özünə örnək götürür.

Hər birimiz həyat yolumuzu ya uşaqlıq arzumuzun dalınca gedərək, yaxud da valideynlərimizin arzularını gerçəkləşdirərək seçirik. Elməddin Həsənovun həyat yolu isə bu ikisinin həmahəngindən yoğrulmuşdu. O həm öz arzusunu, həm də anasının istəyini gerçəkləşdirmək üçün hərb yolunu seçmişdi. Çünki anası Elməddini hərbçi olaraq görmək istəyirmiş. Beləliklə, Elməddin öz arzusunun arxasınca getmiş və anasının istəyini gerçəkləşdirmişdi. Hərbi formanı qürurla əynində daşıdıqca inanırdı ki, anasının ruhu şaddır. Elməddinin hərbçi olmaq istəyindəki əsas məqam sonralar daha da aydın oldu. O, erməni işğalı altında olan torpaqlarımızın işğaldan azad olunmasına və bu torpaqlarda Azərbaycan bayrağının qürurla dalğalanmasına şahidlik etmək istəyirdi. Elməddin anasını itirdikdən sonra ana ilə bir tutduğu Vətəninə daha da bağlandı. Qəlbində hər zaman ana və Vətən sevgisini həmahəng daşıdı.

Elməddin Elşən oğlu Həsənov 1996-cı ildə Şahtaxtı kəndində dünyaya göz açıbdır. İlk təhsilini də doğulduğu Şahtaxı kəndində alıb, 2013-cü ildə məzun olduqdan sonra hərbi xidmətə yollanıbdır. Vətən sevgisi onu hərb sənətinə daha dərindən bağlayıb, beləliklə 2018-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində snayper vəzifəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi fəaliyyət göstərməyə başlayıb.

Elməddin Vətən müharibəsi başlanandan sonra Naxçıvandan döyüşə yollanan ilk qəhrəmanlardan biri olubdur. Komandiri ilə birlikdə Bakıdan Qarabağ istiqamətinə yola düşən zaman onun sevincinin həddi-hüdudu yox idi. Döyüş meydanında vuruşmağa başladıqları ilk gündən etibarən müxtəlif istiqamətlərdə düşmən qüvvələrini darmadağın edən Elməddin və onun dəstəsi bir neçə yaşayış məntəqəsinin işğaldan azad olunmasında böyük rol oynadı. Qızğın döyüşlərin birində Elməddin ağır snayper yarası aldı. Bu dünya ilə əbədi olaraq vidalaşdığını hiss edən Elməddinin son sözləri isə “Qarabağ Azərbaycandır” oldu. Beləcə, Elməddin xalqının azadlığını canı ilə qazanıb, qanı ilə yazan qəhrəmanlardan birinə çevrildi. Doğma Vətəni Azərbaycan və milləti yolunda öz istəyi ilə qəhrəmancasına canından keçməyə razı olan Elməddin Həsənov insanların fəth etdiyi ən şərəfli zirvəyə yüksəldi. Elməddin, sözün əsl mənasında, vətənpərvər, mərd, igid hərbi qulluqçu idi. Bacısı Nuranə xanımın onun haqqında danışdıqları isə bunu bir daha təsdiq edir. Nuranə Həsənovanın dediklərindən:

-Qardaşım fevral ayının 25-də dünyaya göz açıbdır. O, heç vaxt doğum gününü qeyd etməzdi. Elməddin doğum tarixinin Xocalı faciəsi ilə eyni günə təsadüf etdiyinə görə heç yada salmaq da istəməzdi. Hətta kiminsə onu təbrik etməsinə belə razı olmazdı. Deyirdi ki, erməni işğalı altında olan torpaqlarımız nə zaman ki, işğaldan azad olunar, günahsızcasına qətl edilən şəhidlərimizin qisası alınar, o zaman mən xoşbəxt olaram və bu mənə ən böyük doğum günü hədiyyəsi olar.

 “Mən onunla nəfəs alırdım”,- deyən şəhid bacısı Elməddinin döyüşə gedərkən sanki şəhid olacağını əvvəlcədən hiss etdiyini deyir:

   Elməddin bizimlə vidalaşanda elə son sözləri bu oldu

 – Nə olursa olsun, darıxmayın, həyatda yaşamaq da var, ölmək də. Hər kəs bir gün bu həyatla vidalaşacaq, heç vaxt əyilməyin, hər zaman başınızı dik tutun, düşmənlərimizi sevindirməyin. Təki Vətən sağ olsun. Atamı və səni Allaha əmanət edirəm. Nuranə xanımın dediyinə görə Elməddin həmişə Mübariz İbrahimovdan danışarmış və onu özünə örnək götürərmiş. Bəlkə də, illər öncəsində Mübariz kimi ən şərəfli zirvə olan şəhidlik zirvəsinin ona da nəsib olacağını hiss etmişdi.

Elməddinin soyuq bir qış günü Naxçıvanda başlayan həyat yolu bir payız gecəsi müqəddəs Qarabağ torpağında sona çatır. Şəhid Elməddin Həsənov oktyabrın 26-da doğulub boya başa çatdığı Şahtaxtı kəndində dəfn olunubdur.

Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən minlərlə Vətən oğullarından biri olan Elməddin Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Elməddin və Vətən üçün canlarını fəda edən şəhidlərimiz qarşısında baş əyir, onların əziz xatirələrini əbədi olaraq qəlbimizdə yaşadacağımıza söz veririk.

 

“Yeni həyat” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: