Məlum olduğu kimi, pay torpaqları torpaq islahatı dövründə qanunvericilik əsasında naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilib. Bu o deməkdir ki, pay torpağının hər hansı bir hissəsinin satılması üçün bütün ailə üzvlərinin (payçıların) razılığı tələb olunur. Bu baxımdan pay torpaqlarının satılması və ya icarəyə verilməsi ilə bağlı müqavilə notarial qaydada təsdiq olunması üçün bütün payçıların iştirakı vacibdir. Bir payçının müxtəlif səbəblərdən iştirak edə bilməməsi (məsələn, şəxs xaricdədir) səbəbindən torpağın satılmasını və ya icarəyə verilməsini mümkünsüz edir. Amma etibarnamə varsa məsələ həll olunur. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatına görə pay torpağının alğı-satqısı üçün Dövlət aktı və ya Çıxarış (kupça) olmalıdır. Çıxarış yoxdursa siz öncə Daşınmaz əmlakın dövlət reyestri xidmətindən əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Forma-1 arayışı almalısınız. Çıxarış varsa Daşınmaz əmlakın dövlət reyestri xidmətinə getməyə ehtiyac yoxdur. Notarius özü Forma-1 arayışını öz sistemlərindən əldə edəcək. Payçıların şəxsiyyət vəsiqələri, nikah haqqında şəhadətnamələri, əgər pay torpağı evli vaxtında əldə olunubsa həyat yoldaşının razılıq ərizəsi, Dövlət aktı, Forma-1 sənədini götürüb yaxınlaşırsınız ASAN xidmətə və ya notariuslara. Alıcı da mütləq iştirak etməlidir. Payçılar öz hissənizin satışına razılıq vermələri ilə bağlı notariusda razılıq ərizəsi yazırlar. Əgər bütün sənədlər düzdürsə alıcı ilə satıcı arasında notarial alqı-satqı müqaviləsi bağlanılır. Qeyd edək ki, hər payçının razılıq ərizəsi üçün 4.40 Azn, alğı-satqı müqaviləsi üçün dövlət rüsumu və göstərilən хidmətlərə görə müəyyən məbləğdə ödəniş olunur.