Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən il ərzində müvafiq uşaqların yaşadıqları evlərə baş çəkilir, problem və qayğıları araşdırılır və həlli istiqamətində aidiyyəti üzrə tədbirlər görülür.
Komitənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu dəfə Naxçıvan şəhərində yaşayan hər iki valideynini itirmiş Turabova Şərmin Məmməd qızı, Turabova Zərifə Məmməd qızı, Məmmədli Sevgi Mətləb qızı və Naxçıvan şəhər Tumbul kəndində yaşayan valideyn himayəsindən məhrum Ak İnci Cəmil qızı olmaqla, ümumilikdə 4 uşağın yaşadığı evdə monitorinq keçirilib. Monitorinq zamanı müvafiq uşaqlar aidiyyəti üzrə himayə və qəyyumluğa verilən uşaqların sağlamlığı, eləcə də mənzil və yaşayış, tərbiyə və təhsil şəraitləri, sosial vəziyyətləri yoxlanılıb, qəyyum, himayədar və uşaqlar ilə geniş söhbətlər aparılıb, hüquq pozulması hallarına rast gəlinməyib.
Qeyd edək ki, uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması istiqamətində monitorinqlər bundan sonra da davam etdiriləcəkdir.