Naxçıvan Muxtar Respublikası botaniki nöqteyi-nəzərdən Cənubi Qafqaz regionunda ən zəngin guşələrdən biridir. Burada botaniki tədqiqat işləri qədim dövrlərdən başlayıb. O dövrlərdə tədqiqatçılar əsas diqqəti çəmənlərin, otlaqların, meşələrin öyrənilməsinə yönəldib. Buna görə də onlar göl, bataqlıq və digər çoxsaylı su hövzələrinin florasına, bitki örtüyünə, faydalı növlərinə əhəmiyyət verməyiblər. Bu səbəbdən su-bataqlıq bitkiləri haqqında kifayət qədər məlumat əldə olunmayıb. Qeyd etmək lazımdır ki, su bitkiləri ilə işləmək bir sıra çətinliklərlə əlaqədar olduğundan hazırki dövrdə də botaniklər quru bitkiləri ilə işləməyə daha çox üstünlük verirlər. Muxtar respublikanın su-bataqlıq bitkilərinin öyrənilməsi nəticəsində regionun xalq təsərrüfatının inkişafına kömək edən çoxlu nəzəri və təcrübi əhəmiyyətli məsələlər aşkara çıxarılıb. Tədqiq olunan su-bataqlıq bitkilərinin içərisində yem istehsalında, tikinti işlərində, yeyinti, dərman, lif, sellüloz və kağız sənayesində, həmçinin təsərrüfatda vacib olan bir çox materialların toxunmasında xammal kimi istifadə oluna bilən qiymətli bitkilər kifayət qədərdir. Məsələn, su-bataqlıq bitkilərinin əksəriyyəti dərman bitkiləridir. Onlardan bəzi perspektivliləri tədarük olunub qablaşdırılaraq muxtar respublikanın əczaxanalarında əhaliyə satışı reallaşdırıla bilər. Belə su-bataqlıq bitkilərinə çöl qatırquyruğunun yerüstü hissəsi - Herba equisetum arvense, quşəppəyi - Herba capsella bursa pastoris, gicitkanın yarpağı - Folium urtica dioica, bağayarpağının yarpağı - Folium plantaqo mar, Dazıotu -Herba hypericum perforatum, onunla eyni tərkibə və farmakoloji təsirə malik olan, istifadəsinə icazə verilmiş kələkötür dazıotunun (birinciyə nisbətən ehtiyatı daha boldur)- Herba hypericum scabrum, xəşənbül - Herba melilotis officinalis və başqaları aiddir.
Əczaxanalarda dərman formaları - luğab (selik) hazırlanıb satışının reallaşdırılması, (nastoy) cövhər hazırlanması üçün dərman pişikotunun kökü və kökümsovları - Radix et Risoma valeriana officinalis tədarük olunmalıdır. Qeyd etmək lazımdır ki, muxtar respublikanın ərazisində dərman pişikotu növü inkişaf etməyib. Ancaq ərazidə yayılmış sarımsaqyarpaqlı pişikotunun Farmakoloji Komitə tərəfindən dərman pişikotuna bərabər səviyyədə istifadəsinə icazə verilib. Həmçinin ərazinin dağlıq hissəsində yayılmış cökəyarpaq pişikotunun kökləri də tədarük olunub reallaşdırıla bilər.
Su-bataqlıq bitkilərinin mühüm tətbiq sahələrindən biri də tədarük olunaraq, zavod şəraitində qalen - farmaseptik preparatların hazırlanmasıdır. Bu qrup su-bataqlıq, sahil bitkilərinə - şirinbiyanın kökü - Glycyrrhiza glabra kortizon, qatı və quru ekstrakt, sinə eleksirinin alınması üçün, erkək ayıdöşəyinin kökümsovları- Risoma dryopteris filix mas - ekstrakt və filiksin həbi almaq üçün, gicitkan yarpağı - Folium urtica dioica və su bibərinin otu - Herba polygonum hydropiper - duru ekstrakt almaq üçün, acıqovuğun kökü - Radix taraxacum officinale - qatı ekstrakt almaq üçün istifadə edilir. Su - bataqlıq bitkilərindən bir çoxunun muxtar respublika şəraitində əkilib - becərilməsi mümkündür.
Su-bataqlıq bitkilərinin bir çoxunun kimyəvi tərkibi əsas, qiymətli təsiredici bioloji fəal maddələrlə, aşı maddələri, efir yağları, alkaloidlər, qlükozidlər, antroqlükozidlər, saponinlər, boyaq maddələri, piyli yağlar, kitrələr, selik, qətran, kauçuq, quttaperça, südlü şirə, nişasta, pektin maddələri, üzvi turşular (limon, alma, valerian, salisil və b.). zəhərli azotsuz birləşmələr, vitaminlər, antibiotiklər, fitonsidlər, mineral duzlar, yod və s. zəngindir. Bəzi su bataqlıq bitkiləri isə ətirli suların alınmasına, dərmanların tamının və iyinin yaxşılaşdırılmasına tətbiq olunur.
Aşı maddələri bitki aləmində geniş yayılıb. Kimyəvi tərkibinə görə mürəkkəb üzvi birləşmələr olub, aromatik sıra fenollardan, polifenollardan (pirokatexin, piroqallol floroqlyusin və b.), həmçinin müxtəlif fenolkarbon turşularından təşkil olunub. Tibb praktikasında vacib əhəmiyyətə malik aşı maddələri mədə - bağırsaq xəstəliklərində büzücü, ağız boşluğu və udlaq xəstəliklərində antiseptik vasitə kimi istifadə olunmaqla yanaşı gön dəri sənayesinin (dərinin aşılanması), boyaqçılıq işlərinin, eyni zamanda toxuculuq sənayesinin əsas xammalıdır.
Naxçıvanın su - bataqlıq florasının tərkibində də aşı maddələri ilə zəngin olan bitki növləri az deyildir. Perspektiv növlərinə üçerkəkcikli söyüd-14,9% (qabığı), kütyarpaq əvəlik - 12,0-20,0% (kökü), şəhər çınqılotu - 38,0-40,0% (kökü), yulğun növləri-16,0-20,0% (qabıq, yarpaq) və digərləri misal ola bilər. Adi yergiləsi - Physalis alkekengi L. kökündə olan boyaq maddəsi dişəti dibinin yaxalanmasında (qarqara etmək) istifadə olunur. Bataqlıqlaşmış yerlərdə yayılan su yarpızının Mentha aquatica L. tərkibində 0,8% efir yağı vardır ki, bu yağın da əsasını karvon təşkil edir. Dəniz lığvəri - Bolboschoenus maritimus (L.) Pall. düzən sahələrdən ortadağ qurşağına qədər bataqlıqlaşmış yerlərdə cəngəllik əmələ gətirir. Kürəşəkilli kökyumrucuqları nişasta ilə zəngindir. Tibb və farmaseptika praktikasında müxtəlif xəstəliklərin müalicəsində xüsusilə şəkərli diabet xəstəliyində işlədilən ən vacib bioloji fəal maddə insulindir. Floramızda tərkibində insulin olan bitkilərin müəyyən edilməsi çox əhəmiyyətlidir. Su-bataqlıq bitkiləri arasında da belə bitkilər vardır. Ən çox insulin uca andızda - 41-44%, iri at pıtrağında -14%, keçətüklü at pıtrağında - 27%, dərman acıqovuğunda - 40%, adi kasnının kökündə 52-60% olur.
Bitki aləmində üzvi turşular geniş yayılıb. Bu qrup bioloji fəal maddələr təkcə tibbdə və farmaseptik deyil, həm də yeyinti sənayesində geniş istifadə olunur. Məsələn, murdarçayabənzər çaytikanının şirəli meyvələrində 2,64% alma turşusu. Burunlu kəpənəkçiçəkdə, çöl qatırquyruğunda akonit (ekvizetin) turşusu, ətrəng qızılcıqda, qallysov, qallova və ellaqov turşuları, ikievli cicitkanda bu turşulardan başqa qarışqa turşusu da vardır. Kumar turşusu isə dərman xəşənbülündə tapılıb. Tərkibində ən çox zəhərli azotsuz birləşmələr olan bitkilərdən biri erkək ayıdöşəyidir. Bu bitkinin efir ekstraktında təsiredici maddələr filisin, flavospied turşusu, albaspidin və aspidinoldur. Onlar floroqlyusinin törəmələridir. Tərkiblərində filisinin miqdarı 3,0-3,41 və 3,3-3,51 % arasında dəyişir. Tələbata görə çox aşağıdır. Çünki dövlət farmakopeyasının tələblərinə görə bu miqdar 25-28%-ə çatdırılmalıdır.
Müasir təbabətdə ateroskleroz xəstəliyinin profilaktikası və terapiyasında tərkibində yod olan bitkilər mühüm əhəmiyyətə malikdirlər. Su-bataqlıq bitkiləri içərisində yodla zəngin olan bitkilər də vardır. Belə bitkilərə nümunə olaraq adi pıtrağı, tikanlı pıtrağı, dərman acı qıjısını qeyd etmək olar. Pıtraqların bütün hissələri yodla zəngindir. Acı qıjı bitkisinin isə 1 kq quru otunda 4-5 mq yod olduğu öyrənilibdir. Ehtiyatı boldur. Naxçıvan Muxtar Respublikasında əhali bu bitkini “Acıqıcı” adı ilə çiy halda tərəvəz bitkisi kimi yeyir.
Naxçıvan Muxtar Respublikasının su bataqlıq bitkiləri xalq təsərrüfatının bütün istiqamətlərində tətbiq olunan qiymətli bitkilərin xammal ehtiyatına malikdir. Əhəmiyyətinə görə heç də quru bitkilərindən geri galmayan su bataqlıq bitkilərindən səmərəli istifadə olunması yem istehsalının artırılmasını, tibb, yeyinti, gön-dəri, boyaqçılıq və b. sənaye sahələrinin inkişafını təmin edər.
Bu baxımdan su-bataqlıq ekosisteminin faydalı bitki sərvətlərilə zənginliyini, bioloji ehtiyatlarından yem bazasının möhkəmləndirilməsində, qənnadı və tibb sənayesinin qiymətli bitki xammalı ilə təmin olunmasındakı mühüm rolunun olmasının nəzərə alınması, səmərəli istifadə olunması və mühafizəsi tövsiyə olunur.
Aynur İbrahimova
Naxçıvan Dövlət Universitetinin müəllimi,
biologiya üzrə fəlsəfə doktoru