Naxçıvan çərşənbəni qarla qarşıladı - FOTOLAR
Boz ay "boz üzünü" göstərir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qışla vidalaşıb xalq təqviminə görə boz ayı yaşadığımız bu günlərdə təbiət yenə heyrətləndirdi. Muxtar respublika ərazisinə gecə saatlarından yağmağa başlayan qar dağlıq rayonlarla yanaşı, paytaxt Naxçıvan şəhərində də yağır.
Qeyd edək ki, xalq təqviminə görə boz ay Novruz bayramı gəlməzdən əvvəl olan dövrə verilən addır. Xalq arasında bu dövrə boz ayla yanaşı, “alaçalpo(v)”, “çilləbeçə”lər, “ağlar-gülər ay” da deyirlər. Ayın bu cür adlanması onun buludlu, yağışlı, küləkli, bəzən də günəşli, bir sözlə, dəyişkən olması ilə bağlıdır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən hava haqqında verilən xəbərdə isə bildirilir ki, muxtar respublika ərazisində havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, duman olacağı gözlənilir.
Saniyədə 5-10 metr sürətlə qərb küləyi əsəcək, temperatur gecə 0 - 5 dərəcə isti, gündüz 4 - 9 dərəcə isti olacaq.