Yüksək keyfiyyəti, gözəlliyi ilə seçilən Naxçıvan xalçalar - FOTO - FOTOLAR

A- A A+

Bəşəriyyətin ikinci yaradılış yeri, dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan torpağının çoxşaxəli mədəni irsində xalçaçılıq sənəti xüsusi yer tutur. Bu diyarda memarlıq, fəlsəfə məktəbləri, köklü təhsil ənənələri ilə yanaşı, xalçaçılıq sənəti də böyük inkişaf yolu keçib. Gözəl və füsunkar təbiətli yurdumuzda vaxtilə evlərdə palaz, kilim, sumax, vərni, şəddə, zilli və cecim kimi xalça növləri toxunub, xalçatoxuma sənəti inkişaf etdirilib.

Naxçıvan xalçaları qədim tarixə malikdir

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun sözlərinə görə, Naxçıvanın Kültəpə ərazisindən arxeoloji qazıntılar zamanı gildən düzəldilmiş toxuculuq alətləri – iy və cəhrə aşkar edilib. Buradan, eləcə də gildən düzəldilmiş qabların içində qırmızı rəng tapılıb ki, boyaq otlarından alınan bu rənglərlə insanlar xalça iplərini boyayırmışlar. Həbibullayev Kültəpədə yaşayan qəbilələrin ilk dəfə primitiv xalça toxuduqlarının eramızdan əvvəl IV-III minilliyə aid olduğunu bildirir. Naxçıvan xalçalarının, ümumilikdə, özünəməxsus çalarları vardır. Bu elementlərdən şaquli istiqamətli zolaqlar, romblar, qarmaqlı həndəsi elementlər və nəbati ornamentlər, heyvan təsvirləri kimi naxışlar xalqın genetik yaddaşından silinməyən inanc və təsəvvürlərlə bağlıdır. Xovsuz xalça növündə atların, atlıların və dəvələrin, çullarla bəzədilmiş dəvə karvanının təsviri, xovlu xalçaların bəzəyinə çevrilən buta elementi Naxçıvan xalçalarını öz spesifik toxunuşu və bədii quruluşu ilə fərqləndirir. Araşdırmalar nəticəsində xalçaçılıq sənətinə daxil olan keçəçiliyin lap qədim dövrdə mövcud olduğunu qeyd etmək olar.

Naxçıvanda xalçatoxuma sənətinin qədim olmasına baxmayaraq, xalçaçılığın müstəqil sənət sahəsi kimi inkişafı orta əsrlər dövrünə təsadüf edir. XIV əsrdə yaşamış Həmdullah Qəzvini Naxçıvan sənətkarlarının yüksəkkeyfiyyətli xalça toxumaları barədə məlumat verir.

Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və elementləri, özünəməxsus şux rəng çalarları ilə zənginləşdirən Naxçıvan xalçaları bu gün də öz dəyərini saxlamaqdadır. Naxçıvanın Şərur, Şahbuz, Ordubad, Culfa bölgələrində daha geniş yayılan xalça sənəti xalq yaradıcılığı növlərindən biri kimi diqqətləri cəlb edir.

Bu məqamda onu da qeyd edək ki, bu il muxtar respublikada əldə olunan, bütün Azərbaycan xalqını sevindirən mühüm nailiyyətlərdən biri də Əlahiddə Ümumqoşun Ordunun Günnüt kəndini işğaldan azad etməsidir. Bu il iyulun 18-də Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvanın tarixi xalçaçılıq məktəbinin nümunəsi olan Günnüt xalçalarının təqdimatının keçirilməsi də bir daha göstərir ki, bura Azərbaycanın qədim yurd yerlərindən biridir və tarixən bu kəndin yerləşdiyi ərazidə oğuz türkləri yaşayıblar.

Muxtar respublikada xalçaçılıq sənəti təbliğ olunur

Xalçaçılıq sənətimizin təbliği, yaşadılması sahəsində mühüm işlər görən və artıq 20 ildir, uğurla fəaliyyətini davam etdirən Naxçıvan Dövlət Xalça Muzeyi ölkəmizdə müstəqillik illərində yaradılan ilk muzeylərdəndir. 359 eksponatla fəaliyyətə başlayan muzeyin eksponatlarının sayı bu gün 3 min 400-ü ötüb, onlardan 300-dən çoxu ekspozisiyada nümayiş etdirilir. 2010-cu ildə yeni bina ilə təmin olunan muzeyin 2013-cü ildə üç dildə internet saytı istifadəyə verilib. Bu da muzeyi virtual ziyarət etməyə, ziyarətçilərə ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar verməyə, tarixi keçmişimizi öyrənməyə imkan yaradıb. Həmçinin muzeyin ekspozisiyasının zənginləşdirilməsi də diqqətdə saxlanılıb. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, hazırda muzeyin ekspozisiyasında sərgilənən xalçaların hamısı Naxçıvan xalçaçılıq məktəbinə aiddir.

Naxçıvan xalçaları həm də əsaslı tədqiqat obyekti kimi diqqəti cəlb edir. Son illər nəfis tərtibatlı “Naxçıvan xalçaçıları”, “Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII-XX əsrin əvvəlləri)” kitab və monoqrafiyaları, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalı və “Azərbaycan xalçaları” jurnallarında Naxçıvan xalçaçılıq sənəti ilə bağlı nəşr olunmuş məqalələr xüsusilə qeyd edilməlidir. Bu il işıq üzü görən və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradovun müəllifləri olduğu “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabı Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi və təbliğində ən dəyərli nəşrlərdən biridir.

Xarici mətbuat Naxçıvan xalçalarından yazır

Amerika Birləşmiş Ştatlarında yaşayan müstəqil jurnalist və tədqiqatçı Peter Tasenin Naxçıvan Muxtar Respublikasının bugünkü sosial-iqtisadi yüksəlişi, qədim tarixi, mühüm tarixi-mədəni abidələri barədə yazdığı və “Foreign Policy News”, “Eurasireview”, “Eurasia Hoy”, Litvada nəşr olunan “Slaptai” qəzetlərində, İspaniyanın “Diariosigloxxi” portalında, Bosniya-Hersoqovinada nəşr olunan “Diegon pro” jurnalında işıq üzü görən məqalələrində Naxçıvan xalçalarının heyranedici gözəlliyi xüsusi vurğulanıb. Peter Tase Naxçıvanda yerli rəssamların xalça kompozisiyaları hazırlayarkən simmetriyanın aliliyinə xüsusi nəzər yetirdiklərini qeyd edir. O, qədim dövrlərdən bəri xalçanın üzərində olan heyrətamiz naxışların sənətkarların diqqət mərkəzində olduğunu vurğulayır. Müəllif yazır: “Naxçıvan xalçaları XIV əsrdə daha da məşhurlaşıb. XVI-XVII əsrlərdə isə ticarət və memarlıq ilə yanaşı, xalçaçılıq regionda əsas gəlir mənbəyi kimi inkişaf edib. Orta əsrlərin sonlarında özünəməxsus toxuculuq üsullarının tətbiq olunduğu şəhərlər mövcud idi. Təbriz və Ərdəbil şəhərlərini buna misal göstərmək olar. Lakin yüksəkkeyfiyyətli xalça yunu və ipək saplarının istehsalında Naxçıvan diqqət mərkəzində olub və bu amil bir çox elementlərin mürəkkəb bədii kompozisiyalarının yaranmasına şərait yaradıb”.

Xalçaçılığın inkişafı istiqamətində mühüm addımlar atılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan xalçalarına böyük dəyər verərək deyib: “Naxçıvan xalçaları sadəcə xalça deyil, bunlar həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli nümunələrdir”.

Məhz bu amillər diqqətdə saxlanılaraq muxtar respublikada Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi istiqamətində bir sıra təşkilati işlər görülüb. Peşə məktəblərində xalçaçılıq kursları, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyi açılıb. Eyni zamanda, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunması təşkil olunur. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələrə Naxçıvan xalçaçılıq məktəbinin ənənələri öyrədilir.

Bu gün muxtar respublikada daha bir mühüm layihəyə uğurla reallaşdırılır. Bu, “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial layihədir. 2014-cü ildən həyata keçirilən bu layihənin icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud və evdar qadınlarla müqavilələr bağlanılıb, xalça toxunuşunu həyata keçirmək üçün lazım olan hana, ip və digər avadanlıqlar onlara əvəzsiz olaraq verilib. İndiyədək 30-dək sağlamlıq imkanı məhdud və evdar qadın bu layihəyə cəlb olunub, eni 80 santimetr, uzunluğu 1 metr 20 santimetr ölçüdə 50-dən çox xalça toxunub. Onu da qeyd edək ki, ərsəyə gələn xalçalar Naxçıvan çeşniləri əsasında toxunub. Toxunmuş xalçaların əl işlərinin satışı mağazasında və muxtar respublikada təşkil olunan sərgilərdə satışı həyata keçirilib. Layihə çərçivəsində ötən illər xalça toxumaqla məşğul olan qadınlar həm də evlərində qızlarımıza, gəlinlərimizə bu sənətin sirlərini öyrədirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı da qədim el sənətinin daim yaşadıldığı Naxçıvanda bu sahənin davamlı inkişafına, xalçaçılığın keçmişi ilə bu günü arasında möhkəm körpünün yaranmasına səbəb olacaq. Nəsildən-nəslə ötürülərək günümüzə qədər gəlib çatan xalçaçılıq sənətinin unudulmaması üçün xüsusi dövlət proqramı da həyata keçirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, Naxçıvanda xalçaçılıq ənənələrinin daha dərindən öyrənilməsinə, qədim el sənətinin hər bir incəliyinin araşdırılmasına, təbliğinə geniş imkanlar açır.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin dediyi kimi, bu gün muxtar respublikada tarixilik və müasirlik yaşadılır, milli ənənələr, milli-mənəvi dəyərlər qorunub saxlanılır və inkişaf etdirilir. Bütün bunlara görə Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi burada əsrlər boyu qorunub saxlanılaraq yaşadılmış və müasir dövrlərdə yüksək səviyyəyə qaldırılmış milli mədəniyyət sahəsindəki böyük nailiyyətlərə, türk-islam mədəniyyəti ənənələrinin inkişaf etdirilməsinə verilmiş yüksək qiymətin nəticəsidir.

Rauf Kəngərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: