Hər il martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günü qeyd edilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün 2007-ci ildə Dünya Səhiyyə Təşkilatı tərəfindən qulaq və eşitmə qabiliyyətinin qorunması məqsədilə təsis edilib. Həmin günün seçilməsi də məhz simvolik xarakter daşıyır. Məsələ burasındadır ki, 3 rəqəminin yazılışı da insan qulağının formasına bənzəyir.
Yaşadığımız dünya müxtəlif və rəngarəng səslərlə doludur. Onların arasında həzz gətirəni, sakitlik bəxş edəni də, sevinc hissi oyadanı, həyəcan yaradanı da var. Təəssüf ki, heç də hamı səslərin müxtəlifliyini eşidə bilmir. Eşitmə qabiliyyətinin itirilməsi dünyada əlilliyin yayılmış sensonevral forması hesab edilir. Aparılan statistikaya görə, dünyada karlıqdan və eşitmə pozulmalarından təxminən 360 milyon nəfər əziyyət çəkir.
Karlıq və pis eşitmənin əsas səbəbi genetik faktor, qulağın xroniki infeksiyaları, bir sıra xəstəliklər - məxmərək, qızılca, yoluxucu parotit, meningit, həmçinin bəzi dərman preparatlarının və ətraf mühitin zərərli amillərinin təsiri, ilk növbədə, gur səslənmədir. Həkimlərin rəyinə əsasən həmin səbəblərdən baş verən karlıq və pis eşitmənin yarısını aradan qaldırmaq mümkündür. Qabaqlayıcı tədbirlər sırasına əhalinin immunizasiyası, ana və uşağın sağlamlığının qorunması, əmək gigiyenasının tələblərinə əməl olunması daxildir.
1841-ci ildə alman həkimi Hofman qulaq-burun-boğaz boşluqlarını müayinə etmək üçün güzgüdən istifadə edib. Az sonra həkimlər başa bərkidilmiş çökük güzgüdən istifadə etməyə başlayıblar və ona reflektor adı verilib.
Ümumdünya Səhiyyə Təşkilatının apardığı qiymətləndirməyə görə, dünyada 1,1 milyard gənc təhlükəli dinləmə vərdişinə görə eşitmənin itirilməsi ilə əlaqədar risk daşıyırlar. Yaşı 12-35 arasında olan 43 milyondan çox insanın müxtəlif səbəblər üzündən eşitməni itirməsi onların əlilliyinə səbəb olub. Ona görə də təşkilat gəncləri və onların ailələrini sonralar eşitmənin pozulmasına aparıb çıxaran güclü səs-küydən uzaq olmağa və dövlətləri həmin problemin qarşısını almaq üçün diqqətli olmağa çağırır.