Babək rayonunda ictimai şuraların iclası keçirildi - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Babək rayonunda ictimai şuraların iclası keçirilib.
İclasda Babək Rayon Polis Şöbəsinin rəisi Teymur Quliyev bildirib ki, bu gün Babək rayonunun yaşayış məntəqələrində, ən ucqar kəndlərində belə müasir infrastruktur qurulub. Müasirtipli məktəblər, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları sakinlərin ixtiyarına verilib. Rayon ərazisində geniş yaşıllıq sahələri salınıb. Bütün bunlar sakinlərin rahat yaşayışına xidmət edir. Buna görə də aparılan quruculuq və yaşıllaşdırma işlərində sakinlər də yaxından iştirak etməli, infrastrukturlar, yaşayış məntəqələrinin abadlığı qorunub saxlanmalıdır. Bu işdə ictimai şura üzvlərinin də üzərinə böyük vəzifə düşür. Şura üzvləri bu məsələlərə diqqəti artırmalı, sakinlərlə maarifləndirici söhbətlər aparılmalıdır.
Tədbirdə Rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Ramiz Süleymanov, şura üzvü, Babək rayon dini icmasının sədri Qasım Qasımov ötən dövrdə görülən işlərlə bağlı məlumatlar verib, rayonda məhərrəmlik aylarında keçirilən aşura və digər mərasimlərlə bağlı görüləcək tədbirlərdən danışıblar.
Qeyd olunub ki, muxtar respublikada aşura günlərində qan azlığından əziyyət çəkən xəstələrə dəstək xarakterli qanvermə aksiyalarının təşkili kimi nümunəvi bir ənənə formalaşdırırılıb.
Tədbirdə Novruzqabağı keçirilən bir sıra mərasimlər və qəbirüstünə çıxma kimi adətlərin keçirilmə qaydası da iştirakçıların diqqətinə çatdırılıb.
Novruz Məmmədov