OCAQ-NUHÇIXAN İnformasiya Agentliyinin yeni layihəsi

A- A A+

Dünya binə olandan ailələr bir OCAQDA yaşayıb, insanlar bir OCAQ başında isinib, yaşadıqları ərazini özlərinə yurd-yuva, məskən seçiblər. Dünyaya göz açdığımız evə, yaşadığımız yurda, bir də müqəddəs bildiyimiz  yerlərə OCAQ  demişik. 

NUHÇIXAN İnformasiya Agentliyinin oxucularına təqdim etdiyi yeni layihəsi olan “Ocaq”da muxtar republikamızın qədim kəndləri, bu yurd yerlərində mövcud olan abidələr, ziyarətgahlardan danışacağıq, burada yaşayan insanların qədim məişət həyatından, etnoqrafiyasından söz açacağıq.

Naxçıvanda-uca dağların, şiş qayaların qoynunda, çayların əhatəsində yerləşən, əzəmətini dağlardan, məğrurluğunu qayalardan alan bir elə, obaya, ocağa ulu babalarımız Biləv adını qoyub, “dağ yeri duman yeri, yurd yeri güman yeridir” deyiblər.

Ordubad rayonunda unikal bir mövqeyə malik olan Biləv kəndi dağları, qayaları, qalaları, körpüləri, daşları, yer, yurd adları ilə qədimdir. Çay hövzəsində yerləşməsi insanların dövri-qədimdən buranı yaşayış yeri seçməsinə, binələr qurmasına səbəb olub. Biləv, Abdal, Xəlifəli, Şamlı, Gödəkli, Kəngərli, Seid adlı tayfa və nəsillər yaşayıb bu kənddə. Tədqiqatçılar qədimliyi, yerləşdiyi ərazinin dağlıq və landşaft xüsusiyyətlərinin müxtəlif olması ilə seçilən kəndin Biləv adlanmasının müxtəlif səbəblərini veriblər. Bəzi mənbələrə görə, Biləv “min ev” sözünün təhrif olunmuş formasıdır, digər əsaslarda Biləv adının  kənddəki “bülöv daşı” sözündən götürüldüyü məlum olur. Lakin Biləv adının burada yaşamış Biləv tayfasının adı ilə bağlanmasının həqiqətə daha uyğun olduğunu deyir tarixçilər.

Tarixi: Naxçıvan Muxtar Respubklikasında insanların ilk məskunlaşdığı yerlərdən biri Biləv kəndi olub. Kəndin yaylaq sahələrindəki qədim yurd yerləri, həmin ərazilərdəki  qayalara və daşlara həkk olunmuş təsvirlər Biləvdə yaşayışın 5-6 min il bundan əvvəl mövcud olduğundan soraq verir. Kənd ərazisində tunc, ilk dəmir, orta əsrlər dövrünə aid çoxlu maddi və mədəni tapıntılar aşkar olunub. Bu qədim kənd erməni fitnəkarlığından da yan keçməyib. 1905-1907 və 1918-1920-ci illərdə mənfur ermənilərə qarşı layiqli müqavimət göstərərək  kəndi qaniçən düşmənlərimizdən qoruya biliblər biləvlilər.

Kənd 1930-cu ildə təşkil olunan Culfa rayon inzibati ərazisinə, 1965-ci ildə Ordubad rayonuna şəhər statusu verildikdən sonra isə 60-cı illərin sonunda yenidən Ordubad rayon  inzibati ərazisinə daxil olub.

Abidələri: Biləvdə yaşayan saf və zəhmətkeş insanlar Gilançayın səsi ilə oyanıb, zümzüməsi ilə yuxuya dalıblar. Deyilənə görə, qədim Gilan şəhəri Düylünçay hövzəsində yerləşsə də,  şəhər  Biləv yaxınlığında bu çaydan ayrılan arxın suyu ilə təmin edildiyindən çay Gilançayı adlanıb. Sahilində məskunlaşan kəndlərin, ellərin, obaların, yurd yerlərinin aylı-ulduzlu, sakit gecələrinin şahidi olub bu dağ çayı.  Suları Arazın həsrətli sularına qarışıb. Orta əsrlərdə karvan yollarının çox işlək olduğu dövrdə salınan bir körpü də Biləv ərazisində çaya bənd olaraq insanları bu sahildən o sahilə aparıb. Bu qədim yurd yerinin adı ilə adlandırılan Biləv körpüsünün tarixi XVIII əsrə dayanır. Uzaq keçmişimizə yol salan, iri həcmli çay daşları və qaya parçalarından tikilən körpü əvvəllər beş aşırımlı olub. Lakin daşlarına tarixin əsən yelləri toxunan qədim tikilinin günümüzədək iki aşırımı gəlib çıxıb. Körpü tarixin hansı hadisələrinə şahidlik edib, kimləri yolçu edib üzərindən? Orası məlum deyil. Amma bir həqiqət var ki, orta əsrlərdə  Böyük İpək yolunun üstündə yerləşən Biləv kəndinin enişli-yoxuşlu, dar yollarından  keçən  karvanlar  bu körpüdən keçib, yaxın, uzaq şəhərlər, ölkələrlə ticarət əlaqələri saxlayıb biləvlilər bu körpü vasitəsilə. Gilan şəhərini və Plovdağdakı, Sabirkənddəki (Dizə), eləcə də Naxçıvan və Culfa şəhərlərini, Əlincəçay vadisindəki yaşayış məskənlərini Zəngəzurla, Qarabağla birləşdirən karvan yolları Biləvdən keçdiyindən Biləv körpüsü də bu karvan yolları ilə hərəkət edən ticarət karvanlarına və yerli əhaliyə xidmət etmək məqsədilə inşa edilib. Biləvin sumaxı, meyvələri, xalça-palazı, mal-davarların yunu, ət və süd məhsulları bu körpünün üzərində gələn tacirlərə satılıb. 

Dağlar kimi mətin, mübariz olan biləvlilər körpülər inşa edib, xalçalar toxuyub, qoç heykəllər hazırlayıb, qalalar tikiblər.

Babək qeyrətli, Babək hünərli insanların yaşadığı bu yurdda, bu ocaqda “Taxtır” adlanan təpənin üzərində bir qala ucalır. Deyirlər, Biləv kəndinin rəmzinə çevrilən bu qala  Xürrəmilər hərəkatının başçısı, xalq qəhrəmanı Babəkin adını, ruhunu yaşadır.  Həqiqətən də, tarixi VII-X əsrlərə aid edilən qalanın görkəmindən Ulu Babəkin obrazı boylanır   sanki... Deyilənə görə, Xalq qəhrəmanı Babək Xürrəmilər hərəkatı zamanı yüksək dağ zirvəsində yerləşən  bu  qalaya  sığındığından  qala onun adı ilə adlanıb. Tarixin müxtəlif dövrlərindən, qədim və orta əsrlərdən başqa XVII-XVIII əsrlərdə də möhkəm sığınacaq kimi istifadə olunan bu qala həm də orta əsrlərdə Təbriz-Xudafərin-Gilan-Naxçıvan-Qarabağ karvan yolu üzərində mühüm nəzarət məntəqəsi olub.   

Kəndin şərqində XIV-XVIII əsrlərə aid qədim bir qəbiristanlıq da var.  Daş qoç heykəllər Biləvdəki bu qədim qəbiristanlığın rəmzinə çevrilib. Sonralar  həmin  heykəllər Naxçıvan şəhərində Açıq Səma Altındakı muzeyi zənginləşdirib. 

Təbiəti: Zəngəzur silsiləsinin ətəyində yerləşən Biləvin uca dağları başına tac olub.  Kəndin hündür zirvələrini təşkil edən, sirli-sehirli, müəmmalı dağlara Elti, Xarxat, Abdal deyiblər. Dünyanın çox yerində bitməyən bitki növləri Biləvin zəngin və rəngarəng  təbiətində, dağlarında bitib, xüsusilə  buynuzlu ilanlar, oxlu kirpilər burada çox olub.  Hətta, 60-cı illərin sonu 70-ci illərin əvvəllərində Rusiyanın Lelinqrad şəhərindən Biləvə  gələn nümayəndə heyəti bu məqsədlə burada ekspedisiyalar aparıb.

Etnoqrafiyası: Zəhmətkeşlik, sadəlik, etibarlılıq, birlik, ailəcanlılıq və qonaqpərvərlik  biləvlilərin əsas xüsusiyyətidir. Dağları, dərələri, bağları ilə göz oxşayan bu yurd yerində yaşayan insanlar əsasən iribuynuzlu və xırda buynuzlu heyvanlar saxlayıb, burada vaxtilə az qala hər ailədə mövcud olan hana dəzgahında xalça, palaz, cecim və kilim toxunub, meyvə bağlarından tonlarla meyvə yığılıb, müxtəlif növ üzüm sortları, ən çox da tut və cəviz becərilib. Yaşlı sakinlər deyirlər ki, kənd təsərrüfatının o qədər də inkişaf etmədiyi, çörəyin qıt olduğu  dövrlərdə  ikinci çörək sayılan tut həm də ən ləziz şirniyyatı əvəz edib  Biləvdəki evlərdə... 

XVIII-XIX-cu əsrlərdə bu kənddə çoxlu dəyirman daşları olub. Hətta qonşu kəndlərdə olan dəyirmanlar üçün də daşlar Biləv ərazisində olan tuflardan və tuflu qumdaşlarından hazırlanıb. Bu daşlardan əlavə Biləvdə çoxlu əl dəyirmanları (kirkirə), habelə  bəzir (bəzərək) və zəyrək daşları da olub. Bəzir daşlarında XIX əsrin sonlarınadək əkilən kətan  toxumlarından bəzir yağı, zəyrək daşlarında isə boyakarlıqda istifadə olunan zəy məhlulu alınırmış. Kənd ərazisindən tapılmış 5 tonluq dəyirman daşı hazırda Xan Sarayı Dövlət Tarix Memarlıq  Mömünə Xatın və Açıq Səma Altında  Muzey Kompleksində  nümayiş olunur. XX əsrin sonlarına qədər Biləvin hər məhəlləsində daşdan yonulmuş iri həvəngdəstəni xatırladan dibək daşlarında isə əhali daş duz, buğda və sumax üyüdüb. 60-70-ci illərdə Biləv toylarında dənli bitkilərdən xonçalar hazırlanıb. Xüsusilə Novruz bayramı bineyi-qədimdən bu kənddə böyük təntənə ilə qeyd olunur. Quru meyvələrin bayram  süfrəsində olmasına daha çox önəm verilir, cəvizli təndir kökəsi hazırlanır.

Naxçıvan xanlığının 9 mahalından birinin mərkəzi olan Biləv böyük bir mahal olduğundan vaxtilə kənddəki mühüm işlər kəndin girişindəki “Carçı daşı” vasitəsilə   burada yaşayan əhaliyə çatdırılıb. 

Ordubadın qocaman məktəbi: Biləvdə XIX əsrdə (1896-cı ildə) fəaliyyət göstərən  məktəb, 1920-ci ildə ibtidai,  1940-cı ildə orta məktəbə çevrilib. İnsanlar maarifə, təhsilə böyük önəm veriblər. Biləv məktəbinin qabaqcıl  təhsil ocaqları sırasında olmasında  uzun illər məktəbin direktoru olmuş Zəfər Heydərovun, Mirhüseyn Həsənovun, müəllimlərdən Mirzə Rzayevin, Süleyman Həmidovun, Ramiz Həsənovun xidmətləri böyük olub. Biləv kənd orta məktəbi generallar, zabitlər, müəllimlər, mühəndislər, həkimlər, dünya və ölkə çempionatları, professorlar, elmlər doktorları yetirib. Fizika–riyaziyyat elmləri doktoru Nazim Həşimov, BDU-nun  müəllimi  Məsum Səfərov, SSRİ Ali Sovetinin deputatı olmuş, H. Cavidin nəşinin Sibir çöllərindən tapılıb Naxçıvana gətirilməsində böyük xidmətləri olmuş Zakir Nəsirov, MDB ölkələri üzrə Fitizatiriya Cəmiyyətinin fəxri üzvü, tibb elmləri doktoru, professor Yavər Şıxəliyev, fizika-riyaziyyat elmləri doktoru Vəli Hüseynov, Əhməd və Cavad Abdinovlar, iqtisad elmləri doktorları İsmayıl Əliyev və Çingiz Əhmədov, sərbəst güləş üzrə dünya çempionu olmuş Əsgərxan Novruzov və b.  həmin məktəbin məzunları olub. Ancaq vaxtilə müxtəlif səbəblərdən, xüsusilə şəraitsizlik ucbatından Biləvi çox insanlar tərk edib. 

Müstəqillik illərində Biləvdəki torpaqlar kənd camaatına paylandı, Biləvə qaz xətti çəkildi, yeni evlər tikildi, yeni həyətlər, məhəllələr, yeni yollar salındı, ictimai və inzibati binalar tikildi, müasir standartlara cavab verən məktəb binası quruldu. Gilançayın bol suyu ilə kəndin zülmət gecələri işıqlandı. 2010-cu ildə Prezident İlham Əliyevin açılışını etdiyi Biləv SES Naxçıvan Muxtar Respublikasının  enerjiyə olan tələbatının 17% -ni ödəyir.   Bir zaman əl çatmayan, ün yetməyən Biləv kəndinin də  qapıları indi bütün  yer üzünə, turistlərə  açılıb.  Naxçıvanın  ən gözəl turistik bölgələrindən birinə çevrilən Biləv kəndinə Ulu Tanrı bütün gözəllikləri bəxş edib. İndi ata yurduna gələndə dünyanın ən zəngin sarayına daxil olur biləvlilər. Biləvdə xatirələri, uşaqlığı, gəncliyi var onların və ata-babalarından miras qalan  bu ocaq  əmanətini onlar da  gələn nəsillərə sevdirirlər. 

Yaşadığımız zamanda çox şey dəyişir. Nəsillər bir –birini əvəz edir, adi bir ağac da vədəsi çatanda ömrünü başa vurur, yerinə bir başqası becərilir. Dəyişməyən daşlar, qayalar, çaylar, dağlar, dərələr və yurd yerləridir.
Müəyyən səbəblərdən doğma yurddan ayrı düşsə də, hər bir insanın uşaqlığının keçdiyi yerə bir bağlılığı var. Hara getsə, harada yaşasa, hər zaman o yerlərə qayıtmaq, o yerlərin seyrinə çıxmaq keçir könlündən. Biləvin hər qarışı da onun qoynunda dünyaya göz açan  insanlar üçün əzizdir. Böyük vətənin kiçik parçasıdır  Biləv  biləvlilərə. Biləv adı gələndə: 

               Salam, ay Qapıcıq, Gəmi qayası,
               Ay Abdal dağları, Gəvək yaylası,
               Ucagüney, Elti, Babək qalası!
               Salam, elim-obam, a mənim kəndim!

               Salam, Gilançayım-ay Uluçayı,
               Salam Parağaçay –harayım, hayım!
               Ulusu,Yelsuyu, hansını sayım...
               Onlar qovuşan yer- o mənim kəndim! 

-Deyən şairin bu misraları ilə öz elini, obasını salamlayır, bir də xatirələrə, ötüb keçənlərə boylanır Biləvdə doğulub boya-başa çatanlar.

                                                    Türkanə Əmoyeva
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: