Qadın - müasir cəmiyyətimizin qurucusu kimi

A- A A+

Qadın haqqında dillər əzbəri olan bir ifadə var: “Qadınlar zərif məxluqlardır.” Amma düşünürəm ki, bu fikirdə həqiqət olduğu qədər yetərsizlik də vardır. Çünki qadınlar dünyanın bütün çətinliklərinə tab gətirib cəmiyyətin özülünü formalaşdırma iqtidarına malik olan, insanlığa rifah bəxş edəcək qədər güclü olan “zərif” məxluqlardır.

Qadınların cəmiyyətdəki rolu danılmazdır. Təəssüf ki, əsasən “Aysberqin” görülən tərəfi kimi yalnız həkimlərin, müəllimlərin, qadın siyasətçilərin, hüquqşünasların və s. bir sıra bunun  kimi sənət sahibi olan qadınların cəmiyyət üçün oynadığı rol işıqlandırılır. Bəs aysberqin görünməyən tərəfi necə?! Təəccübləndirici hal deyil ki, hətta bəşəriyyətin inkişafı dövründə belə qadın əməyi prioritet olub. Belə ki, tarixin inkişaf dövrünə nəzər salsaq,  “Anaxaqanlığı” dövrünün (Matriarxat) “Ataxaqanlığı” (Patriarxat)  dövründən əvvəl gəldiyinin şahidi olarıq. Hələ müəyyən bir dili, dini, təfəkkürü, mentaliteti, təhsili olmayan, hətta təkmilləşməmiş şüura sahib olan cəmiyyətdə aparıcı qüvvə olmaq, həmin cəmiyyəti idarə etmək bacarığına sahib olmaq  bugün hər kəs tərəfindən zərif məxluq kimi təsrifləndirilən qadınların üzərinə düşmüşdür.  Belə ki, qəbiləni idarə etmək, onların ehtiyaclarını qarşılamaq, ola biləcək təhlükədən qəbilə üzvlərini qorumaq məhz qadınların məsuliyyəti daxilində olub. Bu faktlara əsaslanaraq belə bir fikir irəli sürmək olar ki, Allahdan gələn bu instinktiv qüvvə, bacarıq, istedad ilə bugünkü inkişaf etmiş dövrümüzdə, hətta Yer kürəsinə sığmayıb kosmosa səyahət edən cəmiyyətimizin qurucuları qadınlardır. Bədii dillə ifadə etsək, qadınlar cəmiyyət ağacının sarsılmaz, iradəli kökləridir.

Ulu öndərimiz Heydər Əliyev qadının cəmiyyətdəki roluna böyük ehtiram göstərərək deyirdi: “Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədi, ismət, qeyrət, qüdrət rəmzidir.” Azərbaycan qadınının cəmiyyətimiz, xalqımızın rifahı üçün böyük işlər gördüyünü söyləyən ulu öndərimiz deyirdi: “Qadın cəmiyyətdə çox həlledici bir təbəqədir. Yalnız dövlət işlərində, biznesdə və s.yox, eynilə də ailədə. Çünki o hər zaman çalışır ki, ailə sağlam, möhkəm olsun, qadınların əksəriyyəti ailənin əxlaqını qoruyur. Qadın ailənin özəyidir, ailənin bütövlüyünü saxlayan bir vasitədir. Onun ən vacib xidməti sağlam əqidəli, milli ruhda böyüyən bir övladı cəmiyyətimizə, xalqımıza bəxş etməkdir.”

Qadın ana olmaqla yanaşı, xalqının aqibətini həll edən bir memardır. Ananın cəmiyyət üçün yetişdirdiyi milli, vətənpərvər ruhda, sağlam əqidədə böyüyən övladı xalqımızın gələcəyi üçün ən böyük nemət, ən vacib töhfədir. Azərbaycan qadınının namusu, iffəti, mədəni həyat tərzi, sağlam əqidəsi, yüksək iradəsi, ağlı, amalı xalqımızın əsas simasıdır.  Hər zaman azərbaycançılıq idealogiyasının ən parlaq simaları olan, mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında ən yüksək yeri tutub ailəni bir sipərtək qoruyan azərbaycan qadını, övladlarının, xalqının  gələcəyi üçün parlaq işıq saçıb.

“Qədim zamanlardan bəri Vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüzillər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatımızda mövqeyini və simasını müəyyən edir” fikrini irəli sürən prezidentimiz İlham Əliyev Azərbaycan qadınının cəmiyyətimiz üçün oynadığı  mühüm rolu xüsusilə təqdirəlayiq hesab edib.

Məqaləmi Vəfa Mürsəlqızının qadınlar haqqında yazdığı və qadın tolerantlığının dilə gətirildiyi bu bənd ilə sonlandırıram.

Sözünün üstündə durdu ər kimi,
Nazını, sözünü, qınaq ərkini,
Sənin dərdlərinin ağır yükünü,
Çiyninə dinməzcə götürən qadın !!!

Səkinə Paşayeva

Naxçıvan Dövlət Universiteti

 “İngilis dili və metodika” kafedrasının müəllimi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: