Ağ günlərinə qovuşan Ağbulaq və ya qış turizminin yeni istiqaməti - FOTOLAR

A- A A+

Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Dərələyəz və Zəngəzur dağ silsilələri arasında yerləşən gözəl bir kənd var. Bura büllur kimi saf, təmiz bulağın adından götürülən Ağbulaqdır. Ağbulaq Şahbuz rayonunun ucqar dağ kəndidir. 10-15 il bundan qabaq kimsənin diqqətini çəkməyən bu kənd indi qonaq-qaradan əskik deyil. Naxçıvan şəhərindən rayon mərkəzinə 26 km, mərkəzdən dağlar gözəli Ağbulağa 18 km olan yolçuluq isə yolçuya istirahətinin gözəl və mənalı keçəcəyindən soraq verir. Naxçıvan şəhərindən ucqar dağ kəndinədək uzanan rahat və hamar yolboyu həm də Şahbuzun təbii hüsnünə daha da gözəllik verən müasir yaşayış məntəqələri səni müşaiyət edir. Mərəlik, Sələsüz, Daylaqlı kəndləri, Şahbuz şəhəri, Kolanı kəndi müasir infrastrukturu və insanlarının yaşam tərzi ilə ilkin təəssüratı formalaşdırır. Dağlıq bir ərazidə yerləşən rayonun yaşayış məntəqələrində ucaldılan 2, 3, hətta 5 mərtəbəli təhsil ocaqları bu yerlərdə inkişafın göstəricisi kimi göz oxşayır. Təbiətinə isə söz ola bilməz. 4 fəsil öz çalarları ilə təbii zənginlikləri və bu ərazinin geniş imkanlarını sərgiləyir. Təsadüfi deyil ki, Naxçıvan üçün ilk olan Xizək Mərkəzi də məhz burada yaradıldı.

Ağbulaq hələ Sovetlər dönəmində diqqəti cəlb edib və burada məktəblilərin yay düşərgələri təşkil olunubdur. Düşərgə olaraq Ağbulağın seçilməsi buranın təbii zənginlikləri, saf havası və istirahət üçün uyğunluğu idi. 90-cı illərin acı nəticələri, təbii ki, digər yaşayış məntəqələrimiz kimi Ağbulağa da sirayət etdi. Müstəqillik illərində Ağbulaq yenidən quruldu, dirçəldildi və artıq ağ günlərinə qovuşdu.

2013-cü ildə kənddə quruculuq işlərinə başlanılıb, məktəb,  kənd və xidmət mərkəzləri tikilib, yol, elektrik, qaz və digər infrastruktur yenilənib, insanların rahat yaşayışı üçün lazımi şərait yaradılıb. Müasir yaşayış məntəqəsinə çevrilən Ağbulaq həm də turizm bölgəsi kimi hədəf idi. Elə həmin ildə kənddə aparılan kompleks quruculuq işləri, yollarının abadlaşması, eləcə də turistləri qarşılaya biləcək xidmət obyektinin-Ağbulaq İstirahət Mərkəzinin istifadəyə verilməsi yeni mərhələnin başlanğıcı oldu.                                                                                                                                               

Görülən işlərin davamı olaraq 2018-ci ildə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradıldı. İmkanlar bir az da genişləndi. Ərazinin relyefi və iqlim xüsusiyyətləri dağ xizəkçiliyinin inkişafı üçün əlverişli idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülməyə başlandı. Burada məqsəd həm də Naxçıvanda turizmin mövsümlük problemini aradan qaldırmaq idi. Artıq bir neçə ildir ki, muxtar respublikada turizm məhsullarının diversifikasiyası siyasəti öz müsbət nəticələrini verib. İstər tarixi-mədəni, sağlamlıq, dini, ekoloji, kənd yaşıl, işgüzar və digər turizm növlərinin məqsədyönlü şəkildə inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər turistlərin cəlbi baxımından mühüm əhəmiyyət daşıyıb.  

Ağbulağın turizm bölgəsinə çevrilməsi üçün sərf olunan 7 ildə yaradılan yüksək şərait, təşkil olunan nümunəvi xidmət və nəhayət bu yaxınlarda istifadəyə verilən Xizək Mərkəzinin qapısı turistlərin üzünə açıqdır.

Zirvə Dağçılıq və Doğa Sporları Klubunun rəhbəri Orhan Kozan 4 ildir ki, Naxçıvana səyahət edir. Hər gəlişində Haçadağ zirvəsini fəth edən türkiyəli turist yeni yerlərin axtarışında olduğunu da bildirdi: Naxçıvanda yeni yerlər kəşf etmək bizi xoşbəxt edir. Bu səfərimizdə də Ağbulaq Xizək Mərkəzini kəşf etdik. Xizəkçiliyi yeni öyrənənlər üçün yaxşı şərait yaradılıb. İstər otel, istər mətbəx, kirslərin gözəlliyi, uşaqlar üçün də xizək mərkəzində xidmətlərin təklif olunması, daha vacib təbiətin gözəlliyi və ekonomik qiymətlər Türkiyədəki xizəksevərlər üçün əsl töhfədir.  

Kanatla gəzintidən sonra bizimlə həmsöhbət olan Əminə Özdəmir təəssüratlarını bizimlə bölüşdü: Mən təbiət idmanı ilə maraqlanan biri olaraq bir çox xizək mərkəzlərində olmuşam. Ağbulaq Xizək mərkəzi çox gözəldi.  Ayrıca uşaqların kirşədə qar üstündə sürüşməsi və əylənməsi üçün hər bir şərait yaradılıb. Xizək sürə bilməyənlər isə kanatla dağ gəzintisinə çıxmaqla təmiz dağ havası ala bilər. Bunun üstünlüyü çoxdur. Təklif olunan xidmətlər və yeməklər əladır. Ənənəvi Naxçıvan mətbəxinə məxsus yeməklərin hazırlandığı mətbəxi var. Naxçıvanda ən gözəl yeməyi Ağbulaqda yedim, deyə bilərəm. Qiymətlər də Türkiyədəki qiymətlərlə müqayisədə çox ucuz, yəni hər kəsin cibinə uyğundur. Hamını bu Xizək Mərkəzinin təklif etdiyi xidmətlərdən faydalanmağa çağırıram. Əziz dostlarıma Ağbulaqdan salamlar!

Anadolu Agentliyinin müxbiri Bülent Mavzer həm əylənir, həm də fürsəti dəyərləndirərək müsahibələr alır, foto və videolar çəkirdi. Təbəssüm dolu çöhrəsi və jestlərindən hiss olunurdu ki, o da Ağbulaq səfərindən xeyli məmnundur: “Ağbulaq Xizək Mərkəzi Azərbaycanın qış turizminin yeni istiqamətidir. Müşahidələrim onu deməyə əsas verir ki, yerli turistlər üçün də turizmin bu növü çox maraqlı olub. Xizək və snoubord sürənlər, kirşədə sürüşənlər çox əylənir. Adrenalin həvəskarları üçün bu bir yenilikdir. Naxçıvanda qış turizminin ideal məkanı olaraq təqdir edirəm və bu, bizim Naxçıvana son səfərimiz deyil”.

Mərkəzdə uzunluğu 1580, eni 18-30 metr olan dağ-xizək sahəsi, əyləncə və uşaq parkları, 219 metrlik konveyer xətləri,  uzunluğu 980 metr olan kanat quraşdırılmışdır ki, onun da başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metrdir. Kanat yolunda hər biri 4 yerlik olan 59 oturacaq vardır ki, bu da saatda 1000-dən artıq turistə xidmət etməyə imkan verir.

Ərazidə mərkəz üçün 2 mərtəbəli inzibati bina, hər biri 2 nəfərlik olmaqla, 3 kottec, 1-i inzibati binanın ikinci mərtəbəsində, 1-i isə kanat liftinin sonuncu dayanacağında olmaqla 2 kafe fəaliyyət göstərir. İnzibati binanın birinci mərtəbəsində qeydiyyat, xizəklərin və müvafiq geyimlərin təhvil verilməsi xidməti göstərilir.

Qışda dağlarının başından qar əskik olmayan, yayda yaşıllıqları ilə göz oxşayan, insana mənəvi dinclik, rahatlıq, əyləncə və adrenalin bəxş edən Ağbulaqla siz də istirahət günlərinizi dəyərləndirin.  Çox da uzaq olmayan, Naxçıvan şəhərindən cəmi 44 km məsafədə yerləşən, büdcənizə və zövqünüzə uyğun çeşidli xidmətlərilə Ağbulaq Xizək Mərkəzi sizin yolunuzu gözləyir.

                                                                         Ruhiyyə Rəsulova

Naxçıvan Televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: