Kursantlar Məhkəmə Ekpertizası Mərkəzində olublar - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin kursantları Məhkəmə Ekspertizası Mərkəzində təcrübə keçiblər.
Mərkəzin rəisi, ədliyyə müşaviri Rafiq Cəfərov kursantlara ədliyyə fəaliyyətinin əsas istiqamətlərindən olan məhkəmə eskpertizası fəaliyyətinin tarixi inkişaf yolundan bəhs edib, cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində ekspertizaların mühüm rolundan danışıb. Bildirilib ki, ötən ildə mərkəzə müasir texniki avadanlıqlar alınıb.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin rəisi, polis-polkovniki Kamil Məmmədəliyev polis kursantlarının Məhkəmə Ekspertiza Mərkəzində keçirilən ekspertizalarla əyani formada tanış olmalarının onların biliklərinin artırılmasına və gələcək peşə fəaliyyətinə müsbət təsir edəcəyini vurğulayıb.
Sonra kursantlar mərkəzin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, aparılan ekspertiza tədqiqatlarını müşahidə edib, mərkəzdə aparılan ekspertizalar barədə ətraflı məlumat alıblar. Burada onlara baş vermiş cinayətlərlə bağlı daxil olan odlu silahlardan eksperimental atəşlərin keçirilməsi üçün istifadə edilən avadanlıqların iş prinsipi haqqında dolğun məlumat verilib.
Kursantlar mərkəzin digər laboratoriyalarında olub avadanlıqlarla tanış olublar.
Sadiq Məmmədov