Mövsümi calaq üsulları və vurulma qaydaları

A- A A+

Hər bir meyvə ağacının ömrü, onun məhsuldarlığı birinci növbədə calaqaltından asılıdır. Calaqaltı xəstəliklərə, zərərvericilərə davamlı, geniş kök sisteminə malik, gövdə qabığı hamar və oduncaqdan asanlıqla ayrılan olmalıdır. Calaqaltının keyfiyyəti səpin üçün toplanmış toxumların keyfiyyətindən xeyli asılıdır. Calaqaltı yetişdirmək üçün toxumların saflığına xüsusi diqqət yetirmək lazımdır. Bu məqsədlə yerli şəraitə uyğunlaşmış, xəstəlik və zərərvericilərə davamlı məhsuldar mədəni və yabanı meyvə ağaclarından meyvələr toplanır.

Ağacdan yerə tökülmüş zədəli, xəstə və tam yetişməmiş meyvələr toxum üçün çox təhlükəlidir. Belə ki, həmin toxumları səpdikdə yüksək keyfiyyətli calaqaltı alınmadığından ona çəkilmiş zəhmət hədər gedir. Alınmış calaqaltılarda kələ-kötür, keyfiyyətsiz olduğundan vurulan calaqlarda effektli olmur, calaq vurulduqdan ikinci və ya üçüncü ili quruyub məhv olur.

Meyvə bitkilərinin calaq edilməsi bir cox üsullarla aparılır. Bunlardan ən çox tətbiq edilən qələm, yarma, göz, lülə (üskük) calaqlarıdır. Adətən göz calağı vurmaq üçün 8-10 mm yoğunluğunda olan tinglər, yarma calağı vurmaq üçün isə 20-50 mm yoğunluğunda olan sağlam tinglər yararlı hesab olunur. Bunlardan fərqli olaraq üskük calağı vurmaq üçün təzə birillik zoğlar lazımdır. Birillik zoğlara vurulan lülə (üskük) calağının tutma ehtimalı 95-100%-dir. Qeyd edilən calaq üsullarından Göz və Üskük calaqları yayda vurulduğundan onların vurulma qaydaları və müddətlərini novbəti yazımızda dərc edəcəyik. Bu calaq üsullarının yayda vurulması el arasında “Arpa biçini”ndə vurulan calaq kimi adlanır.

Mövsümi calaq üsullarının effektivliyi ondan ibarətdir ki, bu calaq üsullarından “Yarma calaq”, “Qabıqaltı calaq” yayda vurulan calaqlardan fərqli olaraq istənilən yaş dövründəki ağaclara vurula bilir. Bu calaq üsullarının tutma faizi yüksək olmaqla calaq vurulduqdan ikinci ili məhsul verir.

Qələm calağı: - Qələm (çiling) calağı çox qədim zamanlardan tətbiq edilir. Bu calağı ilk yazda, yəni bitkilərdə şirə axımı başlayan zaman icra edirlər. Bu calağın əsas üstün cəhəti odur ki, yoğunlaşmış ağaclara və calaqaltılara calaq vurmaq olur. Qələm calağının növləri çoxdur.

              

Sadə qələm calağı: - Eyni diametrli calaqaltı ilə calaqüstü çəpinə kəsilir (calaq vurmaq üçün hazırlanmış qələmin üzərində 3-4 tumurcuq olmaq şərtilə) bir birinin üstünə qoyularaq sarınır. Sarğı materialı sintetik deyilsə, onda həmin sarğının üzərinə bağ məlhəminin sürtülməsi məsləhətdir.

Qabıqaltı calaq: - Vegetasiya dövrü başlandıqdan qabaq oduncaqdan asanlıqla ayrılan vaxtda icra edilir. Calaqaltı üzərində qabıq 5-7 sm uzunluqda kəsilərək, azca qaldırılaraq, hazırlanmış calaqüstü həmin qabığın altına yerləşdirilir. Sarğı materialı ilə bağlanaraq, bağ məlhəmi ilə örtülür.

Təkmilləşdirilmiş çəp calaq: - Bu calaq üsulunda eyni diametrli calaqaltı ilə calaqüstü çəp kəsilərək hər ikisində tam mərkəzdən dilcik əmələ gətirilərək bir-birinə keçirilir, boşluq qalmamasına ciddi fikir verməklə bağlanaraq, bağ məlhəmi sürtülür.

 

Yarma calağının vurulma müddəti və qaydası: - Yarma calağı çox qədim zamanlardan tətbiq edilir. Bu calaq ilk yazda, yəni bitkilərdə şirə hərəkəti başlayan zaman icra edilir. Bu da Naxçıvan Muxtar Respublikası ərazisində hündürlüklərdən və hava şəraitindən asılı olaraq mart, aprel aylarında olur. Bu calağın əsas üstün cəhəti ondadır ki, o daha iri kötüklü yoğunlaşmış calaqaltılar üstündə də tətbiq edilir. Bu üsulun daha sadə olmağına baxmayaraq, bəzi mənfi cəhətləri də vardır. Məsələn, calaqaltı yarılarkən çox yaralandığından bəzən çürümək ehtimalı baş verir.

Buna baxmayaraq bu calaq üsulundan indiyə kimi yaşlı ağacların calaq edilməsində istifadə edilib, haliyədə də edilməkdədir. Yarma calağı edərkən ilk növbədə calaqaltının kök boğazı torpaqdan təmizlənir. Kəsilmiş calaqaltı iti bıçaq və dəhrə ilə ehmalca yarılır. Calaqaltı həmin kök boğazından 5-6 sm hündürlükdən mişar ilə hamar kəsilir, (üzüm bitkisi isə kök boğazından calandıqda yaxşı nəticə verir, çünki kök boğazına calanmış üzüm sonradan calaq vurulan yer torpaqla doldurulur, vurulmuş calağın özü də kök ataraq qüvvətlənir). Calaqüstü üçün kəsilmiş qələmlər calaqaltındakı yarılmış hissəyə uyğun üçbucaq formada kəsilərək calaq altına yerləşdirilir. Calaqüstü üçün hazırlanmış çilikləri calaqaltında elə yerləşdirmək lazımdır ki, çiliyin bir tərəfinin qabığı calaqaltının qabığı ilə eyni səviyyədə olsun və möhkəm sarınsın. Yaxşı olar ki, sarğının üzəri və calaqaltının kəsildiyi yer bağ məlhəmilə örtülsün. Yazda bu calaq üsulundan geniş sahələrdə calaq ediləcəksə həmin calaqlar üçün çiliklər payızdan tədarük edilməlidir. Çünki yazda şirə hərəkətinin başlanmasından 15-20 gün sonra bütün tumurcuqlar açır. Onda calaq vurmaq üçün qələm tapmaq çətinləşir. Payızda çiliklər tədarük edilməyibsə, ilk yazda şirə hərəkəti başlamağa başlayan müddətdə çilikləri tədarük edib soyuducuda    0 0 -ə temperaturda saxlamaq lazımdır.

Əgər götürülmüş çiliklər tez bir zamanda istifadə ediləcəksə, onu soyuducuya qoymaq lazım deyil, sadəcə nəm dəsmala büküb sərin yerdə saxlamaq kifayətdir.

                                         Loğman Bayramov

AMEA Naxçıvan Bölməsi

Bioresurslar İnstitutunun əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: