Vətən... Ana yurdumuz, doğma diyarımız, ata-babalarımızın əmanəti, keçmişimiz, bu günümüz, gələcəyimiz, bütün mənliyimiz və bu müqəddəs amal uğrunda canını qurban verən minlərlə şəhidimiz. Bu gün Vətən təkcə Naxçıvan, Qarabağ, Laçın deyil. Vətən həm də min bir əziyyətlə övladını böyüdən və onu Vətən uğrunda qurban verən Tərlan ana, Məhrubə anadır. Bu gün Vətən təkcə Gəncə, Şuşa, Kəlbəcər deyil, həm də gənc yaşında şəhid yoldaşı olub, onun körpə əmanətlərini Vətən üçün böyüdən, tərbiyə edən Billurdur, Fatimədir. Bu qadınların hər biri dünya qədər yük yığıb çiyinlərinə. Amma yenə də əsl Azərbaycan qadını kimi məğrur, mətanətli, iradəli və güclü dayanıblar. Qarşıdan “8 Mart-Beynəlxalq Qadınlar Günü” gəlir. Hər il ana-bacılarımıza, qız-gəlinlərimizə, sevgililərimizə, bizə əziz olan qadınlarımıza hədiyyələr, gül buketləri alıb onları sevindiririk. Amma bu il şəhid anaları, şəhid bacıları, canını Vətən uğrunda qurban verənlərin ömür-gün yoldaşları üçün ən böyük hədiyyə azad Vətən, düşmən tapdağından azad olunmuş Qarabağ oldu. Biz müqəddəs Vətən müharibəsində oğlunun tabutuna girən, bu “ağrılı görkəmi” ilə də düşmənin sinəsinə dağ çəkən ana gördük. Anadakı ürəyə bax, param-parçadır, amma övladının tabutunu daşıyır. Çünki yaxşı bilirdi ki, canından, qanından qopan bu parçanı Vətən, bayraq, torpaq adına qurban verib. İndi də başına alıb Vətən torpağına əmanət aparır. Çünki yaxşı bilirdi ki, o, gülləyə tuş gələn yerdə Günəş doğub. O, yıxıldığı yerdə ucalıb! O, ucaldığı yerdə düşməni alçaldıb, diz çökdürüb, yurdunu ayağa qaldırıb, bir xalqın, bir millətin qamətini dikəldib, qürurunu özünə qaytarıb. Budur Azərbaycan qadını. Böyütdüyü oğuldan bəllidir kimliyi. Vətən üçün ölümün, sonun üstünə kişi kimi getmək. Bu, artıq əfsanə kimi bir sevgidir. Vətəni bu cür sevmək ruhla bağlı məsələdir. Vətəni ruhları ilə sevənləri sən yetişdirdin, Azərbaycan qadını... Şəhid anası olmaq asan deyil. Oğul deməkdən dodaqları torpaq susuzluqdan cadar-cadar olan kimidir. Amma əgər o dodaqlar “Vətən sağ olsun!” deyə pıçıldayırsa, demək, bu qadın bu millətin baş tacıdır. Bu millətin ən böyük susuzluğunu, məhz onun böyütdüyü oğul yatırıb. Xalqın mübarizlik, əyilməzlik və məğrurluq rəmzinə dönən igid bu qadının tərbiyəsini görüb, onun laylası ilə sevib ikinci anasını–Vətəni... “Mən şəhid Rəhman Əjdərovun anasıyam”. Fəxrlə deyir bunu Məhrubə ana. Bunu deyərkən üzündəki məğrurluq, fəxarət hissi o qədər böyükdür ki... Doğrudur, gözündə gənc yaşda oğlunu itirən ananın kədəri var. “Qəhrəmanlar anasıyam mən. Təkbaşıma, atasız iki oğul böyüdüb, vətənpərvər ruhunda tərbiyə etmişəm. Hər ikisi Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək istədiyini deyəndə qürur duymuşdum onlarla. Şükür etmişdim ki, mənim də iki övladım canım qədər sevdiyim Vətənimə xidmət edəcək. Oğlum Rəhmanı Vətənin bütövlüyü uğrunda şəhid vermişəm. Övlad itkisi ağırdır, gözümün nurunu itirmişəm sanki. Amma oğlumun ən böyük arzusunun, Azərbaycanı bütöv görmək diləyinin gerçəkləşməsi məni sakitləşdirir. İndi Vətən anlayışı mənim üçün yeni məna daşıyır. Vətən həm də Rəhmandır, onun canı ilə can tapan bütöv Azərbaycandır. Bu, mənim üçün ən böyük hədiyyədir. Rəhman və onun döyüş yoldaşlarının hədiyyəsi...” Şəhid Fərmin Əliyevin şəhadətindən 22 gün sonra onun oğul övladını dünyaya gətirib Fatimə xanım. Gənc yaşında həm ana olmağın məsuliyyəti, həm də ömür-gün yoldaşını itirməyin ağırlığını daşıyır çiyinlərində. Deyir ki, hərbçi yoldaşı olmaq çox çətindir. Ailə quranda da bunu bilirdim. Fərminin Vətən sevdası, bir gün işğal olunmuş torpaqlarımızı azad etmək arzusu mənə daha da sevdirmişdi onu. Bilirdim ki, o gün gec-tez gələcək. Torpaqlarımız azad olacaq. Bu yolda çox canlar qurban verəcəyik, onlardan biri də Fərmin ola bilər. Buna rəğmən mən onunla bir yola çıxdım. Doğrudur, çox çətindir şəhid xanımı olmaq, onsuz övladımızı böyütmək. Amma Fərmin hər zaman mənə güclü olmağı öyrədib. “Sən Azərbaycan qadınısan, güclü, iradəli olmaq sənin əslində var. Hər nə olursa, olsun mətanətli olmalısan”,- deyirdi. İndi onun bu sözləridir mənə güc verən. Mən də bütün gücümlə çalışıram ki, övladımı qəhrəman atasına layiq böyüdüb tərbiyə edim. O da atası kimi vətənpərvər, igid olsun. Şəhid bacısı olmaq. Bu da İblisin, şeytanın, şərin, alçaq düşmənin gətirdiyi ağrıdır. Amma bu ağrı nə qədər acı olsa da, onlar qapqara dərdin içindən ağappaq çıxan qardaşları ilə öyünəcəklər bir ömür boyu. Şəhadətləri ilə qürur duyacaqlar. Qahab kəndindən olan şəhid baş leytenant Abbasəli İsmayılovun bacısı Tərlan xanımın sözlərini xatırlayıram: “Abbasəli bizim deyil, həm də Azərbaycanın oğludur. O, hamımızındır. Başımız sağ olsun, Azərbaycanımız sağ olsun!..” Belə bir müraciət də ancaq Azərbaycan qadınına bu qədər yaraşar. Bu qüruru ona yaraşdıran da Vətən sevgisidir. Baxın, bircə umacaqları var: qardaşlarının qanı tökülən torpaqlara bir də düşmən ayağı dəyməsin!.. Şəhid analarını, bacılarını, həyat yoldaşlarını qürurlu gördüm. Bu dəyanət, bu təmkin və səbrin özü də qəhrəmanlığa bərabərdir. Oğul dərdinə bürünüb gəzən, amma şax gəzən, sınmayan Azərbaycan qadını–şəhid anaları! Vətən müharibəsinə “pay”ınız o qədər böyükdür ki! Övladlarınız kimi sizin də hər zaman alnınız açıq, xatiriniz əziz, məqamınız uca olacaq bu xalqın, bu millətin qarşısında. Biz sizə borclu olduğumuzu heç zaman unutmayacağıq! Çünki siz elə igidlər böyütdünüz ki...
Həsrət Nağıyeva
“Şərqin səhəri” qəzeti