Şahbuz rayonunda Şahbuz şəhəri ilə Mahmudoba kəndi arasında Naxçıvançayın sol sahilində, dəmir dövrünə aid yaşayış yeri. Qövs şəklində birləşən iki təpəni və onların ətəyini əhatə edir. Təpələrdən biri hündür olub, qayalıqlarla əhatələnibdir. Şimal-şərq tərəfdən quru çay vadisi ilə məhdudlaşır, sahəsi 1500 kvadratmetrdir. Abidə 1987-ci ildə qeydə alınıbdır. Yaşayış yerinin bəzi hissələrində tikinti qalıqlarına təsadüf olunubdur. Axtarışlar zamanı boz və çəhrayı rəngli gildən küpə, kasa və badya qırıqları, çəhrayı rəngli tuf daşından hazırlanmış dəm daşları tapılıbdır. Mədəni təbəqə yalnız bəzi yerlərdə saxlanılmışdır. Arxeoloji qazıntılara əsasən mütəxəssislər yaşayış yerinin eramızdan əvvəl IX-IV əsrlərə aid olması ehtimalını irəli sürmüşlər. Şamlar yerli əhali arasında əvvəllər “Mehbalı yeri”, “Dölçək” adlandırılmışdır. Qeyd edək ki, burada kasa tipli, qara rəngli iri qab olub, xaricdən yüngülcə cilalanmış qabarıq zolaqla əhatələnmiş gil qab tapılmışdır. Tapıntılar tipoloji cəhətdən Şamlar yaşayış yerindən toplanmış gil məmulatı ilə oxşardır.
“Oğuz səsi” qəzeti