Qadınların kişilərdən daha uzunömürlü olması araşdırmalarla təsdiqini tapmış gerçəklikdir. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, hazırda orta insan ömrü 71 yaş təşkil edir (müvafiq olaraq 73 və 68 il). Ən yoxsul Afrika dövlətlərindən tutmuş ən zəngin Avropa şəhərlərinə kimi bütün dünya ölkələrində qadınların orta ömrü kişilərdən daha yüksəkdir.
2010-cu ildə Amerikada aparılan bir araşdırma 100 yaşını aşanların böyük çoxluğunu qadınların təşkil etdiyini ortaya çıxarıb. Belə ki, ABŞ-da 100 yaşını aşan 53 min 364 şəxsdən 9 min 162-si kişi, 44 min 202-si isə qadın olub.
İtaliyada 2019-cu il yanvarın 1-nə olan vəziyyətə görə, yaşı 100-ü keçən 14456 insanın 84 faizi qadın olub. 2009-2019-cu illər ərzində isə yaşı 110-a çatan və 110-dan yuxarı olan 125 nəfərin 93 faizini qadın təşkil edib.
Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun verdiyi məlumata görə, ötən il ölkəmizdə 100 və yuxarı yaşda olan 838 nəfərin cəmi 24-ü kişi, 814 nəfəri isə qadın olub.
Beləliklə uzunömürlülüklə bağlı bütün dünya statistikalarına qadınlar başçılıq edir.
Bəs qadınlar nə üçün kişilərdən çox yaşayırlar? Onlara daha çox həyat bəxş edən sirli səbəb nədir?
Bu mövzudakı ilk mülahizələrdən biri kişilərin ağır fiziki iş şəraitində çalışmaları ilə bağlı idi. Lakin qadınların da demək olar ki, kişilərlə eyni cür işlədikləri bir zamanda bu rəqəmlərin bərabərləşməsi baş vermədi. Yenə də qadınların kişilərdən bir neçə il çox yaşadıqları bəlli oldu.
Elm adamları isə yaşlanmada sosial faktorlar və yaşam tərzi ilə yanaşı, burada genetik quruluşun oynadığı rolu da düşünürlər.
Alimlərin qənaətinə görə, qadınların kişilərlə müqayisədə daha uzun ömür sürməsi onların həyata daha “sağlam” yanaşması deyil, orqanizmlərində qocalmanı ləngidən əlavə gen surətinin olması ilə əlaqəlidir. Bunu “Aging Cell” jurnalında dərc olunan araşdırmanın nəticələri də təsdiqləyir. Qeyd olunur ki, antropoloqlar bütün dünya ölkələrində qadınların orta ömrünün kişilərdən daha yüksək olması tendensiyasını ibtidai icma quruluşunda qalmış xalqlar arasında da müşahidə olunduğunu müəyyən edib. Ənənəvi olaraq, bu, kişilərin riskə, kökəlməyə, qeyri-sağlam həyat tərzinə, o cümlədən alkoqol, tütün və narkotik vasitələrə meyilli olması ilə əlaqələndirilirdi.
Ancaq Kaliforniya Universitetinin alimi Dena Dubal və onun həmkarları kişi ilə qadın ömrü arasındakı bu fərqin təkcə sosial deyil, eyni zamanda genetik aspektlərinin olduğunu ortaya çıxarıblar.
Tədqiqatçılar uzun müddət DNT-ləri modifikasiya olunmuş dörd qeyri-adi siçan qrupu üzərində müşahidələr aparıb. Alimlər beyin və digər orqanların işində, həmçinin cinsi xromosomların funksiyası və strukturu baxımından kişi və qadınlar arasında bir çox fərqin olduğundan şübhələnib.
Məsələ ondadır ki, Y - kişi xoromosomu, demək olar ki, həyati əhəmiyyətli genlərdən məhrumdur. Bir neçə kritik əhəmiyyətli (məsələn, rüşeymin inkişaf proqramının işə salınması üçün) DNT sahəsini köçürdükdən sonra onları genomdan kənarlaşdırmaq olar.
Qadın - X xromosomu isə həm zəif, həm də güclü cins üçün həyati əhəmiyyətlidir və onların genində yaranan pozuntu adətən fatal sonluqla (ölümlə) nəticələnir. Dubal və onun komandası belə bir nəticəyə gəlib ki, qadınların kişilərlə müqayisədə uzunömürlülüyü məhz X xromosomu ilə əlaqəli ola bilər.
"Azərbaycan" qəzeti