Naxçıvanı elmi ilə dünyada tanıdan qadın

284

Bu gün naxçıvanlı qadınlar öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında, yaşadılmasında müstəsna xidmətlər göstərirlər. Həmçinin Azərbaycanın, eləcə də Naxçıvanın dünya arenasında tanıdılmasına misilsiz əmək sərf edirlər. Belə qadınlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və Mineral Sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovadır. 

Fizzə Məmmədovanın elmə gedən yolu hələ tələbəlik illərindən başlayıb. Bu barədə özü belə deyir: “Naxçıvan şəhər 7 nömrəli orta məktəbi əla qiymətlərlə  bitirdikdən sonra Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil oldum. Tələbə elmi cəmiyyətinin üzvü olduğum üçün üçüncü kursda Moskvada keçirilən Beynəlxalq konfransda iştirak etdim, 2 dərəcəli diplom aldım. Bu da mənim elmi sahəyə  həvəsimi artırdı. Dördüncü  kursdan sonra biz əlaçı tələbələri Çexoslovakiyanın Bardoviça şəhərinə ezam elədilər. Həmçinin  bir neçə şəhərdə  keçdiyimiz təcrübə məni gələcək həyatımı elmi işlə əlaqələndirməyə vadar etdi. Bu məqsədlə də AMEA-nın Qeyri-üzvü Fiziki-kimya İnstitutunun aspiranturasına əyani şöbəyə daxil oldum”.

1995-ci ildən  Naxçıvan Regional Elm Mərkəzində əmək fəaliyyətini davam etdirən Fizzə Məmmədova elmi araşdırmalara əsasən 2002-ci ildə yaradılan AMEA-nın Naxçıvan bölməsinin şöbə və laboratoriyalarının beynəlxalq standartlara cavab verən cihaz və aparatlarla təchiz olunmasından sonra nail olub. Deyir ki, bizə yaradılan bu  şərait Naxçıvan elmi ictimaiyyətini daha geniş arenaya çıxarmağımıza vəsilə olub. Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri, eyni zamanda su ehtiyatları, onların fiziki, kimyəvi, ekoloji xüsusiyyətlərinin öyrənilməsi və bunun dünya səviyyəsində nüfuzlu jurnallarda çap olunması istiqamətində geniş fəaliyyətə başlayan Fizzə Məmmədovanın səsi artıq  dünyanın bir sıra ölkələrində keçirilən elmi konfrans və simpoziumlardan gəlməyə başlayıb. Qazanılan uğurların nəticəsində 2017-ci ildə Fizzə Məmmədova Rusiya Təbiətşünaslıq Akademiyasının professoru və Beynəlxalq Birləşmiş Elmlər Akademiyasının həqiqi üzvü seçilib. “Bu akademiya 19 ölkənin elmi qurumlarını birləşdirən elm məbədi kimi mənim elmi fəaliyyətimdə böyük rol oynayıb”,- deyir müsahibim. 

Fizzə Məmmədovanın 2018-ci ildə Rusiya Təbiətşünaslıq Akademiyasının “Əməkdar elm və texnika xadimi” fəxri adına layiq görülməsi Naxçıvanda elm sahəsində qadınlara yaradılan şəraitin nəticəsi kimi yadda qaldı. Həmin il daha bir elmi uğura imza atıb alimimiz. Parisdə keçirilən 38-ci Beynəlxalq Luvr sərgisində üç müəllifdən biri olduğu “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri” adlı kitabı nümayiş etdirilib  və sərginin “Qızıl medalı” ilə mükafatlandırılıb.  Kitab, həmçinin elm və təhsil müəssisəsinin əməkdaşlarının iştirak etdiyi Moskva   Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən V Beynəlxalq Təhsil-2018 sərgisinin diplomuna  da layiq görülüb, rus və ingilis dillərində xülasəsi sərginin kataloqunda dərc olunub. Kitabda Naxçıvanda  su ehtiyatlarının formalaşması, yayılması qanunauyğunluqları ilə yanaşı, həm də zəngin təbiəti olan diyarımızın turizm üçün mühüm əhəmiyyəti əks olunub. 2018-ci ildə  alim Yekaterinburq şəhərində keçirilən VII və VIII beynəlxalq elmi konfransda iştirakına və “Rusiya elmi: məqsəd və vəzifələr” adlı jurnalda “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarının kimyəvi, ekoloji problemləri və həlli yolları”, “Naxçıvan çuxurunda atmosferinin ekoloji xüsusiyyətləri”, “Naxçıvan Muxtar Respublikası ərazisində yerüstü suların ekokimyəvi xüsusiyyətləri” adlı elmi  məqalələrinə görə Beynəlxalq Birləşmiş Elmlər Akademiyasının üzvü seçilib və bu münasibətlə ona diplom təqdim olunub. Ardınca daha bir əlamətdar hadisə üç müəllifdən  biri olduğu digər bir kitabı- “Cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit”  işıq üzü görüb. Kitab Moskva şəhərində  31-ci Beynəlxalq Kitab Sərgi Yarmarkasında sərgilənib, elmin və təhsilin inkişafında əhəmiyyətinə görə “Qızıl medal”a layiq görülüb. 2018-ci ildən Akademik Elmi-Nəşriyyat Mərkəzi və İvanov Elm Təhsil Holdinqinin 2 jurnalına rəyçi seçilən alim qadının 2019-cu ildə “Təbiətin möcüzəsi su”  adlı elmi-metodik kompleks də Xalq Nailiyyətləri Sərgisinə çıxarılıb, laureat diplomu ilə təltif olunub, sertifikat alıb.

Təvazökarcasına daha bir uğurdan söz açır  Fizzə xanım: “2020-ci ildə 180 səhifəlik “Naxçıvan Muxtar Respublikasının kəhriz və bulaq suları” adlı  elmi-metodik kompleksim Rusiyada ilk dəfə (oktyabrdan dekabr ayınadək) distant formada keçirilən Beynəlxalq Elmi Təlimdə bədii ədəbiyyatın sərgisində sərgilənib və medala layiq görülüb. Əsər bu ilin noyabr ayında keçiriləcək Amerikanın “Eksport-2021” sərgisinə vəsatət alıb.”

2020-ci ildə “Naxçıvan Muxtar Respublikasında ekoturizmin inkişaf perspektivləri” kitabının Almaniyanın Lambert nəşriyyatında dərc olunması və nəşriyyatın elektron mağazasına, həmçinin  Rusiya Təbiətşünaslıq Akademiyasının  elektron mağazasına yerləşdirilməsi də qürurlu tarixdir.  2020-ci il Fizzə Məmmədovanın həyatında həm də onunla əlamətdardır ki, Rusiya Akademiyasının vəsatəti ilə Beynəlxalq Təbiətşünaslıq Akademiyasının fəxri doktoru seçilib.

Çəkilən zəhmətin, elm sahəsindəki xidmətlərin uğurlu nəticəsi 2021-ci ilin ilk aylarında da Fizzə Məmmədova ilə birgədir.  Beynəlxalq jurnallarda nəşr olunan məqalələrinin elmi əhəmiyyəti və əsərlərinə olunan istinadların çoxluğu nəzərə alınmaqla Fizzə Məmmədova “Beynəlxalq İntellektual Əməkdaşlıq Komitəsi İntellektual Liqası”nın həqiqi üzvlüyünə seçilib. Fizzə müəlliməyə yorulmaq, dincəlmək kimi sözlər yaddır. Yaxın günlərdə  “Naxçıvan Muxtar Respublikasının yeraltı su ehtiyatları” adlı kitabının  nəşrinə  hazırlaşır.

Fizzə Məmmədova ictimai işlərdə də daim  öndə gedən qadınlarımızdandır. “Təmiz dünya” İctimai Birliyinin rəhbəridir.  Muxtar respublikada qadın və uşaq hüquqlarının, milli-mənəvi dəyərlərin qorunması, ekoloji şüurun  inkişafı və ekoloji  mədəniyyətin təbliği, gənclərdə etik-davranış normaların təkmilləşdirilməsi və vətəndaş cəmiyyətinin inkişafına yardım etmək üçün  maarifləndirmə işləri aparır, beynəlxalq təşkilatların  keçirdiyi seminar və təlimlərdə fəal iştirak edir. 

Dəyərli elm adamı bu gün həm də gənc alimlərin yetişdirilməsində xidmət göstərir. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə reallaşdırdığı “Sabahın tədqiqatçıları” layihəsinə uyğun olaraq Fizzə Məmmədova hazırda 4 şagirdlə işləyir. 2 layihə üzərində işləyən bu şagirdlər Bakıda keçirilən “Sabahın alimləri”  layihəsində, Moskvada Beynəlxalq  Kimya onlayn olimpiadasında iştirak edərək   1-i gümüş, 3-ü qızıl medala layiq görülüb, 1 dərəcəli diplomla təltif ediliblər. Eyni zamanda “Elmə start” Beynəlxalq  Yaradıcılıq  müsabiqəsində şagirdlər 1 yerə çıxıb, müsabiqənin lauerat diplomunu alıblar. Bütün bu sadalananlar  elmi rəhbərin gərgin əməyinin bəhrəsidir.   

Elmi araşdırmalarından, elmi xidmətlərindən fəxrlə bəhs etdiyimiz Fizzə Məmmədova həm də gözəl anadır. “Ana evin, ailənin qoruyucu mələyidir”,- deyir Fizzə xanım və bildirir ki, bir oğlum, bir qızım, 5 nəvəm, 2 nəticəm var. Oğlum Türkiyədə universitet bitirib. Qızım ingilis dili müəllimidir. Ailəmizdə elmi bir mühit var. Həyat yoldaşım da Akademiyanın Müxbir üzvüdür. Elm bizim üçün  xoşbəxtlikdir, həyatımızın ən əvəzedilməz bir hissəsidir.

Bu gün yaxasında qürurla  “Tərəqqi” medalı daşıyan xanım alimimizdən arzularını soruşduqda gülümsündü. Utancaq təbəssümlə: “Hələ heç nə etməmişəm”,- dedi. Bu bir elm xadiminin təvazökar etirafı idi. Bu gələcəkdə daha böyük həvəslə  görüləcək işlərin planı idi… Sizə uğurlar, əziz qadın, dəyərli alim! 8 Mart Qadınlar Gününüz mübarək!

Hafizə Əliyeva

Naxçıvan Televiziyasının redaktoru

Əməkdar jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: