10 mart Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılması günüdür

Xeyihxahlıq ünvanı

A- A A+

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 7 aprel tarixli Sərəncamına əsasən hər il martın 10-u Azərbaycan Respublikasında “Qızıl Aypara Günü” kimi qeyd olunur.

Özündə xeyirxahlıq və humanizmi ehtiva edən Qızıl Aypara Cəmiyyəti ölkəmizdə 1920-ci ilin mart ayının 10-da Azərbaycan Respublikasının Müdafiə naziri, general-leytenant Əliağa Şıxlınskinin təşəbbüsü ilə təsis edilmişdir. Yarandığı vaxtdan qurumun başlıca məqsədi  xeyirxah ideyalar olub, kimsəsizlərə, fəlakətlə üz-üzə dayananlara, ehtiyacı olanlara kömək göstərilib. Lakin 1920-ci ilin aprelində Azərbaycanda sovet hökuməti qurulduqdan sonra Qızıl Aypara Cəmiyyətinin də fəaliyyəti dayandırılmışdır. 1923-cü ildə yenidən həyata vəsiqə alan cəmiyyət  1991-ci ilə kimi humanist prinsipləri  həyata keçirməklə özüməməxsus fəaliyyət göstərmişdir.

Ölkəmiz müstəqillik əldə etdikdən, ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə bütün sahələrdə oldugu kimi,  Azərbaycan Qızıl Aypara Cəmiyyətinə də diqqət və qayğı artırılmışdır. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə bu cəmiyyət ölkəmizdə yeganə rəsmi humanitar təşkilat kimi tanınmışdır. 1995-ci ilin noyabır ayının 27-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının tam bərabərhüquqlu, daimi, 169-cu üzvü qəbul edilmişdir.   

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  31  yanvar  2004-cü  il tarixli “Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinə  dövlət  qayğısının artırılması  haqqında”,  22 may 2007-ci il il tarixli  “Azərbaycan  Qızıl  Aypara Cəmiyyətində çalışan işçilərin əmək haqqlarının dövlət büdcəsindən maliyyələşdirilməsi haqqında”, 7  aprel  2008-ci  il tarixli “Qızıl  Aypara  gününün  təsis  edilməsi  haqqında”  sərəncamları cəmiyyətin fəaliyyətinin dövlətimizin diqqətində olduğunun göstəricisidir. Belə ki, sərəncamlarla  Qızıl  Aypara  Cəmiyyətinin maliyyə  və  maddi-texniki  bazasının  yaxşılaşdırılması, icra  hakimiyyəti  və  özünüidarəetmə  orqanlarının cəmiyyətin  yerli  təşkilatlarının  sosial,  tibbi  sağlamlıq  və  xeyriyyəçilik  proqramlarının  həyata  keçirilməsinə  köməklik  göstərmələri təmin olunmuşdur.

Naxçıvan  Muxtar  Respublikası Qızıl Aypara Komitəsi də daim dövlət qayğısı əhatəsindədir.  2008-ci il yanvarın 10-da komitə yeni inzibati bina ilə təmin olunmuş, maddi-texniki baza yaxşılaşdırılmış, xidməti və yük avtomobilləri verilmiş, əməkdaşların səmərəli fəaliyyətinə hərtərəfli şərait yaradılmışdır. Son illər kollektivin sosial təminatının gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlər görülmüş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 1 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsi işçilərinin əməkhaqları 25, 2010-cu il 1 sentyabr və 2011-ci il 1 dekabr tarixli sərəncamlara əsasən isə 10 faiz artırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısının nəticəsidir ki, 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsi işçilərinin əməkhaqları 10 faiz, 2016-cı ilin fevral ayında isə əlavə 10 faiz artırılmışdır. 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinə yeni xidməti minik avtomobili verilmişdir. 2019-cu ilin sentyabr ayında komitə işçilərinin əməkhaqları əlavə olaraq artırılmışdır.

Tərkibində 1 şəhər, 7 rayon bölməsi fəaliyyət göstərən komitənin 580 ilk təşkilatı  və  37000-dən  artıq  üzvü vardır. Hazırda komitə muxtar respublikamızda öz işini 4 söbə əsasında qurur. Belə ki, Axtarış xidməti söbəsi Stalin repressiysı, İkinci Dünya müharibəsi və miqrasiya zamanı itkin düşənləri axtarır, həmçinin də qaçqın və məcburi köçkünlər üçün lazımi sənədləri bərpa edir. Komitənin Gənclər və könüllülərlə iş şöbəsi gələcəyimiz olan gənclər arasında sağlamlığın təmin edilməsi məqsədiilə idman, eləcə də gigiyena, təmizlik, təbiətin mühafizəsi kimi tədbirlərin təşkili ilə məşğul olur. Eyni zamanda, yeniyetmə və gənclərə fövqəladə hallarada ilk tibbi yardımın göstərilməsinə dair məlumatlar verilir. XX əsrin vəbası adlandırılan QİÇS xəstəliyindən qorunmaq üçün onlar arasında maarifləndirici söhbətlər aparılır. Təşkilati iş şöbəsi isə  muxtar respublikamızda fəaliyyət göstərən idarə və müəsisələrdə komitənin ilk təşkilatlarını yaradır və Qızıl  Aypara  hərakatı haqqında seminar və treninqlər təşkil edir. Bununla yanaşı, komitənin şəhər və rayon bölmələrinin işinə nəzarəti də həyata keçirir. Digər şöbə isə fövqəladə hallarla bağlı əhali arasında bilikləri artırmaqla və bu sahədə müvafiq tədbirlər görməklə məşğul olur. Görülən işlərin nəticəsi olaraq 2017-ci ilin yanvar ayında  fövqəladə hallara hazırlıq çərçivəsində Bakı şəhərindən hər biri beş nəfərin müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş 30  çadır komitəyə gətirilmişdir. 2020-ci ilin sentyabr ayında pandemiya ilə  əlaqədar  olaraq xüsusi qayğıya ehtiyacı olan ailələr üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən ayrılmış 320 qutu ərzaq məhsulları və 320 qutu gigiyenik dezinfeksiya ləvazimatları muxtar respublikaya gətirilmiş,  şəhər və rayonlarında xüsusi qayğıya ehtiyacı olan  320 ailəyə paylanılmışdır.

Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin kollektivi bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, xeyirxahlıq ünvanı kimi tanınan bu təşkilatın fəaliyyətini daha da  artıracaqdır.

 

Naxçıvan Muxtar Respublikası
Qızıl Aypara Komitəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: