O, əbədi cənnətindədir... - Söz tələbə jurnalistlərindir - FOTOLAR
Azan oldun, dinmədin.
Bayraq oldun, enmədin.
Şəhid oldun, ölmədin.
Şəhid Ramazanov Rasim İsmayıl oğlundan söz açacağıq bu dəfə. 1998-ci ildə Babək şəhərində anadan olan, vətənpərvər bir ailədə dünyaya göz açan Rasimdən. 2004-cü ildə Babək şəhər tam orta məktəbinə daxil olan Rasimin müəllimləri deyir ki, o, birinci sinifdə əlifba bayramında əsgər forması geyinib əlində bayraq Vətənə həsr edilən şüarlar səsləndirirdi. Rasimin ən böyük arzularından biri Vətən torpaqlarının azad olunması idi. Elə bu arzu ilə yaşayan Rasim 2015-ci ildə Babək şəhər tam orta məktəbini bitirdikdən sonra 2016-cı ildə hərbi xidmətə çağırılır, nümunəvi əsgər kimi xidmət edir.
Hərbi xidmətdən sonra Rasim N saylı hərbi hissədə sürücü olaraq xidmətini davam etdirir. Onun xəyalı daim Qarabağda idi. Rasimin bir arzusu var idi. İşğal altında olan torpaqlarımız azad olunsun. Şəhidin anası Tərlan xanım deyir ki, bir neçə il bundan əvvəl ermənilər Füzuli rayonunda balaca Zəhra və nənəsini qətlə yetirdilər. Bu hadisə hamı kimi Rasimə də çox pis təsir etmişdi. Erməni qaniçənlərinin körpə uşağı və nənəsini qanına qəltan etməsi onda nifrətlə yanaşı qisas hissini də alovlandırmışdı. Düşməndən qisas almaq üçün həmişə fürsət gözləyirdi.
44 günlük müharibə başladığı zaman isə Rasim könüllü olaraq hərbi xidmətə yazılır. Bu xəbəri ailəsindən gizlədir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ona xəbər verirlər ki, Rasimi hərbi xidmətə aparmayacaqlar. Bu xəbəri eşidəndə çox pis olur və yenidən onu döyüşə aparmaları üçün müraciət edir. Bu dəfə arzusuna çatır, Füzuli istiqamətində gedən döyüşlərə qatılır. Rasim döyüşə getdiyini bu dəfə də ailəsindən gizlədir. Hətta yaxınları onun döyüşdə olduğunu bilmirlər. Dostlarına bərk-bərk tapşırır ki, anasına bu barədə heç nə deməsinlər. Ancaq bir neçə gün sora Tərlan ana və İsmayıl ata oğullarının döyüşdə olduğunu öyrənirlər. Rasim telefonla zəng edib onlara hər şeyin yaxşı olduğunu deyir. Qəribə tərzdə inamla valideynlərinə təsəlli verəndən sonra soyuqqanlıqla: “Şəhid olsam, başınızı dik tutun”,- deyir. Sanki şəhid olacağını öncədən hiss etmişdi.
Rasimin dostları onun heç nədən qorxmadığını, usaqlıqdan idmanla məşğul olduğunu və fiziki olaraq güclü olduğunu deyirlər. Həmişə zəiflərin və gücsüzlərin yanında olan Rasim ədalətli, qayğıkeş bir gənc olub. Dostluqda sədaqətli olan bu gənc ailəsindən başqa yaxın dostları ilə də tez-tez danışırdı. Hətta son dəfə zəng edəndə dostlarına “Qurduğumuz xəyallarımızı yaşamadan ölməyəcəm” deyir.
Rasimin ailəsinə son zəngi oktyabrın 18-də olub. Danışdığı zaman ailəsinə hər şeyin yaxşı olduğunu deyir, onlara narahat olmamağı tapşırır və telefonu söndürür. Həmin gün ailəsinə məktub da yazır: “Canım ailəm, anam, yol gedirəm. Tapşırığa çıxıram, nə olacaq bilmirəm. Amma qəlbimə, ürəyimə damıb ki, getdiyim yoldan qayıtmayacam. Amma əgər nəsə olsa, ağlamayın, canım atam, onu bilin ki, siz qəhrəman valideynsiniz. Başınızı dik tutun. Mən cənnətdə olacam. Anam, bilirəm, çətindi, amma onu da düşünün ki, Vətən sağ olsun, Sən böyütdün, boya-başa çatdırdın, amma Vətən üçün getməliydim, sağ olun...” Bu cümlələr ondan ailəsinə qalan son sətirlər olur. Rasim Ramazanov 2020-ci il oktyabrın 19-u Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.
Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,
Nə də ulduzlar kimi parlayıb sönməməkdir.
Bunun üçün ölümə bir atılış gərəkdir,
Atıldıqdan sonrasa bir daha dönməməkdir!
Rasim də ölümün üzərinə qəhrəmanlıqla atıldı. Torpaq uğrunda atdığı bu addımla isə öz adını əbədi qəhrəmanlıq salnaməsinə yazdırdı. Şəhid Ramazanov Rasim ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
P.S. Hərdən düşünürəm ki, əgər müasir texnologiya, telefonlar olmasaydı 44 günlük müharibədən sonra gör nə qədər şəhidimizin evlərinə yazdığı əsgər məktubları və bu məktublarda onların duyğuları, düşüncələri, ürək sözləri ən maraqlı ədəbi əsərlər kimi yadigar qala bilərdi... Amma onu da bilirəm ki, onların yazacağı sözlər elə göstərdikləri qəhrəmanlığın, bir də bu cənnət Vətənin tərənnümü olacaqdı!
Bülbül Quliyeva
Naxçıvan Dövlət Universitetinin “Jurnalistika” II kurs tələbəsi