Sosial qayğıya ehtiyacı olan 28 ailəyə aktivlər verilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkşafı Dövlət Proqramı”nın icrası sosial qayğıya ehtiyacı olan ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə əlilliyi olan şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrinin icrasına əlverişli zəmin yaradıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq mart ayı ərzində muxtar respublika üzrə, 28 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 14 nəfərin hər birinə 2 baş iribuynuzlu, 8 nəfərin hər birinə 20 baş xırdabuynuzlu mal-qara, 2 nəfərə dərzi, 1 nəfərə qaynaqçı avadanlıqları və ləvazimatları, 3 nəfərə isə mini yerşumlayan aqreqatlar verilib və təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə 2 nəfər həvəsləndirmə tədbirlərinə cəlb edilib.
Bununla əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Nazir özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olduğunu və həmin ailələrin sosial rifah halının yaxşılaşdığını deyib.
Nazirlik yanında Dövlət Məşğulluq Agentliyinin direktoru Vüsal Süleymanlı və Naxçıvan şəhər Məşğulluq Mərkəzinin direktoru Elmar Eyvazov ötən dövr ərzində proqramın icrası istiqamətində görülən işlərdən və əldə olunan nəticələrdən bəhs ediblər. Daha sonra aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub. Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını bildiriblər.
Qeyd edək ki, özünüməşğulluğu təmin edilən şəxslərin 3 nəfəri cəzaçəkmə müəssisəsindən azad olunan, 2 nəfəri isə gəncdir.