Kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı növbəti seminar-müşavirə Kəngərli rayonunda keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Yurdçu kəndində torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə seminar-müşavirədə rayonun muxtar respublikada kənd təsərrüfatı sahəsindəki rolundan, qazanılmış nailiyyətlərdən, eləcə də keçirilən tədbirin əhəmiyyətindən danışılıb, mövcud torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi, uzun müddət əkin dövriyyəsindən kənarda qalmış torpaqların münbitləşdirilməsi və yenidən əkin dövriyyəsinə qatılmasnın qarşıda duran başlıca vəzifə olduğu deyilib.

Kənd Təsərrüfatı Nazirliyinin baş məsləhətçisi Fəxrəddin Əliyev şoranlaşmaya meyilli torpaqlarda pestisid yükünün minimum səviyyəyə endirilməsi, şoran, eləcə də fiziki-kimyəvi cəhətdən əlverişli olmayan torpaqların yuyulması və yararlı vəziyyətə gətirilməsindən, kənd təsərrüfatında innovativ texnologiyaların və mütərəqqi əkin üsullarının tətbiqindən bəhs edib.

Daha sonra torpağın münbitliyinin bərpası məqsədilə yay və qış otlaqlarında, kəndətrafı örüş sahələrində eroziyanın və səhralaşmanın, habelə ərazilərin mal-qara ilə normadan artıq yüklənməsinin qarşısının alınması, bitki örtüyü zəif inkişaf etmiş ərazilərin təsərrüfat dövriyyəsindən müvəqqəti çıxarılmasından və münbitliyin artırılması sahəsində tədbirlərin həyata keçirilməsindən danışılıb. Müşavirədə, həmçinin qrunt sularının səviyyəsinin yüksək olduğu ərazilərdə yeni drenaj-kollektor şəbəkələrinin tikintisinin aparılması, mövcud kanallarda su sızmalarının qarşısının alınması,  düzgün ottarlalı növbəli əkin sisteminin də tətbiq edilməsi barədə  də məlumat verilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: