Naxçıvan dünyanın ən qədim insan məskənlərindən biridir. Son illərdə Naxçıvan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilmiş maddi –mədəniyyət nümunələrini araşdıran arxeoloqlar təsdiq edirlər ki, 500-300 min il bundan əvvəl bu ərazilərdə ən qədim insanlar məskən salıblar. Bu yaşayış məskənləri əsasən Naxçıvanın təbii zənginliklərə malik çay vadilərində, dağ yamaclarında eyni zamanda yaşı minilliklərlə ölçülən mağaralardır. Arxeoloji qazıntılar zamanı qədim yaşayış yerlərindən aşkar olunan əmək alətləri, maddi nümunələr bu ərazinin nəinki Azərbaycanda hətta dünyanın ən qədim yaşayış yerlərindən biri olduğunu göstərir. Tapılmış arxeoloji nümunələr Daş, Tunc və erkən Dəmir dövründə Naxçıvan ərazisində intensiv yaşayış olduğunu təsdiq edir. AMEA Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, arxeoloq Vəli Baxşəliyevlə bu il aparılan işlərlə bağlı söhbət etdik. İlk sualımız da Naxçıvan ərazisində aparılan son tədqiqat işləri ilə bağlı oldu.
-Vəli müəllim, Naxçıvan haqda adətən deyirlər ki, bu coğrafiya mədəniyyətlərin və sivilizasiyaların yarandığı yer olmaqla yanaşı, həm də onların kəsişdiyi məkandır. Son illər arxeoloji işlər bu istiqamətdə hansı yeniliklərlə yadda qalıb?
- Qeyd etmək yerinə düşər ki, Cənubi Qafqaz mədəniyyətləri ilə Yaxın Şərq mədəniyyətləri arasındakı əlaqələrin mövcudluğu uzun müddətdir ki, qafqazşünas arxeoloqların diqqətini cəlb edib və Yaxın Şərq mədəniyyətlərinin Cənubi Qafqaza yayılması ilə bağlı fikirlər söyləyiblər. Bu əlaqələrin mövcudluğu indiyədək tək-tək tapıntılarla təmsil olunurdusa, hazırda arxeoloji materialların kompleksi ilə təsdiq edilir. Belə abidələrdən biri Dalma təpə tipli keramika ilə xarakterizə olunan Naxçıvantəpə yaşayış yeridir .
Naxçıvantəpə yaşayış yeri Naxçıvançayın sağ sahilində, dəniz səviyyəsindən 853 m yüksəklikdə yerləşir. Yaşayış yeri Naxçıvançayın açdığı yarğanın üzərində salınıb. Ehtimal ki, çay vaxtilə yaşayış yerinin yaxınlığından keçib, hazırda isə qədim yaşayış yerindən 200 metr aralıdadır. Yaşayış yerinin bir hissəsi əkin sahələrinin altında qalıb. Hazırda yaşayış yerinin salamat qalan hissəsinin sahəsi 2 hektara yaxındır.
-Vəli müəllim, konkret olaraq hansı tapıntılar var?
-Burda biz insanların yaşadığı evlərin qalıqlarını aşkar etdik. Yaşayış yerindən aşkar olunan arxeoloji materialların əksəriyyəti keramika məmulatı və obsidian parçalarından ibarətdir. Əmək alətləri olduqca azdır. Dən daşları tək-tək nümunələrlə təmsil olunur. Çaxmaq daşından az istifadə olunub. Əmək alətləri arasında obsidian alətlər daha çoxluq təşkil edir. Yaşayış yerindən aşkar olunan obsidian alətlər arasında da oraq dişləri olduqca azdır. Ehtimal ki, bu əhalinin məşğuliyyəti ilə bağlı olubdur.
Keramika məmulatı başlıca olaraq e.ə. V minilliyin birinci yarısı üçün xarakterikdir. Keramika məmulatının əsas xüsusiyyəti Dalma təpə tipli boyalı və basma naxışlı keramikanın olmasıdır. Bu tip keramika ilə xarakterizə edilən yaşayış yeri Cənubi Qafqazda ilk dəfədir ki aşkar olunur. Naxçıvantəpə yaşayış yerinin tədqiqi yalnız Azərbaycanın deyil, bütövlükdə bütün Cənubi Qafqazın Eneolit mədəniyyətinin ardıcıl mərhələlərini öyrənməyə imkan verir.
-Bəs tapılan keramika məmulatları barədə nə deyə bilərsiniz? Onlar hansı tarixi faktlardan xəbər verir?
-Tədqiqatçılar keramika məmulatını yaşayış yerinin stratiqrafiyasına uyğun olaraq iki dövrə bölürlər. Qeyd edirlər ki, hər iki təbəqənin keramika məmulatı hazırlanma texnologiyası və naxışlanmasına görə bənzərdir. Onlar gil laylarını bir-birinin üzərinə yapışdırmaq və bir-birinin üzərinə qoymaqla, yəni lent üsulu ilə hazırlanıbdır. Araşdırmalar göstərir ki, bu bəzi hallarda qabların rəng tonunu dəyişməklə bağlı olub. Bu xüsusilə barmaq basqısı ilə naxışlanmış keramikaya aiddir. Tədqiqatçıların fikrincə, bəzi tədqiqatçılar barmaq basqılı keramikanın etnoqrafik xüsusiyyətlərlə bağlı olmasını ehtimal etməkdə haqlıdır. Lakin bəzən bu üsuldan qabların təmir edilməsi üçün də istifadə olunubdu. Keramika məmulatı başlıca olaraq saman qarışığı olan gildən hazırlanmış və qırmızı rəngin müxtəlif tonlarında bişirilibdir. Rəng tonları sarı və qırmızının müxtəlif tonları ilə təmsil edilir. Az miqdarda boz rəngli qablara təsadüf olunub.
Tədqiqatçılar belə hesab edirlər ki, Dalma təpə mədəniyyətinin yayılma arealı Naxçıvanı da əhatə edib. Daha doğrusu Naxçıvan bu mədəniyyətin formalaşdığı areala daxil olub. Şübhəsiz ki, gələcək araşdırmalar Urmiya hövzəsi və Naxçıvan tayfaları arasındakı əlaqələrin və qarşılıqlı münasibətlərin xarakterini daha aydın şəkildə müəyyən etməyə imkan verəcək. Araşdırmalar həmçinin Dalma təpə mədəniyyətinin yaranması və formalaşması ilə bağlı məsələlərə aydınlıq gətirəcək.
-Vəli müəllim, yalnız Naxçıvantəpə ərazisindəmi qazıntılar aparılıb?
- Xeyir. Bu il qədim Duzdağ ərazisində də arxeoloji qazıntılar uğurla davam etdirilib. Ərazidəki tədqiqatlar zamanı Eneolit, Erkən Tunc, Dəmir dövrü və Orta əsrlərə aid keramika məmulatı, daş çəkiclər aşkar olunub. Qədim mədənlərdən tapılan maddi-mədəniyyət qalıqları xüsusilə daş çəkiclər burada qədim dövrlərdən mədənçiliyin inkişaf etdirildiyini sübut edir. Bir məqamı da qeyd edim ki, Tunc dövründə qədim Naxçıvan tayfalarının iqtisadi, ictimai və mədəni həyat tərzində böyük dəyişikliklər baş verərək iri tayfa ittifaqları yaranıb. Bu tayfaların həyat tərzini səciyyələndirən tarixi mənbələr isə Kür-Araz mədəniyyəti abidələridir. Qafqazda, ümumən Ön Asyada geniş yayılan Kür-Araz mədəniyyətinin də əsas vətəni məhz Naxçıvandır. Kür–Araz mədəniyyəti abidələrinin tarixi e.ə IV minilliyin ortalarına aid edilir. Son illərdə arxeoloqların Şərur rayonu ərazisindəki Ovçulartəpəsi qədim yaşayış yerində aşkar etdikləri maddi-mədəniyyət nümunələri Kür-Araz mədəniyyətinin eradan əvvəl V minilliyin sonu IV minilliyin əvvəllərinə aid, Naxçıvanın isə bu mədəniyyətin vətəni olduğunu təsdiq edir. Tədqiqatçıların fikrincə Orta tunc dövründə Naxçıvanda güclü tayfa ittifaqları formalaşmış, əhalinin sayı artmış, əkinçilik, maldarlıq, sənətkarlıq əsas təsərrüfat sahələri kimi özünü göstərmiş, mübadilə və ticarət əlaqələri genişlənmişdir. Bu baxımdan da Naxçıvan səhərinin mədəniyyəti Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələr şəklində inkişaf edərək təşəkkül tapıb. İqtisadiyyatın və ticarətin inkişafı Naxçıvan ərazisində yeni yaşayış məskənlərinin yaranmasına imkan yaradıb.
-Başqa dövrlərə aid tapıntılar varmı?
- Naxçıvançay və Sirabçay ətrafında yeni aşkar olunan qədim yaşayış yerlərinin tarixini tədqiqatçılar Eneolit dövrünün erkən mərhələsinə aid edirlər. Geniş əraziləri əhatə edən qədim yasayış yerlərindən aşkar olunan maddi-mədəniyyət nümunələrinin bəziləri Neolit dövrünün varlığından da xəbər verir. Bu abidələrin araşdırılması Naxçıvan şəhəri ərazisində insanların məskunlaşması və mədəni əlaqələri ilə bağlı tədqiqatçıların yeni söz demələrinə imkan verir.
Qədim yaşayış yerlərində aparılan tədqiqatların əsas cəhətlərindən biri də onlarda həyatın davamlılığını müəyyən etməkdən ibarətdir. Tədqiqatçıların fikrincə yaşayışın müvəqqəti və ya daimi olmasının müəyyən edilməsində əsas rol insanların təsərrüfat və sənətkarlıq həyatından asılıdır. Bu isə öz növbəsində cəmiyyətin sosial-iqtisadi inkişafının göstəricisidir. Babək rayonu ərazisindəki birinci və ikinci Kültəpə, Ovçulartəpəsi, 1-ci Maxta və başqa yaşayış yerlərində aparılmış tədqiqatlar bölgədə Eneolit dövründən başlayaraq Antik dövrədək olan geniş bir tarixi mərhələdə tikinti və memarlıq xüsusiyyətlərini izləməyə imkan verir. Eyni zamanda əsasən Son Tunc və Erkən Dəmir dövründə geniş yayılmış qalaların memarlıq xüsusiyyətlərinin tədqiqi də arxeoloqların müəyyən nəticələr söyləməsinə imkan verir. Qafqazın etalon abidələrindən hesab edilən 1-ci Kültəpədə aşkar olunan maddi nümunələr və tikinti qalıqları buranın Neolit dövrünə aid olduğunu göstərir. 1-ci Kültənin Eneolit dövrünə aid aşkar olunan dairəvi formalı evləri bir sıra xüsusiyyətlərinə görə Ön Asiya abidələrindən aşkar olunan evlərə bənzər olsa da, qədim Şərqin bəzi əkinçilik mədəniyyətləri, xüsusilə Xələf mədəniyyəti üçün xarakterik olan dairəvi formalı və onlara birləşik artırmalı binalara burada rastlanmayıb.
- Bu dövrlərin abidələrinin tədqiqi bizim o zamankı həyat tərzi, tarixi coğrafiyamızla bağlı nəsə yeni faktlar ortaya çıxarırmı?
-Kültəpə ətrafında yerləşən arxeoloji abidələrin araşdırılması göstərir ki, ölkəmizin qədim sakinləri ətraf mühitlə yaxşı tanış imişlər və ehtimal ki, köçəri həyatı mənimsəmişdilər. Xatunarx yaşayış yerinin tədqiqi zamanı köçmə maldarlığa keçidlə bağlı faktlar aşkar olunsa da, Şorsuda hələlik maldarlıqla bağlı maddi-mədəniyyət nümunələri aşkar olunmayıb. Ehtimal ki, istehsal təsərrüfatının mövcudluğu şəraitində yığıcılıq da təsərrüfatda əsas rol oynayıb. Naxçıvan ərazisinin yabanı taxıl növləri və faydalı qazıntılarla zəngin olması da bunu təsdiq edir. Naxçıvanın Neolit və Eneolit abidələrinin tədqiqi Naxçıvanın tarixi coğrafiyası ilə bağlı maraqlı faktları da ortaya çıxarıb. Yaşayış yerlərindən aşkar olunan arxeoloji materialların bir qismi obsidian əmək alətlərindən ibarətdir. Alətlərin hazırlanmasında şəffaf və qeyri-şəffaf obsidiandan istifadə olunub. Naxçıvanın qədim sakinləri obsidianı Göyçə gölü hövzəsində yerləşən Göyəm, Göyhasar yataqlarından və Naxçıvanın yaxınlığındakı Sünikdən əldə ediblər. Lakin İrəvan yaxınlığında, Ağrı vadisində yerləşən qədim yaşayış yerləri başlıca olaraq Qərbi Azərbaycan-indiki Ermənistanın qərbindəki yataqlardan istifadə ediblər. Göyçə gölü hövzəsindəki yataqlar Naxçıvanda yaşayan tayfaların nəzarətində olub. Naxçıvanın şimalında, Sünikdə yerləşən yataqlardan çıxarılan obsidian Naxçıvan vasitəsilə Azərbaycanın Arazdan cənubda yerləşən bölgələrinə yayılıb. Araşdırmalar göstərir ki, Urmiya hövzəsinin yaşayış yerlərində və Mərənd Kültəpəsində başlıca olaraq Sünik obsidianı istifadə edilib. Sünik obsidianından istifadə göstərilən abidələrdə 90 faiz təşkil edir. Ehtimal ki, Şorsu çayı boyunca yerləşən çoxsaylı Eneolit abidələri ölkəmizin qədim sakinlərinin xammal mənbələrinə doğru irəlilədiyi yolu göstərir. Araşdırmalara əsaslanaraq demək olar ki, Naxçıvanın qədim tarixi coğrafiyası Göyçə hövzəsi daxil olmaqla Qərbi Azərbaycanın böyük bir qismini və Arazdan cənubdakı əraziləri əhatə edib. Tarixi inkişafın sonrakı dövründə, xüsusilə e.ə. I minillikdə Naxçıvan əhalisinin Göyçə ətrafında yaşayan tayfalarla vahid ittifaq halında birləşməsi də bunu təsdiq edir.
Tarixin şahidi, həm də iştirakçısı olan bu qədim yaşayış yerləri, qayaüstü rəsmlər, Naxçıvan tarixi ilə tapılan yeni faktlar tədqiatçıların qaya təsvirlərini yaradan tayfalar haqqında yeni fikirlər deməsinə imkan verir. Ümumiyyətlə, Naxçıvanın arxeoloji abidələri daş dövründən başlayaraq yurdumuzun qədim tarixini öyrənmək üçün olduqca mühüm əhəmiyyəti olan mənbələrdir. Qədim yaşayış yerlərindən aşkar olunan maddi-mədəniyyət abidələrinin araşdırılması göstərir ki, xalqımız qədim dövrlərdən bu ərazilərdə məskunlaşan ulu əcdadlarımızın varisləridir.
-Müsahibə üçün çox sağ olun.
Vaqif Ağalarov
Naxcıvan Televizyasının baş redaktoru