Arpaçay Su Anbarı və Şərur şəhər Sutəmizləyici Qurğular Kompleksində monitorinq aparılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı su anbarından nümunələr götürülüb, yeni, daha müasir Almaniya istehsalı olan fotofleks aparatı vasitəsilə ilkin analizlər aparılıb. Yerində aparılan analizlərə görə suyun tərkibinin ekoloji tələblərə cavab verməsi müəyyən edilib. Digər kimyəvi analizlərin isə nazirliyin laboratoriyasında aparılması nəzərdə tutulub.
Həmin gün Şərur rayon Gigiyena və Epidemiologiya şöbəsinin əməkdaşları da təlimata uyğun olaraq əhəngli-xlorlu məhlul vasitəsilə dərmanlama və dezinfeksiya işləri aparıblar. İlkin olaraq Arpaçay su anbarındakı nizamlayıcı qurğuların və kompleksi su ilə təmin edən boruların ətrafları dərmanlanıb. Daha sonra Şərur şəhər Sutəmizləyici Qurğular Kompleksinin ərazisi dezinfeksiya edilib. Həyata keçirilən monitorinqlər və dezinfeksiya tədbirləri ətraf mühitin təmizliyinə və insanların sağlamlığının qorunmasına xidmət edir.
Qeyd edək ki, 150 milyon kubmetr tutumu olan Arpaçay Su Anbarı muxtar respublikamızın təbiətini və ekologiyasını gözəlləşdirməklə bərabər, həm də kənd təsərrüfatının inkişafında, eləcə də iqtisadiyyatımızın yüksədilməsində öz payını verir. Təsərrüfat əhəmiyyətli anbarın suyunun ekoloji baxımdan təmiz olması da mühüm əhəmiyyət kəsb edir.
Məhəmməd Fərəcov