NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Duz muzeyinə ekskursiyası təşkil edilib. Ekskursiya zamanı muzeydə nümayiş olunan qədim daş alətlər-çəkic, həvəngdəstə, çapacaq, daş baltalar, saxsıdan, gildən hazırlanmış duz qabları, duz torbaları və digər eksponatlar qədər duz üzərində yazılmış atalar sözləri də onların diqqətini çəkib. Bu eksponatlarla ətraflı tanış olan gənclər muzeydən zəngin təəssüratlarla ayrılıblar.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən yaradılan, Naxçıvanda ilkin şəhərsalma və istehsal mədəniyyətinin formalaşmasından xəbər verən Duz muzeyinin eksponatları 5-7 min il bundan əvvəl regionda ilk dəfə duzun çıxarılması və nəticədə Naxçıvan şəhərinin formalaşmasını gözlər önünə sərən dəyərli nümunələrdir.
Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu bütün dünyaya çatdırmaq məqsədilə yaradılan muzeyə duzmuzeyi.nakhchivan.az saytına daxil olaraq da virtual səyahət etmək mümkündür.
Xuraman Rəhimova