Bu mövzuda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə Kəngərli rayon Yurdçu kəndində seminar keçirilib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bələdiyyə sədrləri və qulluqçularının iştirakı ilə keçirilən seminarda yerli vergilər və ödənişlərlə bağlı qanunvericiliyin tələbləri, bu sahədə bələdiyyələrin vəzifələri barədə məlumat verilib. Bildirilib ki, bələdiyyə maliyyəsinin əsasını təşkil edən yerli büdcə əsasən yerli vergilər hesabına formalaşır. Bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində yaxından iştirak etməklə vergi qanunvericiliyi ilə müəyyən edilən vəzifələri də yerinə yetirməlidirlər. Yerli vergi və ödənişlərin ödəyiciləri vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyırlar.
Dövlət Vergi Xidmətinin əməkdaşı Fərid Əliyev Bələdiyyələrə ödənilən vergi və ödənişlərin ödənilməsi qaydaları və məsuliyyət haqqında məlumat verərək diqqətə çatdırıb ki, yerli vergi və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında yerli büdcəyə ödənilməsinə nəzarət tədbirləri qanunvericiliklə tənzimlənir. Yerli vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, hesablanmış faizlərin məcburi qaydada alınması və maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr müəyyən olunmuş qaydada məhkəmələrə müraciət edə bilərlər.
Vurğulanıb ki, yerli büdcənin başlıca məqsədi vergi və ödənişlər üzrə gəlirlərin cəlb edilməsi və büdcə vəsaitinin səmərəli istifadəsini təmin etməkdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara Ədliyyə Nazirliyi tərəfindən hazırlanan “Əmlak və torpaq vergisinin hesablanması və ödənilməsinə dair” metodiki vəsait təqdim edilib.