Anadangəlmə inkişaf qüsurları necə yaranır və onların qarşısını almaq olarmı?

A- A A+

Anadangəlmə inkişaf qüsurları bətndaxili inkişaf dövründə, müxtəlif səbəblərdən, rüşeymin üzv və toxumalarının qeyri-normal quruluş alması və funksiyasının pozulması nəticəsində əmələ gəlir.

Daxili üzvlərin inkişaf qüsurları gözlə görünmür. Bu qüsurlar müxtəlif diaqnostik üsullarla aşkar edilir. Xarici üzvlərin inkişaf qüsurları eybəcərlik də adlanır. Müəyyən edilib ki, yenidoğulmuşların 3-5%-də bu və ya digər formada inkişaf qüsurları aşkar edilir.

İnkişaf qüsurlarının yaranma səbəbləri, formalaşması mexanizmi, aşkar edilməsi yolları və profilaktikası ilə məşğul olan elmə teratologiya, embrional dövrdə dölün inkişafına təsir edən faktorlara teratogen faktorlar, bu faktorların təsirindən inkişaf qüsurlarının yaranmasına teratogenez deyilir. Bu elmin vacib bölmələrindən biri tibbi teratologiyadır ki, bunun da vəzifəsi insanlarda inkişaf qüsurlarının səbəblərini və klinik təzahürlərini aşkar etmək, bu xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası yollarını müəyyənləşdirməkdən ibarətdir.

Tibbi teratologiya o qədər də qədim elm deyildir. 1950-ci illərə qədər teratogenez haqqında heç bir elmi məlumat yox idi və anadangəlmə inkişaf qüsurlarının əksəriyyətinin genetik mənşəli olduğu qəbul edilirdi.

Sonradan məlum oldu ki, teratogen faktorlar daxili və xarici olmaqla iki qrupa bölünürlər. Embrional inkişafın 18-60-cı sutkalarında döl teratogen faktorların təsirinə qarşı çox həssas olur və bu dövrdə kobud inkişaf qüsurları yaranıb formalaşa bilir. Daxili teratogen faktorlara genetik amilləri misal göstərmək olar. Bu ən çox yaxın qohumlar arasında nikahdan sonra yaranan uşaqlarda baş verir və valideynlərin qohumluq dərəcəsindən, atada və ya anada irsi xəstəliyin olmasından, həmçinin xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Belə ki, bu şəxslərdə inkişaf qüsurları digər şəxslərdən 4-5 dəfə artıq olur. 2003-cü ildə Ceyms D. Uotsonun rəhbərliyi ilə İnsanın genetik layihəsi (The Human Genome Project) Beynəlxalq elmi-tədqiqat proqramı başa çatdırılaraq insanın DNT quruluşu tamamilə öyrənildi. Beləliklə, insan orqanizmini tamamilə kodlaşdıran 25 min gen aşkar edilərək orqanizmin elmə məlum olmayan çoxsaylı morfoloji və fizioloji xüsusiyyətlərinə, xüsusən də irsi xəstəliklərin yaranma mexanizminə aydınlıq gətirildi.

Xarici faktorlara  infeksion, metabolik pozğunluqlar və zərərli vərdiş mənşəli teratogen faktorlar və kimyəvi terotogen faktorlar  aiddir.  İnfeksion mənşəli teratogen faktorlar zamanı cift baryerini keçə bilən infeksiyalar dölün bətndaxili yoluxmasına və ağır inkişaf qüsurlarının əmələ gəlməsinə səbəb olur. “Cift baryeri” ananın qanından dölün qanına bir çox zərərli və zəhərli toksik maddələrin keçməsinin qarşısını alır. İnfeksion mənşəli teratogen faktorlara ananın keçirdiyi xəstəliklər, xüsusən virus xəstəlikləri, qripi, su çiçəyi, qızılca, məxmərək, virus hepatitləri, QİÇS, polimielit, skarlatina, difteriya, stafilokok və streptokok infeksiyaları, qarın yatalağı və səpkili yatalaq törədiciləri, toksoplazmoz, xlamidioz, epidemik parotit virusunun törətdiyi infeksiyaları və s. aiddir. Hamiləliyin 12-ci həftəsinə qədər keçirilmiş qrip 20%-ə qədər, məxmərək isə 70% hallarda dölün normal inkişafının pozulması ilə nəticələnir. Hamiləlik dövründə immunitet zəiflədiyindən tərkibi canlı mikroorqanizmlərdən ibarət olan vaksinlərdən istifadə etmək olmaz.

Metabolik pozğunluqlar və zərərli vərdiş mənşəli teratogen faktorlara rezus uyğunsuzluq, toksiki zob, şəkərli diabet, uzunmüddətli hipertermiya, tam dəyərli qidalanmama, keyfiyyətsiz qida maddələrinin qəbulu, xroniki aclıq və hipovitaminoz, çirklənmiş içməli suyun qəbulu, əvəzolunmayan aminturşuların, fol turşusunun, bir sıra mikroelementlərin və hormonların çatmamazlığı, həddən artıq kofe və tünd çayın qəbulu, alkoqolizm, siqaret çəkmək, narkomaniya, toksomaniya daxildir.

Kimyəvi teratogen faktorlar dərman maddələri kimi istifadə olunan və teratogen təsirə malik olan kimyəvi maddələrdir. Müəyyən edilib ki, hamiləlik dövründə hər bir qadın 3-4 adda hansısa dərman maddəsindən istifadə edir. Dərman maddələrindən sedativ - psixotrop preparatları, metatreksatı, androgenləri, fenobarbitalı, rezerpini, metotreksatı, xinini, vinkristini, kaptoprili, varfarini, yodidləri, antibiotiklərin bir çoxunu (tetrasiklini, streptomitsin və s.), metranidazolu, məxmərək əleyhinə peyvəndi, aspirini, indometasini, brufeni, ibuprofeni, prednizalonu, ftorokortu, tərkibində yod, qurğuşun, civə olan kimyəvi dərman preparatlarını, döllənmə əleyhinə olan kimyəvi preparatları, epilepsiya əleyhinə olan maddələri və s. göstərmək olar.

Hamiləlik dövründə dərman təyini zamanı təyin olunan dərman maddəsinin potensial effekti və potensial zərəri dəyərləndirilməlidir. Belə ki, hamiləliyin birinci trimestrində dərman maddələrindən istifadə etməməyə çalışmaq lazımdır, dərman maddələrini kombinasiya olunmuş formada təyin etməmək, dərman maddələrindən yerli olaraq istifadəyə üstünlük verilməlidir. Hamilə qadınların, həkim məsləhəti olmadan, özünümüalicəsi yolverilməzdir, dərman müalicəsi dövründə ananın və dölün vəziyyəti həkim nəzarəti altında olmalıdır.

Məişətdə istifadə olunan teratogen təsirli kimyəvi maddələr tərkibində xlor olan müxtəlif yuyucu, ağardıcı, həlledici və təmizləyici maye və tozlardır.

Sənayedə və kənd təsərrüfatında istifadə olunan teratogen təsirli kimyəvi maddələr çirklənmiş ətraf mühitdən toz, tüstü, qaz, duman, buxar və maye şəklində orqanizmə daxil ola bilər. Sənayedə istifadə olunan kimyəvi maddələrə partlayıcı və aktiv korroziya yaradıcı xassələrə malik olan turşu və qələviləri, kükürdü, azotu, flor və onun birləşmələrini, benzini, formaldehidi, benzol və skibdar kimi həllediciləri, kimyəvi boyaları, texniki rezin məmulatları, xlor, ammonyak və karbon qazı kimi qıcıqlandırıcı, propan və metan kimi boğucu, xloroform, metanol və butanol kimi sakitləşdirici qazları, həmçinin azbest, xrom, civə, qurğuşun, koks sobalarının tullantıları, neftayırma sənayesinin və yanacaq-yağlayıcı materialların natamam yanma məhsullarını və digər sənaye tullantılarını, kənd təsərrüfatında istifadə olunan teratogen təsirli kimyəvi maddələrə pestisitləri, inseкtisitləri, herbisidləri, mineral gübrələri, fiziki teratogen faktorlara atom elekrtik stansiyalarında olan partlayış və radioaktiv maddələrin sızıntılarını, nüvə silahlarının sınaqlarını, radioaktiv maddələrin atıqları olan zibilxanaları, istehsalatda baş verən partlayış və qəzaları, ionlaşdırıcı radiasiyanı, radioaktiv çöküntülərin təsirini, rentgenoloji müayinələri, qaynaq işlərini, radioaktiv yodla müalicəni, şüa terapiyasını, radiolokasion stansiyaların təsirini, uzun müddət yaxın məsafədən televizor, kompüter və mikrodalğalı sobalardan istifadə edilməsini, vibrasiyanı, isti və soyuq vurmanı misal göstərmək olar.

Mexaniki teratogen faktorlara hamilə qadınların mexaniki travmaya məruz qalması, bədənin uzun müddət məcburi vəziyyətdə qalması, uşaqlığın düzgün olmayan anatomik quruluşa malik olması (uşaqlıqda çapığın olması, uşaqlıqdaxili fibromiomanın və ya polipin olması), uşaqlığın anamaliyaları, dölyanı mayenin çoxluğunu və ya azlığını, hamilə qadının geyim tərzini (həddindən artıq dar paltar geymək, korsetlərdən istifadə etmək) səs dalğalarının təsiri aiddir.

Psixi teratogen faktorlar isə hamiləlik dövründə qadınların keçirdiyi stres və sarsıntılar, yuxusuzluqdur.

İnkişaf edən orqanizmə teratogen faktorların daxil olmasının iki mümkün yolu vardır. Bunlardan birincisi düz yolla daxil olmadır ki, bu halda teratogen faktorların dölə təsiri ana orqanizmi vasitəsilə deyil, bilavasitə baş verir. Bu qrupa ionlaşdırıcı radiasiya, mikrodalğalar, ultrasəs və s. aiddir ki, bunların təsirləri ana orqanizmindən keçərkən keyfiyyətcə dəyişilmədən, yalnız cüzi dərəcədə intensivliyi dəyişə bilər. Belə ki, bu halda ana orqanizminin genetik, biokimyəvi, fizioloji, immunoloji və s. xüsusiyyətləri heç bir əhəmiyyət kəsb etmir və baş verən dəyişikliklər yalnız teratogen faktorun xarakterindən və rüşeymin inkişaf mərhələsindən asılı olur.

Teratogen faktorların oqranizmə təsirinin ikinci yolu qeyri-düz, yaxud dolayı yolla olan təsirdir. Bu, mexaniki, fiziki və kimyəvi teratogen faktorların, ana orqanizminin öz daxili mühitini daim stabil saxlama mexanizmi tərəfindən kompensasiyaedici təsirinə məruz qaldıqdan sonra, rüşeymə təsir göstərməsidir.

Ona görə də, anadangəlmə inkişaf qüsurlarına səbəb olan risk faktorları olduqda, qüsurlu inkişafın profilaktikası üçün göstərişlər yaranır. Bu profilaktika tədbirləri qaydasında və ardıcıllıqla aparılmalıdır.

Hamiləlik planlaşdırılmış qaydada olmalı, hamiləlik planlaşdıran valideynlər həkim-genetikin, ginekoloqun, uroloqun və lazım gəldikdə digər mütəxəssislərin qəbulunda olub onların məsləhəti ilə müəyyən müayinələrdən keçməli, ailənin komplektləşdirilməsi cavan yaşlarda başa çatdırılmalıdır. İnkişaf qüsurlarının profilaktikası üçün hamiləlik başlanmamışdan bir neçə ay əvvəl və hamiləlik dövründə fol turşusu qəbul edilməli, 1-ci tip şəkərli diabeti olan qadınlarda şəkərin miqdarı nəzarətdə saxlanmalı, hamilə qadın keyfiyyətli və müxtəlif çeşidli qidalarla, xüsusən meyvə və tərəvəzlə qidalanmalı, kəskin ehtiyac olmadıqda dərman maddələrindən istifadə etməməlidir. Belə hallarda spirtli içkilər istifadə etmək, siqaret çəkmək və siqaret çəkilən yerdə durmaq olmaz.

                                         Tibb elmləri doktoru İsa Abdullayev,

                               Tibb üzrə fəlsəfə doktoru Sabir  Novruzov

                               Naxçıvan Dölət Universitetinin Tibb Fakültəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: