Martın 10-u axşam saatlarından başlayaraq yağıntılı hava şəraiti müşahidə olunur. Muxtar respublikanın rayonlarının dağlıq və dağətəyi kəndlərinə, o cümlədən paytaxt Naxçıvan şəhərinə qar və digər rayonlara isə intensiv yağış yağıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ən çox qar Ordubad rayonunun Nürgüt kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 40 santimetrə çatır. Qarın qalınlığının Şahbuz rayonunun Kükü kəndində 37 santimetr, Biçənək kəndində 29 santimetr, Culfa rayonunun Ərəfsə kəndində 4 santimetr və Ordubad rayonunun Ağdərə qəsəbəsində isə 24 santimetrə qədər olduğu bildirilir.