Ay ömrümə yağan qar
Ay ömrümə yağan qar,
Quru şaxta, ayaz qar,
Hər dənəsi bir sevgi,
Ürəyi bəmbəyaz qar,
Donub düşür səmadan,
Asta-asta, aram qar,
Örtür yer üzündəki
məlalın, dərdin üstün...
Başdaşımda əriyən,
Sinəm üstə yaram qar.
Salamıdır o göylərin yerlərə,
Dalğa olub qalxır Kürə, Xəzərə,
Batabatda var möhtəşəm mənzərə,
Əzəmət, qürür, vüqar:
Əlincə, Haçadağ qar...
Buz olub hər kirpikdə,
görüşə tələsən qar,
Bəzən bir gül tək xoşbəxt,
bəzən tez-tez küsən qar:
sona, sünbül, süsən qar,
Səhərə kimi yağıb,
arada bir kəsən qar.
Kiminin uşaqlığın, kiminin gəncliyini,
Min xatirə boyunda,
iki cavan toyunda
yaradıb yaşadan qar,
Zəngilan, Şuşadan qar...
Yağ, dayanma, yağ görək,
Boran görək, qar görək,
Arada imkan yarat, qoy yaz gəlsin:
yaz görək.
...Sabah yenə günəş çıxar,
buz əriyər, qar itər,
Bir küçənin tinində,
bir maşının önündə,
Özü nazik geyinmiş,
teli yana əyilmiş,
Gül ətirli yar bitər...
Sahil Tahirli