Daxili turizmin inkişafı mövzusunda tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Turizm Departamentində muxtar respublikada fəaliyyət göstərən turizm sektoru nümayəndələri və turizm könüllülərinin iştirakı ilə yığıncaq keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov diyarımızın turizm potensialı haqqında ətraflı məlumat verərək bildirib ki, Naxçıvan Muxtar Respublikasının yerləşdiyi geosiyasi mövqe, rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, tarixi-mədəniyyət abidələri, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə son illər qədim diyarın mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına müsbət təsir edib, ən ucqar dağ kəndlərinə belə rahat asfalt yollar salınıb, qaz və su xətləri çəkilib, müasir infrastruktur obyektləri tikilib, fasiləsiz elektrik enerjisi, sürətli internet şəbəkəsi təmin edilib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında yerləşdirmə obyektlərinə olan tələbatı ödəmək məqsədilə müasir tipli istirahət mərkəzləri, mehmanxanalar və mehanxana tipli müəssisələr fəaliyyət göstərir. Cari ilin fevralında istifadəyə verilən Ağbulaq Xizək Mərkəzi turistlərin ilin bütün fəsillərində təbiət qoynunda istirahətlərinin təmin edilməsinə şərait yaradır.
Tədbirdə çıxış edən Ağbulaq Xizək Mərkəzinin müdiri Fərid Seyidov deyib ki, Şahbuz rayonunun Ağbulaq kəndi ölkəmizdə kompleks turizm infrastrukturunun tətbiq olunduğu ilk kənddir. Əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülüb, Ali Məclis Sədrinin Sərəncamı ilə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılıb. Bu il fevralın 17-də Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib. Qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq Mərkəz diqqəti cəlb edib, bir sıra yerli və xarici kütləvi informasiya vasitələrində Ağbulaqla bağlı məlumatlar verilib.
Dünyada məşhur xizək mərkəzlərinin adlarının öz əksini tapdığı snow-forecast.com saytında artıq Ağbulaq Xizək Mərkəzinin də adı qeyd olunub.
“Naxçıvan Travel” MMC-nin müdiri Natiq Paşayev deyib ki, Naxçıvan Muxtar Respublikasının turizm potensialı, coğrafi mövqeyi, zəngin təbiəti və tarixi-mədəni irsi, son illərdə isə yerlərdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, mehmanxanaların inşası, yol-nəqliyyat və digər müasir infrastrukturların yaradılması xarici turistlərin muxtar respubikaya marağını daha da artırıb. Ağulaq Xizək Mərkəzi, Saat Meydanı, digər kafe və restoranlar daxili turizmin inkişafına öz töhfəsini verməkdədir.
Tədbirdə mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, muxtar respublikanın turizm potensialını əks etdirən videoçarx nümayiş etdirilib.
Sonda tədbir iştirakçılarına müxtəlif istiqamətlər üçün hazırlanan turizm marşrutlarının, Naxçıvan Muxtar Respublikasının və Naxçıvan şəhərinin turist xəritələrindən ibarət bukletlər təqdim olunub.